Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



İNSTİTUTUN ELMİ ŞURASININ İCLASI KEÇİRİLDİ

  17.01.2019

Yanvarın 16-da AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Elmi Şurasının növbəti iclası keçirildi. İnstitutun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova iclasın gündəliyinə əlavə və dəyişikliklər barədə təkliflərin irəli sürülməsini xahiş etdi. İclas iştirakçıları tərəfindən iclasın gündəliyi barədə əlavə və dəyişikliklərin olmadı. İclasın gündəliyi aşağıdakı məsələlərdən ibarət oldu:
1) Yeni qəbul olunan t.ü.f.d. və t.ü.e.d. doktorantların və dissertantların dissertasiya mövzularının müzakirəsi.
2) Cari məsələ.
Birinci məsələ ilə əlaqədar İnstitutun “Tədris və beynəlxalq əlaqələr” şöbəsinin müdiri, t.ü.f.d. Səfər Aşurov çıxış etdi. O bildirdi ki, Nazirlər Kabinetinin qərarı ilə dekabrın 24-dək İnstitutun doktorantura və dissertanturasına sənədlərin qəbulu keçirildi. Yanvarın 20-dək sənədlərini təqdim etmiş iddiaçıların mövzuları müzakirə edilməlidir. İlk növbədə elmlər doktoru üzrə doktoranturaya 2 yer elan edilib və 2 nəfər də sənədlərini təqdim etmişlər. S.Aşurov ilk iddiaçı t.ü.f.d. Göyüşova Tükəzban Nizami qızının şəxsi anket məlumatları ilə iclas iştirakçılarını tanış etdi. Təklif edilən mövzu: “Son tunc ilk dəmir dövründə Kiçik Qafqazda məskunlaşma sistemi (Gədəbəy və Daşkəsən materialları əsasında)”, elmi məsləhətçi t.ü.f.d., professor Hidayət Cəfərovdur. Mövzu “Eneolit və ilk tunc dövrü arxeologiyası” şöbəsində müzakirə edilib. Məsələ üzrə çıxış edən t.ü.f.d. F.Quliyev, T.Əliyev bildirdilər ki, institutun iki elmi əməkdaşın eyni dövr, lakin müxtəlif bölgələr üzrə məskunlaşma problemi ilə əlaqədar elmlər doktorluğu mövzuları var, bu isə mövzuların adlarında eynilik problemi yarada bilər. Akademik Teymur Bünyadov və professor, t.ü.e.d. Qafar Cəbiyev təklif etdi ki, mövzunun müzakirəsi təxirə salınsın və doktorluq işinin adı dəqiqləşdirilmək üçün şöbəyə qaytarılsın.
S.Aşurov ikinci iddiaçı t.ü.f.d. İsgəndərov Emil Əlisahib oğlunun şəxsi anket məlumatları ilə iclas iştirakçılarını tanış etdi. Təklif edilən “Əhəməni imperiyası dövründə Cənubi Qafqazın maddi və mənəvi mədəniyyəti” adlı mövzu “Azərbaycanın antik dövrü arxeologiyası” şöbəsində müzakirə edilib, elmi məsləhətçi yoxdur. E.İsgəndərov bildirdi ki, məsləhətçi Almaniyadan Münhen Dövlət Antik Külliyyat və Qliptotek Muzeyinin direktoru professor, doktor Florian Knauss olacaq. Məsələ üzrə çıxış edən t.ü.e.d. Q.Cəbiyev mövzunun adının sırf xronoloji baxımdan göstərilməsinin məqsədə uyğun olduğunu bildirdi. Onun təklifini t.ü.f.d. T.Əliyev və P.Qasımov da dəstəklədilər. Həmçinin, t.ü.e.d. Əsədulla Cəfərov məsələ ilə əlaqədar E.İsgəndərova və “Azərbaycanın antik dövrü arxeologiyası” şöbəsinin müdiri Z.Həsənova suallar verdi. T.ü.f.d. E.İsgəndərov və həmçinin, şöbə müdiri t.ü.f.d. Z.Həsənov sualları cavablandırdılar. İnstitutun elmi işlər üzrə direktor müavini t.ü.e.d. N.Müseyibli, t.ü.f.d. F.Quliyev, t.ü.f.d. A.Ələkbərov mövzunun adının dəyişdirilməsinə ehtiyac olmadığını qeyd etdilər. Akademik T.Bünyadov çıxışında bildirdi ki, mövzunun adında xronoloji çərçivənin göstərilməsinin daha mэqsədəuyğun olması fikrini dəstəkləyir. Yekdilliklə belə bir mövqe bildirildi ki, mövzunun adı “Cənubi Qafqazın maddi və mənəvi mədəniyyəti (e.ə. VI əsrin ikinci yarısı — IV əsr)” olsun.
