Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



"ANTİK VƏ İLK ORTA ƏSRLƏR QƏBƏLƏ ARXEOLOJİ EKSPEDİSİYASI"NIN SƏLBİR VƏ ANTİK ŞƏHƏR YERİNDƏ APARDIĞI QAZINTILARI

  24.07.2019

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Antik dövr arxeologiyası" şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin rəhbərliyi ilə "Antik və İlk orta əsrlər Qəbələ Arxeoloji Ekspedisiyası" Qəbələnin Səlbir və Antik şəhər yerində arxeoloji qazıntıları uğurla davam etməkdədir.
Qədim Qəbələnin Səlbir yaşayış yerində 400 kv/m dən artıq olan iri tikili kompleksi tədqiq olunmaqdadır. Bu tikili kompleksi hələ 2017-ci ildə eyni adlı ekspedisiya tərəfindən aşkar edilmişdir ki, builki tədqiqatlar zamanı qeyd olunan kompleksə aid bir binanın iki mərtəbəli olması müəyyən edilmişdir. Binanın tikintisində çay daşı və bişmiş kərpiclərdən geniş istifadə olunmuşdur. Binanın alt mərtəbəsinə kərpiclərdən hörülmüş pilləkənlər vasitəsilə düşdükdən sonra dəhlizlər vasitəsilə müxtəlif istiqamətlərdə otaqların varlığı müəyyən edilmişdir. Dəhliz və otaqlar bişmiş kərpiclərlə döşənmiş və üzəriləri süvaq qatı ilə örtülmüşdür. Binanın daxili divarlarının tərtibatında üzəri həndəsi təsvirlərlə bəzədilmiş süvaq örtükləri də aşkar olunmuşdur. Tikili kompleksi içərisinə dəhlizlər, yardımçı otaqlar, dairəvi hovuz, saxsı tünglərdən hazırlanmış su xətti, isitmə qurğuları, təsərrüfat quyusu, təndir daxildir. Qazıntılar nəticəsində binanın dağılmış hissələri içərisində xeyli sayda müxtəlif rəngli şüşələrin tapılması vaxtilə orada şəbəkəli pəncərələrin olduğundan xəbər verir. Tədqiqatlar zamanı xeyli sayda saxsı məmulatı, inşaat detalları, metal əşyalar aşkar edilmişdir. Tikili kompleksi eramızın 12-14-cü əsrləri arası dövrə təsadüf olunur. Daha sonra bu kompleks tərk edilmiş, və zamanla kütləvi dağıntıya məruz qalmışdır. 15-ci əsrdən sonra həmin hissədə kiçik qəbirstanlıq salınmışdır ki, sonrakı dövrə aid bu qəbirlər qaızlarkən binanın bəzi divarları və bünövrə yerlərini daha da dağıtmışdır.
Paralel olaraq Səlbir yaşayış yerində "Azərbaycan-Koreya Beynəlxalq Arxeoloji Ekspedisiyası" da fəaliyyət göstərməkdədir ki, birgə tədqiqatlar Səlbirin mərkəzi hissəsində su anbarı ehtimal edilən çökəklik yerində davam etməkdədir.
2 illik fasildən sonra "Antik və İlk orta əsrlər Qəbələ Arxeoloji Ekspedisiyası" Qəbələnin Antik şəhər yeri ehtimal edilən Çaqqallı sahəsində də tədqiqatları bərpa etmişdir. Uzun illərdi Antik şəhər yerində mərhum arxeoloq, professor İlyas Babayevin rəhbərliyi altında aparılmış genişmiqyaslı qazıntılar nəticəsində aşkar edilmiş dulusçuluq emalatxanası ətrafında qazıntılar davam olunur. E.ə. II əsrə aid olan dulus emalatxanasının ətrafı tədqiqatlara cəlb olunaraq emalatxananın sərhədləri və dulus kürələrinin tədqiqi istiqamətdə işlər aparılmaqdadır.
Ümumilikdə, Ceyhun Eminlinin rəhbərliyi altında fəaliyyət göstərən "Antik və İlk orta əsrlər Qəbələ Arxeoloji Ekspedisiyası"nın əsas istiqaməti Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələdə erkən şəhər mədəniyyətinin formalaşması, urbanizasiya problemi, yaşayış yerlərində mədəni təbəqələr əsasında davamlı həyat tərzinin öyrənilməsidir.
İyul ayının əvvəllərindən başlayan ekspedisiya öz işini avqustun 4-ə kimi davam edəcəkdir.
Arxeoloji çöl-tədqiqat işləri SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının maliyyə dəstəyi ilə həyata keçirilməkdədir.