Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



QAFQAZ ALBANİYASI ABİDƏSİ BİGANƏLİYİN QURBANI OLDU

  13.05.2020

10 may 2020-ci il tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutuna Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Dövlət reyestrinin aparılması, abidələrə və tədqiqatlara nəzarət sektorunun müdiri P.Q.Nəcəfov tərəfindən Qobustan rayonu Sündü kəndi ərazisində tikinti işləri zamanı saxsı qab nümunələrinin aşkar edilməsi haqqında məlumat daxil olmuşdur.
Qeyd edək ki, Qobustan rayonunun Sündü kəndi tarixi baxımından unikal bir yerdir. Kənd ərazisində Mədəniyyət Nazirliyi tərəfindən qeydiyyata alınmış 36 qədim qəbiristanlıq, 920-ci ildə inşa edilmiş məscid, kurqan, 16 mağara, qədim yaşayış yeri mövcuddur.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu rəhbərliyinin göstərişi ilə İnstitutun şöbə müdiri, bölgə üzrə arxeoloji ekspedisiyanın rəhbəri t.ü.f.d. Akif Quliyev rayona ezam edilmişdir və Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qobustan rayon üzrə abidə mühafizəçisi Bəylər Musa oğlu Ağayevlə birgə maddi-mədəniyyət nümunələrinin aşkar edildiyi əraziyə baxış keçirilmişdir.
Müəyyən edilmişdir ki, tapıntılar Təhsil Nazirliyi tərəfindən yeni tikilən Sündü orta məktəbinin ərazisindən aşkar olunub. Məktəbin bünövrəsi qazılarkən 1,0-2,5 m. dərinlikdən müxtəlif ölçülü saxsı qablar aşkar edilmiş və kənd sakinləri tərəfindən götürülmüşdür.
Əraziyə baxış keçirərkən tikinti sahəsində çoxlu sayda saxsı qırıntıları, kərpic fraqmentləri, ocaq yeri və sümük qalıqları qeyd edilmişdir. Əldə edilmiş maddi-mədəniyyət nümunələrinə əsasən ərazidə antik dövrə aid nekropol olduğu müəyyən olunub. Akif Quliyevin fikrincə, əraziyə yayılmış daşlara əsasən, Antik dövr nekropolu daş qutu qəbirlərdən ibarət olmuşdu. Torpağın üst qatı ekskavator vasitəsi ilə götürüldüyündən nekropol dağıdılmış, mədəni təbəqə qarışmışdır.
Məktəbin direktoru və tikintinin sahə rəisi ilə söhbət əsnasında, tikinti işlərinə 2020-ci ilin yanvar ayında başlandığı müəyyən edilmişdir. Onların sözlərinə görə qazıntı işləri zamanı çoxlu sayda saxsı qablar aşkar edilmişdir.
Kənd sakinləri ilə danışıqlardan sonra bir neçə materialın yerini müəyyən etmək mümkün olmuşdur. Sündü kənd klubunda və məktəbdə dörd ədəd kiçik ölcülü dolçaya arxeoloq A.Quliyev tərəfindən baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, bu qablar Antik dövr Qafqaz Albaniyasının maddi mədəniyyət nümunələridir. Dolçanın birinin üzərində basma üsulu ilə unikal təsvirlər-damğalar həkk edilmişdir.
Təəssüflər olsun ki, abidənin aşkar edilməsi haqqında məlumat vaxtında müvafiq orqanlara çatdırılmamış və abidənin çox hissəsi dağıdılmışdır.
Abidədə arxeoloji tədqiqat işlərinin həyata keçirilməsi AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Mədəniyyət Nazirliyinin birgə qərarından sonra baş tuta bilər.




© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.