Daha sonra t.ü.f.d. S.Aşurov bildirdi ki, etnoqrafiya və etnologiya istiqamətinə görə, elmlər doktoru adı üzrə doktoranturaya 2 yer elan edilib və 1 nəfər sənədlərini təqdim edib. S.Aşurov iddiaçı, siyasi elmlər üzrə fəlsəfə doktoru Əkbərova Aygün Famil qızının şəxsi anket məlumatları ilə iclas iştirakçılarını tanış etdi. Təklif edilən “Cənubi Qafqazın müasir dövlətlərinin inkişafının etno-siyasi aspektləri” adlı mövzu İnstitutun “Antropoloji mərkəz”ində müzakirə edilib, elmi məsləhətçi antropologiya üzrə elmlər doktoru, professor Əliağa Məmmədli olacaq. “Antropoloji mərkəz”in müdiri professor Ə.Məmmədli mövzunun aktuallığını və indiyədək bu mövzuda elmi tədqiqatların aparılmadığını, iddiaçının ingilis və fransız dillərini sərbəst bildiyini çıxışında qeyd etdi. Daha sonra iddiaçı A.Əkbərova Elmi Şura üzvlərinin suallarını cavablandırdı. Yekdil səslə mövzu təsdiq olundu. T.ü.f.d. S.Aşurov arxeologiya ixtisası üzrə dissertanturaya 3 yerin elan oldunduğunu bildirdi. Tarix elmləri doktoru üzrə dissertanturaya yerlərdən ikisi İnstituta, biri isə AMEA-nın Lənkəran bölməsi üçün ayrıldığını qeyd etdi. Hər üç yerə iddiaçılar öz sənədlərini təqdim etmişlər.
S.Aşurov birinci iddiaçı t.ü.f.d. Kərimov Samir Kərim oğlunun şəxsi anket məlumatları ilə iclas iştirakçılarını tanış etdi. Təklif edilən mövzu: “Atropatenanın maddi mədəniyyəti (Azərbaycan Respublikasının cənub bölgəsinin materialları əsasında)”, elmi məsləhətçi t.ü.e.d., professor Q.Cəbiyevdir. Mövzu AMEA-nın Lənkəran bölməsində müzakirə edilib. T.ü.e.d. Ə.Cəfərov iddiaçıya və elmi məsləhətçiyə tədqiqatın coğrafi arealının konkretləşdirilməsi barədə suallar ünvanladı. Sualları cavablandıran iddiaçı və elmi rəhbər göstərdilər ki, indiyədək işlənməyən bu mövzu üzrə tədqiqatlar əsasən Azərbaycan Respublikasının cənub zonasını, o cümlədən, Naxçıvanı, həmçinin, müasir İran ərazisindəki abidələri coğrafi baxımdan əhatə edəcəkdir. Akademik T.Bünyadov çıxış edərək bildirdi ki, Atropatena arxeologiyası üzrə mövzunun işlənməsi vacibdir və son tədqiqatlar mövzu üçün geniş materiallar bazası yaratmışdır. T.ü.f.d. A.Ələkbərov qeyd etdi ki, oxşar mövzunu elə sovet dövründə mövzu götürmüş Tofiq Əzizov tədqiq etməkdədir. Bu hal isə, bir qədər problem doğura bilər. T.ü.f.d. Q.Cəbiyev bildirdi ki, sözsüz ki, müəyyən problemlərdən sığortalanmaq üçün mövzunun adının “Atropatenanın maddi mədəniyyəti (Azərbaycan Respublikasının ərazisindəki arxeoloji abidələrin materialları əsasında)” olması daha məqsədəuyğun hesab edilməlidir. F.Quliyev, C.Eminli, A.Quliyev, Z.Həsənov və T.Əliyev çıxışlarında Atropatena maddi mədəniyyətinin kriteriləşməsinin, mədəniyyətin yayılma arealının müəyyənləşdirilməsinin olduqca mürəkkəb bir məsələ olduğunu vurğuladılar. Yekdil rəylə “Atropatenanın maddi mədəniyyəti (Azərbaycan Respublikasının ərazisindəki arxeoloji abidələrin materialları əsasında)” adı ilə mövzu təsdiq edildi.
