Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AZƏRBAYCANLI ALİM “HORİZON-2020” LAYİHƏSİ ÜZRƏ TÜRKİYƏDƏ ELMİ TƏDQİQATLAR APARIB

  16.01.2020

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Antik dövr arxeologiyası” şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d, dosent Natiq Əbülfət oğlu Alışov 30 noyabr — 29 dekabr 2019-cu il tarixlərində Avropa Komissiyasının Horizon 2020 Maria Skladovska Küri Proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsi çərçivəsində Türkiyənin İnsan Doğramacı adına Bilkənt universitetində elmi ezamiyyətdə olmuşdur.
Bir aylıq elmi ezamiyyət dövründə Natiq Alışov Qafqaz, Bizans və Balkanlarda qədim və orta əsr xristian mədəniyyətinin oxşar və fərqli cəhətləri, xristian cəmiyyətlərinin quruluş və idarəetmə xüsusiyyətləri mövzuları üzrə Ankaradakı Bilkent Universitetinin əsas kitabxanasında araşdırma aparmışdır.
Ezamiyyət müddətində Natiq Alışov Ankara Regional Tarix Muzeyi kolleksiyaları ilə tanış olmuş, Bilkent Universitetində çalışan türkiyəli və avropalı arxeoloqları, tarixçiləri və memarları ilə görüşlərdə müzakirələr aparmışdır.
26-28 dekabr 2019-cu tarixlərində İstanbul Tarix və Arxeologiya Muzeyinə səfər əsnasında İstanbul Universitetinin arxeoloqları və tarixçiləri ilə görüşlər keçirilmiş, tədqiqat mövzusu üzrə elmi ədəbiyyatlar toplanmışdı.
Xatırladaq ki, layihənin ümumi koordinatoru Avstriyanın Karl və Frans adına Qrats Universitetinin Cənub-Şərqi Avropa Tarixi və Antropologiyası kafedrasının müdiri, professor Karl Kaiserdir. Layihənin Azərbaycan üzrə milli koordinatoru AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Antik dövr arxeologiya” şöbəsinin müdiri t.ü.f.d. Zaur Həsənovdur.

© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.