Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



RUMIN ALİMİ AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA ELMİ SEMİNAR KEÇİRDİ

  03.06.2019

31 may tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Avropa Komissiyasının Horizon 2020 Maria Skladovska Küri Proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihə iştirakçısı, Rumıniya Elmlər Akademiyası Nikolae Yorqa ad. Tarix İnstitutunun əməkdaşı, PhD, arxeoloq Liviu Yanku elmi məruzə ilə çıxış etmişdir. Tədbiri giriş sözü ilə, qeyd edilən layihənin Azərbaycan üzrə Milli Koordinatoru, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Azərbaycanın antik dövr arxeologiyası” şöbəsinin müdiri, t.ü.f.d. Zaur Həsənov açmışdır. Doktor L.Yankunun “Antik dövr ordularında muzdlu döyüşçülər. Yazılı mənbələrdə onlar barədə məlumatlar və arxeologiyada izləri” mövzusunda elmi məruzəsi AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən maraqla dinlənilmişdi.
Elmi məruzəsində rumıniyalı alim arxeoloji kontekstdə antik dövr muzdlu döyüşçülərin təyinin kriteriləri, tarixi mənbələr əsasında muzdlu döyüşçülərin antik dövr dövlətlərinin tarixində oynadığı rolundan söz açmış, həmçinin, qədim dövrdə sivilizasiyalar arasında mədəni nailiyyətlərin mübadiləsində ticarət, müharibələr, dini baxışlar kimi muzdlu döyüşçü faktorunun da əhəmiyyətini vurğulamışdır. Bu kontekstdə, doktor Liviu Yanku Azərbaycanın son tunc-erkən dəmir və antik dövrlərə aid bəzi maddi mədəniyyət nümunələri analogiyalarının həmdövr Anadolu ərazisində aşkar edilməsini muzdlu döyüşçülər faktoru ehtimalı ilə mümkün saymışdır.
Vizual elektron görüntülərlə müşayət olunan elmi məruzədən sonra doktor L.Yanku azərbaycanlı həmkarlarının çoxsaylı suallarını cavablandırmışdır. Elmi seminarda həmçinin, qeyd edilmiş beynəlxalq layihə çərçivəsində Azərbaycanda tədqiqatlar aparan Rumıniya Elmlər Akademiyası Nikolae Yorqa ad. Tarix İnstitutunun əməkdaşı, PhD, sosial antropoloq Antuan Hemerik də iştirak edirdi.

P.S. İngilisdilli Azərbaycan KİV-lərinin nəzərinə! İngilis dilində:
1) Rumıniyalı alimin adı: Liviu Mihail Iancu
2) Rumıniyalı alimin çalışdığı elmi mərkəz: Nicolae Iorga Institute of History Bucharest of The Romanian Academy
3) Elmi məruzəsinin başlığı: “Mercenaries as vectors of cultural transfer from Antiquity to Modern Ages”
4) Digər rumıniyalı alimin adı: Antoine Heemeryck