Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



İNSTİTUTUN ELMİ ŞURASININ İCLASI KEÇİRİLDİ

  28.02.2020

2020-ci il 28 fevral tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurası növbəti iclasını keçirdi. İnstitutun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova iclası açaraq Şura üzvlərindən təqdim edilmiş iclasın gündəliyinə münasibət bildirməyi təklif etdi. İclasın gündəliyinə təklif və dəyişiliklər barədə fikirlər olmadığından Elmi Şura iclasının birinci məsələsinin müzakirəsinə başlanıldı.
Elmi Şuranın gündəliyinin birinci məsələsi — AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi əməkdaşlarının attestasiyasının keçirilməsi məsələsi idi. Məsələ ilə bağlı çıxış edən professor Maisə Rəhimova bildirdi ki, bu il aprelin 1-dən etibarən İnstitutun elmi əməkdaşlarının attestasiyasının keçirilməsi nəzərdə tutulub. Qayda üzrə bir ay əvvəldən attestasiyanın keçirilməsi barədə elan verilməli, şöbələr əməkdaşlarının sənədlərini hazırlamalıdırlar. Attestasiya komissiyasının siyahısı və müvafiq məlumatlar yaxın günlərdə müəssisə əməkdaşlarının nəzərinə çatdırılacaq. Məsələ barədə professor M.Rəhimova və İnstitutun Elmi işlər üzrə direktor müavini professor Nəcəf Müseyibli iclas iştirakçılarının (t.ü.f.d Zaur Həsənov, t.ü.f.d. Fərhad Quliyev, t.ü.f.d. Qoşqar Qoşqarlı) suallarını cavablandırdılar. Müzakirə olunan məsələ barədə sual və təkliflər olmadığından iclas ikinci məsələnin müzakirəsinə başladı.
Elmi Şuranın gündəliyinin ikinci məsələsi — 2020-ci ildə qəbul olunan doktorantların və dissertantların mövzularının təsdiqi barədə idi. M.Rəhimova dissertantların siyahısı ilə iclas üzvlərini tanış etdi. Professor M.Rəhimova t.ü.f.d. Rəhimli Ruslanın (Antropologiya Mərkəzi, elmi məsləhətçi antropologiya elmlər doktoru Əliağa Məmmədli) tarix elmləri doktoru elmi dərəcəsi adını almaq üçün “Azərbaycanlı miqrantların Avropa sosial-mədəni mühitinə inteqrasiyasının xüsusiyyətləri” mövzusunda dissertasiyasını qeyd etdi. Mövzu barədə a.e.d. Ə.Məmmədli geniş məlumat verdi və Elmi Şura üzvlərinin (t.e.d. Qafar Cəbiyev, t.ü.f.d. Bəhlul İbrahimli, t.ü.f.d. Q.Qoşqarlı) suallarını cavablandırdı. Elmi Şura yekdilliklə mövzunu təsdiqlədi.
Daha sonra professor M.Rəhimova Antropologiya Mərkəzi digər əməkdaşı Həsənov Vüsal Paşa oğlunun tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi adını almaq üçün “Azərbaycanda orta əsr dövrü əhalsinin paleodemoqrafik xüsusiyyətləri” mövzusunda dissertasiyasını qeyd etdi. Mövzunun elmi rəhbərləri a.e.d. Ə.Məmmədli və türkiyəli antropoloq, Ankara Universitetinin doktoru, professor Ayla Sevim Eroldur. Mövzunun seçilməsi, aktuallığı və d. aspektləri barədə a.e.d. Ə.Məmmədli geniş məlumat verdi və Elmi Şura üzvlərinin (t.e.d. Q.Cəbiyev, t.ü.f.d. Təvəkkül Əliyev, t.ü.f.d. Q.Qoşqarlı) suallarını cavablandırdı. Elmi Şura yekdilliklə mövzunu təsdiqlədi.
