Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



İNSTİTUTUN ELMİ ŞURASININ İCLASI KEÇİRİLDİ

  15.05.2019

2019-cu il 15 may tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İnstitutun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova iclası açaraq Şura üzvlərindən təqdim edilmiş iclasın gündəliyinə münasibət bildirməyi təklif etdi. İclasın gündəliyinə dəyişiliklər barədə təkliflər olmadığından Elmi Şura iclasının birinci məsələsinin müzakirəsinə başlanıldı.
Elmi Şura gündəliyinin birinci məsələsi — AMEA-nın Humanitar və İctimai Elmlər bölməsi Tarix üzrə problem Şurasından sonra dissertant Aygün Rafiq qızı Qədirovanın tarix üzrə fəlsəfə doktoru dissertasiyasının redaktə edilən mövzusunun təsdiqi barədə idi. Birinci məsələ üzrə çıxış edən professor Maisə Rəhimova bildirdi ki, dissertant A.Qədirovanın tarix üzrə fəlsəfə doktoru dissertasiyasının mövzusu “XIX – XX əsrin əvvəllərində Mingəçevir və ətraf bölgələrin maddi mədəniyyəti” idi. AMEA-nın Humanitar və İctimai Elmlər bölməsi Tarix üzrə problem Şurasında dissertasiyanın adı redaktə edilərək “XIX – XX əsrin əvvəllərində Şimali Azərbaycanın Mingəçevir və ətraf bölgələrin maddi mədəniyyəti (etnoqrafik tədqiqat)” adı ilə təsdiq olundu. Professor M.Rəhimova təklif etdi ki, AMEA-nın Humanitar və İctimai Elmlər bölməsi Tarix üzrə problem Şurasının qərarı ilə bağlı məsələ üzrə fikirlər irəli sürülsün. Fikir və təkliflər olmadığından məsələ səsverməyə təqdim edildi. Elmi Şura üzvlərinin yekdil qərarı ilə A.Qədirovanın tarix üzrə fəlsəfə doktoru dissertasiyasının mövzusunun AMEA-nın Humanitar və İctimai Elmlər bölməsi Tarix üzrə problem Şurası tərəfindən redaktə edilmiş “XIX – XX əsrin əvvəllərində Şimali Azərbaycanın Mingəçevir və ətraf bölgələrin maddi mədəniyyəti (etnoqrafik tədqiqat)” adlı mövzusu təsdiq edildi.
Elmi Şura gündəliyinin ikinci məsələsi — t.ü.e.d. elmi dərəcəsi almaq üçün doktorant Şəhla İntiqam qızı Məmmədovanın təsdiq olunmuş mövzusunun adında qismən dəyişiklik barədə idi. İkinci məsələ üzrə çıxış edən professor Maisə Rəhimova iclas iştirakçılarının nəzərinə çatdırdı ki, doktorant Ş.Məmmədovanın t.ü.e.d. elmi dərəcəsi almaq üçün təsdiq edilmiş elmi işinin adı “Azərbaycanda antik dövr toxuculuq sənəti” olmuşdur. İnstitutun “Arxeoloji xidmət” şöbəsinin 02.05.2019-cu il tarixli iclasında (2 saylı protokol) mövzunun adında qismən dəyişiklik edilərək “Azərbaycanda antik və ilk orta əsrlər dövrü toxuculuq sənəti” adlandırılması barədə qərar qəbul edilib. Professor M.Rəhimova təklif etdi ki, İnstitutun “Arxeoloji xidmət” şöbəsinin qeyd olunmuş iclasının qərarı ilə bağlı məsələ üzrə fikirlər irəli sürülsün. Fikir və təkliflər olmadığından məsələ səsverməyə təqdim edildi. Elmi Şura üzvlərinin yekdil qərarı ilə doktorant Ş.Məmmədovanın tarix üzrə fəlsəfə doktoru dissertasiyasının mövzusunun adında qismən dəyişiklik edildi və mövzu “Azərbaycanda antik və ilk orta əsrlər dövrü toxuculuq sənəti” adlandırıldı.
Elmi Şura gündəliyinin üçüncü məsələsi — hazır işlərin çap üçün müzakirəsi idi. Müzakirəyə tarix üzrə elmlər doktoru Tarix Dostiyevin “Orta əsr Şəmkir şəhərinin sferokonus qabları” adlı elmi məqaləsi çıxarıldı. Professor M.Rəhimova məqalə barədə ətraflı məlumat verdikdən sonra məsələ barədə fikir və təkliflərin irəli sürülməsini təklif etdi. Fikir və təkliflər olmadığından məsələ səsverməyə təqdim edildi. Səsvermənin nəticəsinə görə, tarix üzrə elmlər doktoru Tarix Dostiyevin “Orta əsr Şəmkir şəhərinin sferokonus qabları” adlı elmi məqaləsi yekdil qərarla çapa məsləhət bilindi.
