Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



İNSTİTUTUN ELMİ ŞURASININ İCLASI KEÇİRİLDİ

  04.03.2020

2020-ci il 4 Mart tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurası növbəti iclasını keçirdi. İnstitutun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova iclası açaraq Şura üzvlərindən təqdim edilmiş iclasın gündəliyinə münasibət bildirməyi təklif etdi. İclasın gündəliyinə təklif və dəyişiliklər barədə fikirlər olmadığından Elmi Şura iclasının birinci məsələsinin müzakirəsinə başlanıldı.
Elmi Şuranın gündəliyinin birinci məsələsi — AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, t.ü.f.d. Bəhlul İbrahimlinin “Naxçıvanın orta əsr şəhərləri: Aza” monoqrafiyasının müzakirəsi idi. Məsələ ilə bağlı çıxış edən professor Maisə Rəhimova əsər haqqında məlumat verdi. Yekdil səslə monoqrafiyanın nəşr edilməsi barədə qərar çıxarıldı.
Elmi Şuranın gündəliyinin ikinci məsələsi — 2020-ci ildə qəbul olunan doktorantların və dissertantların mövzularının təsdiqi barədə idi. Məsələ barədə İnstitutun “Təhsil və beynəlxalq əlaqələr” şöbəsinin müdiri, t.ü.f.d. Səfər Aşurov məlumat verdi. Ötən Elmi Şuranın çıxardığı qərarları da nəzərə alaraq S.Aşurov iclas üzvlərini müzakirəyə təqdim edilmiş mövzularla bir daha tanış etdi.
S.Aşurov ilk növbədə Qocayev Nicat Elman oğlu “XIX — XX əsrin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsinin toy adətləri” (elmi rəhbər t.e.d. Solmaz Məhərrəmova) mövzusunda dissertasiyasını qeyd etdi. “Tarixi etnoqrafiya” şöbəsinin baş elmi işçisi t.e.d. S.Məhərrəmova mövzu barədə geniş məlumat verdi. Məsələ ətrafında a.e.d. Əliağa Məmmədli, t.e.d. Hidayət Cəfərov, t.ü.f.d. Emil Babayev, t.e.d. Əsədulla Cəfərov, t.ü.f.d. Qoşqar Qoşqarlı, t.e.d. Qafar Cəbiyev, t.ü.f.d Fərhad Quliyev çıxış etdilər. Ümumi razılıqla təklif olundu ki, mövzunun adında dəyişiklik edilib “Qarabağda azərbaycanlıların toy adətləri (XIX — XX əsrin əvvəllərində)” adı ilə əvəz edilsin.
S.Aşurov növbəti müzakirəyə çıxarılan məsələnin tarix elmləri doktoru elmi dərəcəsi adını almaq üçün “Elmi ekspozisiya” şöbəsinin əməkdaşı, t.ü.f.d. Ələkbərov Valeh Ələddin oğlunun mövzusunun adı ilə bağlı olduğunu bildirdi. T.ü.f.d. F.Quliyev mövzu barədə geniş məlumat verdi və t.ü.f.d. Valeh Ələkbərovun tarix elmləri doktoru elmi dərəcəsi adını almaq üçün doktorluq dissertasiyasının mövzusunun adı “E.ə. VI-V minilliklərdə Cənubi Qafqazda mədəni və sosial proseslər” kimi təklif edildiyini bildirdi. Həmçinin elmi məsləhətçi t.e.d., professor H.Cəfərov təyin edilməsi də təklif olundu. Elmi Şura yekdilliklə mövzunu təsdiqlədi.
Daha sonra Etnoqrafiya və Etnologiya ixtisası üzrə sənədlərini təqdim edənlərdən tarix üzrə fəlsəfə doktoru elmi adını almaq üçün Sahibə Musayevanın “XXI əsrin əvvəllərində Zaqatala bölgəsinin ailə məişəti” adlı mövzusu müzakirə edildi. Mövzu üzrə elmi rəhbər t.e.d. Şirin Bünyadovadır. Mövzunun müzakirələrində professor M.Rəhimova, a.e.d. Ə.Məmmədli, t.e.d. S.Məhərrəmova, t.e.d. Q.Cəbiyev, t.e.d. Ə.Cəfərov, t.e.d. T.Dostiyev, t.ü.f.d. Q.Qoşqarlı, t.ü.f.d. F.Quliyev, t.ü.f.d. A.Ələkbərov çıxış etdilər. Qərara alındı ki, mövzunun adında qismən dəyişiklik edilərək “Şəki-Zaqatala bölgəsi əhalisinin ailə-məişəti” kimi təsdiq edilsin. Elmi Şura yekdilliklə mövzunun adını təsdiqlədi.
Professor M.Rəhimova bildirdi ki, a.e.d. Ə.Məmmədli doktorant Sevda Səmədova üçün elmlər doktoru dissertasiyasının mövzusu ilə iclas iştirakçılarını tanış etsin. Söz alan a.e.d. Ə.Məmmədli elmlər doktoru dissertasiyasının mövzusu kimi “Antik dövrdə Cənubi Qafqaz xalqları arasında etno-mədəni əlaqələr” adını təklif etdi. A.e.d. Ə.Məmmədli mövzunun aktuallığı, həmçinin, yazılı mənbələr və arxeoloji materiallar əsasında analitik ədəbiyyat barədə danışdı. Mövzunun müzakirələrində professor M.Rəhimova, t.e.d. Q.Cəbiyev, t.e.d. Ə.Cəfərov, t.e.d. T.Dostiyev, t.ü.f.d. Q.Qoşqarlı, P.Qasımov çıxış etdilər. Yekdil rəylə mövzunun adı qəbul olundu.
Daha sonra Elmi Şura cari məsələləri müzakirə etdi.

© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.