Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



QIZILTƏPƏ ABİDƏSİNDƏ APARILMIŞ ARXEOLOJİ QAZINTI NƏTİCƏ VERİB

  18.03.2020

İki hissədən ibarət olan Qızıltəpə 5 hektardan çox ərazini əhatə edir, 17 metrə yaxın hündürlüyü olan tarixi abidədən ətrafı çox yaxşı müşahidə etmək mümkündür.
"2019-cu ilin mart-aprel aylarında M.M.Mustafayevin rəhbərliyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İmişli Arxeoloji ekspedisiyasi, Qızılkənd ərazisində yerləşən, Qızıltəpə abidəsində arxeoloji tədqiqat işlərini davam etdirib".
Bu barədə Sputnik Azərbaycan-a tarix uzrə fəlsəfə doktoru Mikayıl Mustafayev məlumat verib.
O, bildirib ki, aparılan tədqiqatlar nəticəsində Qızıltəpə abidəsinin müdafiə xarakterli və ciddi qorunan bir qala olduğu müəyyən edilib. İki hissədən ibarət olan Qızıltəpə 5 hektardan çox ərazini əhatə edir, 17 metrə yaxın hündürlüyü olan tarixi abidədən ətrafı çox yaxşı müşahidə etmək mümkündür. Bu yerin bir özəlliyi və unikallığı da ondan ibarətdir ki, qala tamamilə su hövzəsi ilə əhatə olunub: "Bu il aparılan tədqiqatlar zamanı, abidədə stratiqrafiyani oyrənmək üçün 23m., uzunluğunda 1 metr enində şurf qazıldı. Hər 2 metr dərinlikdən təbəqələrin planı çəkilib öyrənildi".
Onun sözlərinə görə, arxeoloji qazıntı zamanı sahənin cənub istiqamətində çiy kərpicdən tikilmiş eni 55 sm. olan divar qatı, daha sonra qərb istiqamətində də paralel olaraq digər çiy kərpicdən hörülmüş divar, yaxşı vəziyyətdə olan təndir kürəsi aşkarlandı. Aşkar olunmuş divar qatları çox səliqəli düzümlə inşa edilib, araları gil məhlulnan doldurulub.
Arxeoloji qazıntı sahəsində üzərində rəngli naxışlar olan, şirli və şirsiz həmçinin əl işləri ilə döymələr vurulan bir çox məişət əşyaları, şüşə qab fraqmentləri, sümük alətləri, mis sikkələr aşkar olunub.
"Qazıntının ilk mərhələsindən aşkar olunmuş maaddi mədəniyyət nümunələri, bu yerin orta əsrələrə aid olduğunu göstərsə də, qeyd etmək istərdim ki, stratiqrafik şurfdan dəmir dövrü materialı da aşkar olundu . Qeyd etmək istərdim ki "Qızıl Təpə" abidəsi son zamanlarda arxeoloji qazintilar nəticəsində aşkara çıxarılmış Qala, kompleks yaşayış yeri və ən unikal abidələrdən biridir, və burada mütamadi qazıntı işlərinin aparılması elmi baxımdan olduqca əhəmiyyətlidir"-deyə o vurğulayıb.
M. Mustafayev əlavə edib ki, gələcəkdə aparılacaq tədqiqatlar və əldə edilmiş yeni elmi araşdırmalar bölgənin tarixinin qaranlıq məqamlarına aydınlıq gətirəcək.

© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.