Elmi Şura gündəliyinin dördüncü məsələsi — t.ü.f.d. Mikayıl Mustafayevin 2017-2019-cu illərdə İmişlidə aparılan arxeoloji tədqiqatların yekunlarına aid təqdimatı idi. Mikayıl Mustafayev “2017-2018-2019-cu illərdə İmişli rayonunun Zilitəpə-Qızıltəpə abidəsində aparılmış arxeoloji qazıntılar” mövzusunda çıxış etdi. Vizual-elektron görüntülərlə müşayət olunan məruzəsində M.Mustafayev bildirdi ki, 2017-ci ildə İmişli rayonun Qızılkənd kəndi ərazisində e.ə. I minilliyin sonlarına aid 9 ədəd Makedoniyalı İskəndərin gümüş draxmalarının tapılması ilə əlaqədar t.ü.f.d. Akif Quliyevlə birgə əraziyə ezam olunmuşdu. İlkin kəşfiyyat xarakterli tədqiqatlar ərzində ərazidə antik dövrə aid nekropol, tunc dövrünə aidiyyatı ehtimal edilən kurqanlar, həmçinin, su hövzəsilə əhatə olunmuş Qızıltəpə abidəsi aşkar edilərək qeydiyyata alınmışdı. 2018-ci ildə və 2019-cu ilin mart-aprel aylarında M.Mustafayevin rəhbərlik etdiyi İmişli arxeoloji ekspedisiyası tərəfindən Qızıltəpə abidəsində arxeoloji qazıntılar aparıldı. Məruzədə qazıntıların metodu da tədbir iştirakçılarının diqqətinə çatdırıldı. M.Mustafayev qazıntılar nəticəsində aşkar edilmiş maddi-mədəniyyət nümunələri, abidənin ilkin qazıntılara görə dövrləşməsi barədə məlumat verdi.
Daha sonra M.Mustafayev iclas iştirakçılarının çoxsaylı suallarını cavablandırdı və mövzu üzrə fikir mübadiləsi aparıldı.
Elmi Şura gündəliyinin beşinci məsələsi — t.ü.f.d. Akif Quliyevin 2017-2019-cu illərdə Ağsu və Şamaxıda aparılan arxeoloji tədqiqatların yekunlarına aid təqdimatı idi. T.ü.f.d. A.Quliyev “Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının 2017-2019-cu illərdə apardığı tədqiqatların yekunu” mövzunda elmi məruzə ilə çıxış etdi. A.Quliyev bildirdi ki, 2016-cı ildə Dəmirçi-Lahıc yolu çəkilərkən aşkara çıxarılmış, sahəsi 1,5 ha. olan Gəgəli nekropolunda, onun başçılıq etdiyi ekpedisiya tərəfindən 10 daş qutu qəbir aşkar edildi. 2017-2019-cu illərdə ekspedisiya Dəmirçi yaşayış yerində tədqiqatlar apararaq, son antik və İlk orta əsrlər dövrünə aid qala divarlarının qalıqlarının aşkara çıxarmışdır.
A.Quliyev tədbir iştirakçılarına 2018-2019-cu illərdə ərazidə aparılmış arxeoloji tədqiqatların metodları və aşkar edilmiş materialların görüntülərini nümayiş etdirmişdir. Həmçinin, 2019-cu ilin mart ayında A.Quliyevin rəhbərlik etdiyi ekspedisiya Şamaxı rayonunun Dəmirçi kəndi yaxınlığında ilk orta əsrlərə aid qala divarlarına malik yaşayış yerində müxtəlif formalı və ölçülü saxsı şirsiz qab fraqmentləri, dəmirdən hazırlanmış ox ucları, nizə başlıqları, qılınc fraqmentləri, tunc şeşpər, möhür-üzüklər, əqiq və pastadan hazırlanmış muncuqlar və s. aşkar edib. Aşkar edilmiş təsərrüfat küplərinin ikisinin üzərində ilk orta əsr türk tayfalarına məxsus damğalar müəyyən edilmişdir.
Daha sonra A.Quliyev iclas iştirakçılarının çoxsaylı suallarını cavablandırdı və mövzu üzrə fikir mübadiləsi aparıldı.
İclasın sonunda Elmi Şura üzvləri cari məsələlərin müzakirəsini keçirdilər.