Professor M.Rəhimova tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi adını almaq üçün “Antik dövr arxeologiyası” şöbəsinin əməkdaşı Bayramov Cavidin “Qafqaz Albaniyasının hərb sənəti (arxeoloji materiallar əsasında)” (elmi rəhbər t.ü.f.d. Zaur Həsənov) mövzusunda dissertasiyasını qeyd etdi. “Antik dövr arxeologiyası” şöbəsinin müdiri t.ü.f.d. Z.Həsənov mövzu barədə geniş məlumat verdi və Elmi Şura üzvlərinin (t.ü.f.d. Emil Babayev, t.e.d. Q.Cəbiyev, t.e.d. N.Müseyibli, t.ü.f.d. Q.Qoşqarlı) suallarını cavablandırdı. Mövzu üzrə müzakirədə t.e.d. Q.Cəbiyev, t.e.d. T.Dostiyev, t.e.d. N.Müseyibli, t.ü.f.d. Q.Qoşqarlı, t.ü.f.d. Əbuzər Ələkbərov, t.e.d. Arif Məmmədov, t.ü.f.d. F.Quliyev çıxış etdilər. Qərara alındı ki, növbəti Elmi Şura iclasında mövzunun adında qismən dəyişiklik edilsin, münasib ad kimi “Azərbaycanın antik dövr hərb sənəti (arxeoloji materiallar əsasında)” təklif edildi. Məsələ ilə bağlı qarşıdakı Elmi Şurada həmçinin, elmi rəhbər məsələsinin də müzakirəyə çıxarılması nəzərdə tutuldu.
Professor M.Rəhimova tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi adını almaq üçün Qocayev Nicat Elman oğlu “XIX — XX əsrin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsinin toy adətləri” (elmi rəhbər t.e.d. Solmaz Məhərrəmova) mövzusunda dissertasiyasını qeyd etdi. “Tarixi etnoqrafiya” şöbəsinin baş elmi işçisi t.e.d. S.Məhərrəmova mövzu barədə geniş məlumat verdi. Elmi Şura yekdilliklə mövzunu təsdiqlədi. Professor M.Rəhimova t.ü.f.d. Dmitriy Kiriçenkonun (Antropologiya Mərkəzi, elmi məsləhətçi t.e.d. N.Müseyibli) tarix elmləri doktoru elmi dərəcəsi adını almaq üçün “Azərbaycan Qafqaz-Yaxın Şərqin neolit-tunc dövründə antropologiya sistemində (arxeoloji və kranioloji materiallar əsasında)” mövzusunda dissertasiyasını qeyd etdi. Mövzu barədə t.e.d. N.Müseyibli geniş məlumat verdi. Elmi Şura yekdilliklə mövzunu təsdiqlədi.
Professor M.Rəhimova tarix elmləri doktoru elmi dərəcəsi adını almaq üçün “Elmi ekspozisiya” şöbəsinin əməkdaşı Ələkbərov Valeh Ələddin oğlunun “Azərbaycanda neolit və xalkolit dövründə gil mədəniyyəti” mövzusunda dissertasiyasını qeyd etdi. T.ü.f.d. F.Quliyev mövzu barədə geniş məlumat verdi. Mövzu üzrə müzakirədə t.e.d. Q.Cəbiyev, t.e.d. T.Dostiyev, t.e.d. N.Müseyibli, t.ü.f.d. Q.Qoşqarlı, t.ü.f.d. Ə.Ələkbərov, t.e.d. A.Məmmədov, t.ü.f.d. Bəhlul İbrahimli çıxış etdilər. Qərara alındı ki, növbəti Elmi Şura iclasında mövzunun adında dəyişiklik edilsin. Məsələ ilə bağlı qarşıdakı Elmi Şurada həmçinin, elmi rəhbər məsələsinin də müzakirəyə çıxarılması nəzərdə tutuldu.
Daha sonra Elmi Şura cari məsələləri müzakirə etdi.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.