Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AZƏRBAYCANLI ALİM OKSFORD UNİVERSİTETİNDƏ ELMİ MƏRUZƏ İLƏ ÇIXIŞ EDİB

  05.03.2020

Böyük Britaniyanın Oksford Universitetinin Ertegun House Mərkəzində Cənubi Qafqazda Arxeoloji Tədqiqatlar Forumu (S.C.A.R.F) təşkil olunmuşdur. Oksford Universiteti, Gürcüstanda Akademik Tədqiqatların Dostu Fondu (FaRiG) və Cənubi Qafqaz üzrə Amerika Tədqiqatlar İnstitutunun (ARISC) birgə təşkilatçılığı ilə baş tutan Forumun əsas məqsədi Cənubi Qafqaz erkən karyeralı tədqiqatçıları, həmçinin Cənubi Qafqazda çalışan Qərb mütəxəssislərini bir araya gətirmək, cari tədqiqatları və potensial təşəbbüsləri müzakirə etməkdir.
Forum çərçivəsində ümumilikdə 12 məruzə dinlənildi ki, burada arxeoloji irsin məlumat bazasının təşkili sistemi, Daş dövründə məskunlaşma, Neolit və Eneolit dövrlərində Cənubi Qafqazda təsərrüfat, Kür-Araz mədəniyyətinin müxtəlif problemləri, Erkən Kurqanlar dövrü, Dəmir dövründə metalişləmə, Antik və Orta əsrlər dövründə şəhər mədəniyyəti kimi məsələlər müzakirə olundu.
Tədbirdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik Dövr Arxeologiyası şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli "Qəbələnin Səlbir yaylasında aparılan yeni arxeoloji tədqiqatlar" mövzusu ilə çıxış etmişdir. Ceyhun Eminli rəhbərlik etdiyi "Antik və İlk Orta əsrlər dövrü üzrə" Qəbələ Arxeoloji Ekspedisiyasının son illərdə Qəbələdə apardığı tədqiqatlarının nəticələrini ətraflı şəkildə təqdim etdi. Məruzədə Qafqaz Albaniyası, onun paytaxtı olmuş Qəbələ haqqında məlumat verildikdən sonra, Qəbələnin Antik şəhər yeri hesab edilən ərazisindəki tədqiqatlar, ardınca Səlbir yaylasında yaşayışın formalaşması, onun Qəbələ şəhərinin əsas yaşayış hissələrindən birinə çevrilməsi və tənəzzülünü son illərin tədqiqatları əsasında işıqlandırıldı.
Cənubi Qafqazda Arxeoloji Tədqiqatlar Forumunda ölkəmizin digər təmsilçisi Birminqam Universitetinin doktorantı Nərmin İsmayılova da "Azərbaycanda Erkən tunc Dövrü yaşayış məskənləri" mövzusu üzrə çıxış etmişdir.
Forum dinləyiciləri içərisində Avropa və Amerika elmi tədqiqat müəssisələrinin alimləri ilə yanaşı, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı da yer alırdı.

© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.