Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AZƏRBAYCAN-İTALİYA BEYNƏLXALQ ARXEOLOJİ EKSPEDİSİYASI GƏNCƏ VƏ GORANBOYDA KURQANLARI TƏDQİQ EDİR

  21.08.2019

Avqustun 19-dan etibarən Gəncə və Goranboy ərazisində Azərbaycan-İtaliya Beynəlxalq arxeoloji ekspedisiyası tədqiqatlara başlamışdır. Beynəlxalq ekspedisiyanın Azərbaycan tərəfindən həmrəhbəri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilov və İtaliya tərəfindən İtaliyanın Qədim Aralıq Dənizi Hövzəsi və Yaxın Şərq Tədqiqatı Mərkəzinin (CAMNES) Dini tədqiqatlar departamentinin (SoRS/School of Religious Studies) müdiri, Kataniya Universitetinin professoru Nikola Laneridir (Nicola Laneri). Beynəlxalq ekspedisiyanın tərkibinə Türkiyədə, Qazaxıstanda, Suriyada, Kiprdə, İsraildə, Gürcüstanda arxeoloji tədqiqatlar aparmış CAMNES-in mütəxəssisləri — doktor Stefano Valentini, doktor Quido Quarduççi (Guido Guarducci), Ka' Foskari Venesiya Universitetinin keramika mütəxəssisi, doktor Lorenso Kresçioli (Lorenzo Crescioli), restovrator Karen Abend, digər tərəfdən Hacettepe (Ankara) Universiteti, Antropologiya bölümünün professoru, bioarxeoloq Yılmaz Selim Erdal, Fransanın Lion-2 Universitetinin bioantropoloqu, doktor Modvin Polmark (Modwene Poulmarc’h) daxildirlər.
Beynəlxalq ekspedisiya ötən il Gəncə şəhəri ətrafındakı son tunc — erkən dəmir dövrünə və Goranboy rayonu Qaradağlı kəndi ərazisində aşkar edilmiş ilk tunc dövrünə aid kurqanların ilkin tədqiqatını aparmışdır. Bu il hər iki abidədə tədqiqatlar davam etdirilməkdədir.