Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



“ANTİK DÖVR ARXEOLOGİYASI” ŞÖBƏSİNDƏ QƏDİM ALBANİYANIN BƏDİİ METALİŞLƏMƏ SƏNƏTİ MÖVZUSUNDA MAGİSTR DİSSERTASİYASI MÜZAKİRƏ EDİLMİŞDİR

  04.06.2020

İyunun 3-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Antik dövr arxeologiyası” şöbəsində İnstitutun magistrantı Nərmin Məmmədlinin “Şirvan bölgəsinin antik dövr bədii metalişləmə sənəti (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)” mövzusunda magistr dissertasiyasının müzakirəsi keçirilmişdir.
İclasda İnstitutun əməkdaşları, o cümlədən, dissertasiyanın elmi rəhbəri “Antik dövr arxeologiyası” şöbəsinin müdiri t.ü.f.d. Zaur Həsənov, “Tədris və beynəlxalq əlaqələr” şöbəsinin müdiri t.ü.f.d. Səfər Aşurov, “Numizmatika və epiqrafika” şöbəsinin müdiri Akif Quliyev, “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin müdiri t.ü.f.d. Bəhlul İbrahimli, “Arxeoloji texnologiya” sektorunun müdiri t.ü.f.d. Bəxtiyar Cəlilov və “Antik dövr arxeologiyası” şöbəsinin bir sıra əməkdaşları – t.ü.f. doktorları Əkbər Bədəlov, Ceyhun Eminli, Emil İsgəndərov, Natiq Alışov və b. iştirak ediblər.
Tədqiqat mövzusu antik dövr arxeoloji abidələri ilə zəngin olan Şirvan bölgəsinin bədii tərtibatlı metal məmulatlarına həsr olunmuşdur. Dissertasiyada Şirvan bölgəsinin arxeoloji abidələrinin öyrənilmə tarixi, metal məmulatlarının istehsal üsulları, tapıntıların təsnifatı, semantikası və s. məsələlər tədqiq edilmişdir.
Qey edək ki, Nərmin Məmmədli, Milli Azərbaycan Tarixi Muzeyinin Arxeoloji fondunda uzun müddət araşdırma aparmış və orada saxlanılan 251 antik dövr metal nümunəsini tədqiq etmişdir. Onlardan 123-ü bu günə qədər tədqiq olunmamış materiallardır ki, bu dissertasiyada ilk dəfə təqdim olunur.
Tədbir iştirakçıları dissertasiyanın yüksək səviyyədə yazılmasını qeyd etdilər. İştirakçılar mövzunun aktuallığından danışaraq vurğuladılar ki, qədim Albaniyanın abidələrindən tapılmış və əksəriyyəti tuncdan düzəldilmiş həmin bədii metal nümunələri özlərinə məxsus unikal bədii görünüşünə görə qədim dünya incəsənətində layiqli yer tuta bilərlər. Məhz bu baxımdan bu problemin Nərmin Məmmədli tərəfindən öyrənilməsi Albaniya mədəniyyətinin dünya elmində tanınması üçün böyük bir rol oynayır.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.