Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



“AZƏRBAYCANDA ARXEOLOJİ TƏDQİQATLAR: NAİLİYYƏTLƏR VƏ PERSPEKTİVLƏR HAQQINDA” ELMİ MƏRUZƏ DİNLƏNİLDİ

  14.06.2019

14 iyun tarixində AMEA İctimai Elmlər Bölməsi Bürosunun növbəti iclasında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nəcəf Müseyiblinin “Azərbaycanda arxeoloji tədqiqatlar: nailiyyətlər və perspektivlər” mövzusunda məruzəsi dinlənildi.
İclası giriş sözü ilə açan AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova iclas iştirakçılarının diqqətinə çatdırdı ki, tarix elmləri doktoru N.Müseyiblinin Büro iclasına təqdim edilmiş məruzəsi AMEA rəhbərliyi, xüsusilə AMEA prezidenti, akademik Akif Əlizadənin xüsusi diqqətindədir. Belə ki, arxeologiya və etnoqrafiya elminin nailiyyətləri, gələcək tədqiqatların perspektivləri, mövcud problemlərin həllində innovativ təkliflərin təqdimatı daim AMEA rəhbərliyinin diqqət ayırdığı prioritet sahələrdir.
Tarix elmləri doktoru N.Müseyibli məruzəsində son illər ərzində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aparılmış arxeoloji tədqiqatlar əsasında əldə edilmiş nailiyyətlərdən söz açdı. Natiq xüsusi olaraq vurğuladı ki, Azərbaycanın yazıyaqədərki tarixi dövrü, həmçinin, region barədə yazılı məlumatların yetərincə olmadığı antik və ilk orta əsrlər dövrü barədə məlumatlar yalnız arxeoloji tədqiqatlar hesabına əldə edilir. O, bildirdi ki, Azərbaycan ərazisinin məskunlaşması, xalqımızın etnogenezinin ən erkən dövrü barədə yalnız arxeoloji tədqiqatlar zəminində təsəvvür əldə edilə bilər. Əgər XX əsrin ortalarına qədər Azərbaycan tarixi cəmi iki-üç min il zaman çərçivəsində qəbul edilirdisə, məhz arxeoloji tədqiqatlar nəticəsində vətənimizin tarixinin iki milyon ilədək izlənilməsi mümkün oldu. “Son illər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı və dəstəyi nəticəsində Azərbaycan arxeologiyasında istər kəmiyyətcə, istərsə də keyfiyyətcə yeni inkişaf mərhələsi başlamışdır” – deyə N.Müseyibli vurğuladı.
Daha sonra N.Müseyibli son illər ərzində aşkar edilmiş paleolit, neolit, xalkolit, tunc və erkən dəmir dövrləri, antik və ilk orta əsrlər, həmçinin, klassik orta əsrlər dövrü arxeologiyası üzrə çox saylı abidələr, aparılmış tədqiqatların yekunlarının elmi təhlili nəticəsində bölgə və dünya arxeologiyası üçün fövqələhəmiyyəli elmi yeniliklər barədə məlumat vermişdir.
Məruzədə həmçinin, son tədqiqatlar zəminində milli arxeologiya elminin qarşısında açılmış yeni tədqiqat üfüqləri və tədqiqatların gələcək perspektivləri mövzusuna toxunulmuşdur. Natiq qeyd etmişdir ki, müasir dünya elminin standartları arxeologiya elminin artıq digər elmlərin qovşağında olan multidissiplinar bir sahəyə transformasiyasını tələb edir. N.Müseyibli qeyd etdi ki, hazırda geoarxeoloji, paleobotanik, arxeozooloji, paleoantropoloji, radiokarbon və s. multidissiplinar araşdırmaları genişləndirmədən arxeologiya elminin gələcək inkişafını təsəvvür etmək çətindir.
Daha sonra məruzəçi iclas iştirakçılarının çoxsaylı suallarını cavablandırdı.
Qeyd edək ki, AMEA İctimai Elmlər Bölməsi Bürosunun iclasında AMEA İctimai Elmlər Bölməsinin akademik katibinin müavini, akademik Şahin Mustafayev, Milli Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova, AMEA-nın bir sıra institutlarının rəhbərləri və əməkdaşları iştirak edirdilər.