Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AZƏRBAYCANLI ALİM YUNANISTANDA ARXEOLOJİ QAZINTILARDA İŞTİRAK ETMİŞDİR

  12.07.2019

Avropa Komissiyasının Horizon 2020 Maria Skladovska Küri Proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsi üzrə Yunanıstanın Saloniki şəhərində Beynəlxalq Ellin Universitetində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Antik dövr arxeologiyası” şöbəsinin müdürü t.ü.f.d. Zaur Həsənov iyunun 3-dən iyulun 3-nə kimi elm mübadiləsi üzrə fəaliyyət çərçivəsində arxeoloji tədqiqatlarda iştirak etmişdi.
Elmi ezamiyyət müddətində Zaur Həsənov Saloniki hava limanının yaxınlığındakı, elmi ədəbiyyatda “Neo Risio – Kardia Trapeza” (beynəlxalq ingilisdilli ədəbiyyatda “Trapeza of Neo Rysio – Kardia”) adlandırılan e.ə. 9-cu – 6-cı əsrlərə aid yaşayış yerində arxeoloji qazıntılarda iştirak edib. Yaşayış yerində aparılan arxeoloji tədqiqatlar Beynəlxalq Ellin Universiteti tərəfindən 2016-ci ildə başlayıb və dünyada tanınmış Onassis Fondu tərəfindən maliyyələşir.
Ekspedisiyanın rəhbəri həmin Universitetin “Makedoniyanın arxeologiyası və qədim tarixi” ingilis dilli magistr proqramının direktoru və Humanitar fakültənin dekanı professor Manolis Manoledakisdir. Qazıntı işlərində Universitetin arxeoloqları və “Makedoniyanın arxeologiyası və qədim tarixi” magistr proqramının müxtəlif ölkələrdən olan tələbələri də iştirak edirdilər. Yaşayış yerinin memarlığını dəqiq qeyd etmək üçün ekspedisiyanın tərkibində memar da çalışırdı.
Yaşayış yeri, hündür ərazidəki trapesiya formalı təpədə lokallaşmışdı. Təpənin böyük bir hissəsi dağıdılmışdı, qalan hissəsi isə, 1,5 hektara yaxın ərazıni əhatə edirdi. Yaşayış yerinin tikilməsində əsas tikinti materialı kimi daşdan istifadə etmişlər. Tədqiq olunmuş ərazinin demək olar ki, hamısında tikililərin divarları dağıdılmış, divar qalıqları otaqların içinə və ya kənarına tökülmüşdü. Yalnız divarların aşağı hissələri toxunulmaz qalmışdı. Daşların ölçüləri düzbucağlı deyildi və onlar müxtəlif ölçülərdə idi. Bununla əlaqədar olaraq, divarları dəqiq müəyyən etmək və onları divar qalıqlarından ayırmaq — tədqiqatçıların əsas vəzifələrindən biri idi.
Arxeoloji qazıntılar eyni zamanda yaşayış yerinin 4 hissəsində aparılırdı. İki qazıntı sahəsi təpənin şimal və iki qazıntı sahəsi cənub hissəsində yerləşib. Əldə olunmuş arxeoloji materiallara əsasən yaşayış yerinin əsas hissəsi e.ə. 9-cu – 6-cı əsrlərə aid edilib. Bu da Yunanıstan arxeologiyasında qəbul edilmiş dövrləşməyə görə, Dəmir dövrünə və Antik dövrün Arxaik dönəminə aiddir.
Təpənin hər bir tərəfindən inanılmaz bir mənzərə açılırıdı. Bir tərəfdən Egey dənizinin Termaykos (Thermaicos) körfəzinə, o biri tərəfdən Hortiatis dağlarına və o biri hissələrindən də Antemountas vadisinə. Professor Manoledakisin fikrincə, abidənin coğrafi lokallaşması belə bir təsəvvür yaradır ki, qədim yaşayış yeri şübhəsiz strateji əhəmiyyət daşımışdı.
Qazıntı zamanı aşkar olunmuş həm əl ilə yapılan, həm də dulus çarxında istehsal olunmuş keramik məmulatın əksəriyyəti yerli emalatxanalarda hazırlanmışdı. Bəzi keramik tapıntılarda həndəsi ornamentlər var idi. İdxal keramika daha az kəmiyyətli idi və əsasən Şərqi Yunanıstan, Attika və Korinf ərazisindən gətirilmişdi.
Arxeoloji tədqiqatlar zamanı “SOS” tipli amforaların və Korinf mənşəli keramikanın fraqmentləri də tapılmışdı. Bundan əlavə, yaşayış yerində daş və metal alətlərin fraqmentləri, toxuculuq dəzgahının ağırlıq daşları (qursalar), iy başlıqları, sümük, balıqqulağı və tuncdan bəzək fraqmentləri də aşkar edildi.
Elmi ezamiyyət müddətində Manolis Manoledakis və Zaur Həsənov AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Antik dövr arxeologiyası” şöbəsi və Beynəlxalq Ellin Universitetinin “Makedoniyanın arxeologiyası və qədim tarixi” ingilis dilli magistr proqramı arasında 2020-2021-ci illlər üçün əməkdaşlıq və magistr tələbələrinin mübadiləsi məsələlərini də müzakirə etmişlər. Horizon 2020 proqramı üzrə Yunanıstanda elmi ezamiyyətdə olan azərbaycanlı alim Beynəlxalq Ellin Universitetinin kitabxanasında da çalışmış və arxeoloji restavrasiya laboratoriyasının işi ilə tanış olmuşdu.