S.Aşurov ikinci iddiaçı t.ü.f.d. Alışov Natiq Əbülfət oğlunun şəxsi anket məlumatları ilə iclas iştirakçılarını tanış etdi. Təklif edilən “Qafqaz Albaniyasında antik - ilk orta əsrlər dövründə mədəni və dini proseslər” adlı mövzu “Azərbaycanın antik dövrü arxeologiyası” şöbəsində müzakirə edilib, elmi məsləhətçi yoxdur. T.ü.e.d. Q.Cəbiyev bildirdi ki, mövzunun adı bir qədər də dəqiqləşməlidir ki, arxeoloji istiqamət aydın görünsün. T.ü.f.d. N.Alışov mövzu üzrə tədqiqatların məqsədindən söz açdı, Qafqaz Albaniyasında yerli və gəlmə dini dünyabaxışların, onların transformasiyasının maddi mədəniyyət nümunələrində əks olunması kimi aktual problemin araşdırılmasının vacibliyindən danışdı. T.ü.e.d. N.Müseyibli təklif etdi ki, arxeoloji istiqaməti qeyd etmək üçün mövzunun adına “arxeoloji materiallar əsasında” ifadəsi artırılsın. T.ü.f.d. A.Ələkbərov təklif etdi ki, mövzunun adında “antik - ilk orta əsrlər ifadəsi” götürülsün, çünki bu tarixi dövlətin xronoloji çərçivələri elə həmin dövrlərə təsadüf edir. Müzakirələr nəticəsində qərara alındı ki, mövzu “Qafqaz Albaniyasında mədəni və dini proseslər (arxeoloji materiallar əsasında)” adlandırılsın.
S.Aşurov üçüncü iddiaçı t.ü.f.d. Mahmudova Hicran Mehman qızının şəxsi anket məlumatları ilə iclas iştirakçılarını tanış etdi. Təklif edilən “E.ə. I minillikdə Avrasiyada baş verən etnik proseslər kontekstində Azərbaycanın mədəni-tarixi inkişafı (arxeoloji materiallar əsasında)” adlı mövzu “Tunc və ilk dəmir” şöbəsində müzakirə edilib, elmi məsləhətçi professor Qüdrət İsmayılzadədir. Mövzu barədə fikirini bildirən t.ü.e.d. Q.Cəbiyev qeyd etdi ki, mövzunun adının arxeoloji tədqiqatlara heç bir aidiyyatı yoxdur. O bildirdi ki, mövzunun arxeologiyaya aidiyyatı olmadığından iddiaçının mövzusu müzakirəyə çıxarılmasın. İddiaçı H.Mahmudova mövzu ilə bağlı Elmi Şura üzvlərnin suallarına cavab verdi. Qərara alındı ki, mövzu bir daha dəqiqləşdirildikdən sonra müzakirəyə çıxarılsın.
S.Aşurov növbəti iddiaçı t.ü.f.d. Zahidova Həqiqət Əhmədağa qızının şəxsi anket məlumatları ilə iclas iştirakçılarını tanış etdi. Təklif edilən “Azərbaycan xalq təbabəti XIX—XX əsrin əvvələrində (tarixi-etnoqrafik tədqiqat)” adlı mövzu “Tarixi etnoqrafiya” şöbəsində müzakirə edilib, elmi məsləhətçi akademik Teymur Bünyadovdur. T.ü.f.d. H.Zahidova mövzu barədə Elmi Şura üzvlərinə ətraflı məlumat verdi. T.ü.f.d. A.Ələkbərov mövzunun adında kiçik düzəliş edilməsi və xronologiyanı əvvələ keçirməyi təklif etdi. Akademik T.Bünyadov mövzunun adında yerdəyişmənin əhəmiyyətli rol oynamadığını bildirdi. Müzakirə zamanı qərara alındı ki, ad olduğu kimi qalsın və mövzu qəbul edilsin.
