Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ORTA ƏSR ŞƏMKİR ŞƏHƏRİNİN KERAMİKASINA HƏSR EDİLMİŞ KİTAB NƏŞR EDİLİB

  03.03.2020

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Orta əsrlər arxeologiyası” şöbəsinin müdiri, Şəmkir arxeoloji ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Tarix Dostiyevin “Orta əsr Şəmkir şəhərinin keramikası (I hissə. Şirsiz saxsı məmulatı)”, Bakı, 2020, “Apostrof-A”, 224 s.) adlı monoqrafiyası nəşr edilib.
Monoqrafiyada 2006-2019-cu illərdə orta əsr Şəmkir şəhər yerində aparılmış arxeoloji qazıntılar nəticəsində əldə olunan şirsiz saxsı məmulatı tədqiqata cəlb olunmuş, şəhər sakinlərinin məişəti ilə sıx bağlı olan bu tapıntılar sistemləşdirilmiş, onların tipoloji təsnifatı aparılmış, istehsal texnologiyası və bədii işlənmə texnikası müəyyənləşdirilmiş, təkamülü izlənilmiş, Şəmkir dulusçuluğunun Arran memarlıq məktəbinin mühüm mərkəzlərindən biri olduğu diqqətə çatdırılmışdır.
Elmi tədiqat əsəri beş fəsildən ibarətdir. Birinci fəsildə anbar və təsərrüfat qabları tədqiqata cəlb edilib. Bu çeşiddən olan qablar içərisində ərzağın və müxtəlif mayelərin saxlanılması üçün küplər xüsusi yeri tutur. Fəsildə küplərin təsnifatı aparılıb. Tədqiqatçı göstərir ki, Arran dulusçuluq məktəbi üçün üzəri qırmızı boya ilə örtülərək şüyrələnmiş, möhürlə salınmış ornamental qurşaqlarla bəzədilmiş küplər xasdır. Kiçik ölçülü küplərə az rast gəlinir və onlar Orta Asiyanın “xumçi” dulus məmulatına uyğundur. Həmçinin, birinci fəsildə süd emalı və saxlanılması ilə bağlı sərnic, nehrə, küpə, təsərrüfat və məişətdə istifadə olunan təknələrdən bəhs edilir.
Monoqrafiyanın ikinci fəsili mətbəx keramikasına həsr edilib. Orta əsr Şəmkir ərazisində arxeoloji qazıntılar zamanı aşkar edilmiş mətbəx keramikası “çölmək”, “güvəc” və s. adlarla adlandırılan saxsı qazan, həmçinin, müxtəlif çeşidli tavalar, saclar, manqallar və qapaqlarla təmsil olunub. Saxsı qazanların tipoloji zənginliyi, dulusçuların onların bədii tərtibatına biganə olmaması diqqəti çəkir.
Əsərin üçüncü fəslində Şəmkir şəhərinin sakinlərinin məişətində istifadə olunmuş , arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş su qabları: səhənglər, şəhrənglər, bardaqlar, matralar və digərləri araşdırılır, onların təsnifatı aparılır, təkamülü izlənilir. Erkən İslam və Səlcuq dövrü səhənglərin, bardaqların səciyyəvi xüsusiyyətləri müəyyənləşdirilir. Müəllif Azərbaycanda qədimdən məlum olan, alban dulusçuluğunda xüsusilə geniş yayılan zoomorf biçimli və ya zoomorf elementli su qablarının orta əsrlərdə də istehsalının davam etdiyini qeyd edir. Bu tip qablar arasında zoo-antropomorf biçimli qab daha çox maraq doğurur.
Kitabın dördüncü fəsili süfrə qablarının tədqiqinin nəticələrinə həsr edilib. Şəmkir şəhər yerində aşkar edilmiş kiçik tutumlu bardaq, lüləyin, dolça, tayqulp, dopu, boşqab və kasaların böyük əksəriyyəti narın, yüksək keyfiyyətli gildən hazırlanaraq, sabit hərarət rejimində bişirilmiş, incə zövqlə bəzədilmişdir.
Monoqrafiyanın sonuncu, beşinci fəslində saxsı evlərin, ictimai və dini binaların süni işıqlandırma vasitələrindən, buxurdanlardan, əczəxana qablarından, gigiyena ilə bağlı qablardan, sferokonuslardan bəhs olunur. Bu fəsildə cəhətlərdən biri şirsiz keramika nümunələri arasında əczəxana qabları olması və onlar haqqında da məlumat verilməsi də diqqətəlayiqdir. Şəmkir ərazisindən tapılmış və arxeologiyada “sferokonus qablar” kimi adlandırılan keramika məmulatı xüsusi olaraq diqqəti çəkməkdədir. Bu qab tiplərinin təyinatı barədə tədqiqatçılar arasında yekdil fikir yoxdur. Orta əsr və İslam dövrü arxeoloqları, tarixçiləri sferokonusların civə və bu qəbildən olan maddələrin, müxtəlif şirniyyat və içkilərin saxlanılması və daşınmasında, əl-kimya, əczaçılıq laboratoriyalarında tətbiqi, yandırıcı mərmi və qumbara olması, dini ritual, işıqlandırma vasitəsi və s. kimi istifadə edilməsi haqqında müxtəlif mülahizələr irəli sürmişlər.
Arxeoloji tədqiqatlar zamanı əldə edilmiş keramika məmulatlarının zənginliyi orta əsr Şəmkir şəhərinin nəinki Azərbaycan və Cənubi Qafqazda, həmçinin dövrünün İslam dünyasında yüksək inkişaf etmiş mədəni mərkəzlərindən biri oldugunu göstərir.
Monoqrafiyada orta əsr Şəmkir şəhəri ərazisində aparılmış arxeoloji qazıntılar zamanı tapılmış şirsiz keramika materiallarının foto və qrafik təsvirlərini əks etdirən illüstrasiyalar da yer alıb.
Əsər AMEA Arxeologiya və Etnoqrafiya İnsttitutunun Elmi Şurasının 20 dekabr 2019-cu il tarixli iclasının (Protokol N13) qərarı ilə çap edilib.
Monoqrafiya arxeoloqlar və tarixçilər, həmçinin Azərbaycan, Qafqaz, Yaxın Şərq və bütövlükdə Avrasiya tarixinin İslam dövrü ilə maraqlanan oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.