Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AZƏRBAYCAN ARXEOLOQLARININ ONLAYN VİDEOKONFRANSI KEÇİRİLİB

  21.04.2020

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları xüsusi karantin dövründə səmərəli elmi fəaliyyətlərini davam etdirirlər. İnstitut əməkdaşlarının "Facebook" sosial şəbəkəsində yaratdıqları “Arxeoloqlar karantində” qapalı qrupunda görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilməkdədir.
Müəssisə əməkdaşları aprelin 18-ində Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş videokonfrans təşkil ediblər. Arxeologiya və Etnoqrafiya İnstitutunun, Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları, eləcə də Avropada "Arxeologiya" ixtisası üzrə təhsil alan magistrantlar videokonfransa qatılıblar.
Onlayn konfransda ölkəmizdə son illər aparılan arxeoloji araşdırmaların nəticələri və tədqiqatlardan sonra abidələrin ümumi vəziyyəti əsas müzakirə obyekti olub. Tədbirdə dünyanın yeni çağırışlarına uyğun formatda qazıntıların aparılması, arxeoloji abidələrin mühafizəsi və bərpası istiqamətində əlaqədar dövlət təşkilatları ilə əməkdaşlığın intensivləşdirilməsinin zəruriliyi vurğulanıb.
İştirakçılar arxeologiya sahəsində gənc kadrların hazırlanması, tədqiqatlarda müasir texnologiyalardan istifadə və arxeometrik araşdırmalar istiqamətində müzakirələr aparıb, ölkəmizin təhsil sistemində Arxeologiya fakültəsinin təşkilinin vacibliyini qeyd ediblər.
Videokonfransda ölkəmizdə arxeoloji tədqiqatların aparılması ilə əlaqədar mövcud bir sıra problemlərin aradan qaldırılması üçün Nazirlər Kabinetinin müəyyən qərarlarında müvafiq dəyişikliklərin edilməsi ilə bağlı təkliflərin hazırlanmasının önəmi bildirilib. Müzakirələr zamanı institutun və onun nəzdindəki Arxeoloji Fondun müasir dünya standartlarına cavab verən inzibati binasının inşasına ciddi ehtiyac olduğu qeyd olunub.
Sonda xüsusi karantin dövründə arxeologiyaya dair onlayn konfransların davam etdirilməsi qərara alınıb.

© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.