T.ü.f.d. S.Aşurov arxeologiya ixtisası ilə fəlsəfə doktoru üzrə dissertanturaya 2 yerin elan oldunduğunu və iki iddiaçının da sənədlərinin təqdim edildiyini bildirdi. S.Aşurov birinci iddiaçı Abdullayev Afiq Nəsrəddin oğlunun şəxsi anket məlumatları ilə iclas iştirakçılarını tanış etdi. Təklif edilən mövzu “Azərbaycanın son orta əsrlər dövründə maddi mədəniyyət nümunələri üzərində damğalar və simvollar (XIII—XV əsrlər)” adlanır, elmi rəhbərlər t.ü.e.d. T.Dostiyev və t.ü.f.d. A.Quliyevdir. T.ü.e.d. N.Müseyibli mövzunun adında xronologiyanın məhz belə verilməsi barədə mövzunun elmi rəhbərlərindən biri A.Quliyevə sual verdi. A.Quliyev bildirdi ki, xronologiyanın göstərilməsi məhz, Çingiz xan yürüşlərindən sonra Cəlairilər, Ağqoyunlu, Qaraqoyunlu və digər dövrlərini nəzərdə tutur. T.ü.f.d. Təvəkkül Əliyev bildirdi ki, mövzu aktualdır və işlənilməyib, mövzunun adında yalnız XIII—XV əsrlər göstərilsə yetərilidir. Qərara alındı ki, mövzu “Azərbaycanın XIII—XV əsrlər maddi mədəniyyət nümunələri üzərində damğalar və simvollar” adı ilə qəbul edilsin.
S.Aşurov ikinci iddiaçı Mustafayeva Nəsibə Tofiq qızının şəxsi anket məlumatları ilə iclas iştirakçılarını tanış etdi. Təklif edilən mövzu “Azərbaycanda antik dövr metallurgiya və metalişləmə”, elmi rəhbərlər t.ü.e.d., prof M.N.Rəhimova və t.ü.f.d. B.M.Cəlilovdur. T.ü.f.d. F.Quliyev çıxışında əminliyini bildirdi ki, elmi işdə antik dövr metallarının fiziki və kimyəvi analizləri tamlığı ilə əks olunacaqdır. Mövzu yekdilliklə qəbul edildi.
T.ü.f.d. S.Aşurov etnoqrafiya ixtisası ilə fəlsəfə doktoru üzrə dissertanturaya 2 yerin elan oldunduğunu və iki iddiaçının da sənədlərinin təqdim edildiyini iclas iştirakçılarının nəzərinə çatdırdı. S.Aşurov birinci iddiaçı Tağıyeva Gülnar Rəhman qızının şəxsi anket məlumatları ilə iclas iştirakçılarını tanış etdi. Təklif edilən mövzu “Azərbaycan etnoqrafiyası Məhəmmədhüseyn Şəhriyar yaradıcılığında”, elmi rəhbər t.ü.e.d. İlhamə Məmmədovadır. İddiaçı G.Tağıyeva Elmi Şura üzvlərinin suallarına cavab verdi. Yekdil səslə iddiaçının mövzusu qəbul edildi.
S.Aşurov ikinci iddiaçı Məmmədzadə Qərənfil Murad qızının şəxsi anket məlumatları ilə iclas iştirakçılarını tanış etdi. Təklif edilən “Azərbaycan müasir kənd əhalisinin həyat fəaliyyətində ənənələr və innovasiyalar” adlı mövzu “Antropoloji mərkəz”də müzakirə edilib, elmi rəhbər a.ü.e.d., prof. Ə.Məmmədlidir. Yekdil səslə iddiaçının mövzusu qəbul edildi. Daha sonra Elmi Şura cari məsələləri müzakirə etdi.