Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AVAXILDA İLK DƏFƏ ARXEOLOJİ TƏDQIQATLAR APARILIR

  17.03.2020

Orta əsrlər dövründə təşəkkül tapan fəlsəfi məktəblərdən biri də xəlvətilik sufi məktəbidir. Xəlvətilik sufi məktəbinin tarixini araşdıran tədqiqatçılar hesab edirlər ki, bu məktəb XIV əsrin ortalarından başlayaraq Azərbaycan ərazisində, konkret olaraq Şirvan regionunda yayılmışdı. Onun banisi isə tarixi mənbələrdə də göstərildiyi kimi, Şeyx Əkmələddin oğlu Əbu Abdulla Siracəddin Ömər Avaxıli olub. O, ilkin olaraq əmisi Əxi Məhəmmədin yanında dərs alıb. Sonra Xoy, Misir və Hicazda təlim keçib. Xəlvətilik sufi məktəbinin bir çox təməl prinsipləri məhz Pir Ömərin adı ilə bağlıdır. Qeyd edək ki, Şirvan ərazisində Avaxıl adı ilə məlum olan yeganə yaşayış məntəqəsi Şamaxı rayonu ərazisindədir. Yerli əhali arasında “Pir Ömər Sultan” ziyarətgahı kimi tanınan yeganə müqəddəs ocaq da məhz oradadır.
AZƏRTAC xəbər verir ki, Şamaxının Avaxıl kəndində “Pir Ömər Sultan” ziyarətgahı adı ilə tanınan pirin məhz xəlvəti sufi məktəbinin banisi Əbu Siracəddin Ömər Avaxıliyə aid olduğunu müəyyən etmək məqsədilə orada arxeoloji tədqiqatların aparılmasına ehtiyac vardı. Elə bu məqsədlə Mədəniyyət Nazirliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin birgə layihəsi əsasında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Avaxil arxeoloji ekspedisiyası professor Qafar Cəbiyevin rəhbərliyi ilə mart ayının əvvəlindən etibarən tədqiqatlara başlayıb.
Professor Qafar Cəbiyevin sözlərinə görə, XIV əsrin ortalarından başlayaraq banisi Pir Ömər olan xəlvətilik təriqəti Şirvanda geniş yayılıb: “Sonra Azərbaycanın digər ərazilərində və kənarda - Mərkəzi və Cənubi Avropada, hətta Şimali Afrikada bu təriqətin davamçıları yayılıb. Lakin ilkin ocaq hazırda bizim öyrəndiyimiz bu məkandır. Hesab edirəm ki, bura Azərbaycanda və dünyada xəlvətiliklə bağlı ilk xanəgahdır. Digər xanəgahlar hamısı sonradan yaranıb”.
133 kvadratmetr sahədə aparılan ilkin arxeoloji tədqiqatlar zamanı orada XIV əsrin ortalarına aid türbə qalıqları və onun məhz xəlvətilik təliminin banisi Pir Ömər Avaxıliyə aid olduğunu təsdiqləyən artefaktlar tapılıb. Kvadrat formalı türbə qaya və çay daşlarından istifadə olunmaqla inşa edilib. Türbənin üstü tağvarı formadadır, giriş qapısı isə cənub tərəfdəndir. İçəridə kənarları birqat bişmiş kərpiclə əhatələnən iki qəbir kamerası qeydə alınıb. Tədqiqat zamanı oradan içərisində “La İlahə İlləllah” kəlmələri yazılmış daş kitabənin bir parçası, habelə üzərində Şirvan memarlıq məktəbi üçün səciyyəvi olan daş üzərində oyma üsulu ilə işlənmiş şəbəkə, xəlvətilik təlimi ilə bağlı ritualların icrası zamanı istifadə olunmuş XIV əsrə aid şirli və şirsiz keramika nümunələri və bir neçə sikkə aşkarlanıb. Türbə içərisində aşkar olunan müxtəlif tarixi dövrlərə aid pullar, üçkünc və dördkünc formada hazırlanmış dualar əsrlərboyu insanların Pir Ömər ziyarətgahına olan inamından xəbər verir.
Qafar Cəbiyev bildirib ki, Pir Ömər ziyarətgahının ətrafında çoxsaylı insan dəfn olunub. “Onlardan türbənin şərq tərəfində tədqiq olunan iki qəbir üzərindəki kitabə Pir Ömər ziyarətgahının məhz xəlvətilik sufi təliminin banisi Pir Ömər Avaxıliya aid olduğunu təsdiqləyən çox mühüm tarixi mənbə kimi dəyərləndirilə bilər. Qəbirlərdən birinin kitabəsində ərəb əlifbası ilə “Şeyx Cəlil min övladı Sultan Bəyazid”, onun yanındakı digər qəbir daşında isə “Allahvermiş Şeyx oğlu Cəlil” sözləri yazılıb. Birinci qəbir 1819-cu ilə, ikinci qəbir isə 1809-cu ilə aiddir. Bu o deməkdir ki, oğul Allahvermiş atası Şeyx Cəlildən 10 il tez dünyasını dəyişib. Burada elmi cəhətdən ən çox diqqət çəkən məqam Şeyx Cəlilin Pir Ömər Avaxıli ilə əlaqəsi məsələsidir. Yusif Müşkirinin yazdığına görən Pir Ömər Avaxılinin dörd xəlifəsindən biri Bəyazid, digəri isə “Əxi Mirim” kimi tanınan Molla Əli Məlhəmi Şirvani olub. Avaxıl və Məlhəm kəndləri qonşu kəndlər olduğundan Pir Ömərlə Əxi Mirimin yaxınlığı başadüşüləndir. O ki qaldı Bəyazid Pirani adına, düşünürük ki, onun da çox asan izahı var. Yəni, Piran məhəlləsinin Şamaxının qədim məhəllələrindən biri olduğu məlumdur. Deməli, Yusif Müşkirinin əsərində adıçəkilən Bəyazid Pirani məhz Şamaxı şəhərinin Piran məhəlləsini təmsil edən Bəyaziddir. Avaxıl kəndindəki Pir Ömər ziyarətgahında dəfn olunmuş Şeyx Cəlil isə məhz Pir Ömər Avaxılinin xəlifəsi Bəyazid Piraninin şəcərəsindən olan sufi təliminin davamçısıdır”, - deyə Qafar Cəbiyev əlavə edib.
Tədqiqatların davamlı və səmərəli aparılması, abidənin təbii və antropogen təsirlərdən qorunması məqsədilə Şamaxı Rayon İcra Hakimiyyəti rəhbərliyinin təşəbbüsü ilə artıq abidənin üstü yüngül konstruksiyalardan istifadə olunmaqla örtülüb. Hazırda Avaxılda arxeoloji tədqiqatlar davam edir. Yaxın gələcəkdə zəruri konservasiya və bərpa işləri aparılmaqla oranın arxeoparka çevrilməsi istiqamətində işlər gedir.

Mənbə:

© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.