Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



DƏRBƏNDDƏ AZƏRBAYCANLI MÜTƏXƏSSİSLƏRİN İŞTİRAKI İLƏ ETNOQRAFİK MƏRKƏZ YARADILACAQ

  20.09.2019

Sentyabrın 20-də “Dərbənd şəhəri” şəhər dairəsinin rəhbəri Xizri Abakarov AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xalçaşünaslıq” sektorunun müdiri, tarix elmləri doktoru, professor Vidadi Muradov ilə görüşüb.
Görüşdə Dərbənd şəhərində əl işi olan nadir xalçaların sərgilənəcəyi Etnoqrafiya Mərkəzinin yaradılması ideyası müzakirə olunub. Mərkəzin yaradılması və formalaşdırılmasında, fəaliyyətinin təşkilində Azərbaycan xalçaçılarının, memarlarının, dizaynerlərinin təcrübəsindən istifadə ediləcəkdir.
Vurğulanıb ki, mütəxəsislər tərəfindən Dərbənd şəhəri və onun ətrafında olan yaşayış məntəqələrində XVII əsrin sonu - XX əsrin əvvəllərində toxunmuş nadir qədim xalçalardan ibarət kolleksiya hazırlanıb. Həmin xalçalar hal-hazırda sertifikatlaşma prosesindən keçirilir.
Qeyd edək ki, professor Vidadi Muradovun rəhbərliyi ilə 2015-2016-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyası, Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birlikdə Dərbənd şəhərinin 2000 illiyinə həsr edilmiş “Dərbənd xalçaçılığı” elmi-tədqiqat layihəsi həyata keçirilmişdir. UNESCO-nun Mənəvi ənənələr, mədəni xüsusiyyətlər və Şimali Qafqazda dinlərarası dialoq üzrə komparativ tədqiqatlar Kafedrası tərəfindən dəstəklənmiş layihənin nəticəsi olaraq “Dərbənd xalçaçılığı” (“Дербентское ковроткачество”) monoqrafiyası nəşr edilib. Alim bu istiqamətdə faəliyyətinə görə 2016-cı ildə “Dağıstanın əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif olunub.