Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



20 YANVAR ŞƏHİDLƏRİ ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA ANILDILAR

  17.01.2020

17 yanvar 2020-ci il tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimovanın təklifi ilə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Anım tədbirini giriş sözü ilə açan professor M. Rəhimova bildirdi ki, XX əsrin 80-ci illərində Azərbaycan xalqının öz azadlığı, torpaqlarının müdafiəsi və dövlətçiliyi uğrunda mübarizəsi öz əzəməti ilə “şər imperiyası” adlanan SSRİ-nin ermənipərəst rəhbərliyinin ciddi təlaş keçirməsinə səbəb olmuşdu. Başda M.Qorbaçov olmaqla imperiyanın ermənipərəst rəhbərliyi xalqımızın ədalətli tələblərlə başlatdığı sülhməramlı azadlıq hərəkatını boğmaq və Azərbaycan xalqının mübariz ruhunu sındırmaq üçün 30 il öncə, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə aşkar cinayətə əl atdı. Ermənilərdən ibarət sovet silahlı qüvvələri xəbərdarlıq etmədən Bakı şəhərinə yeridildi. Müasir dövr tarixində öz qəddarlığına görə misli olmayan bu qırğın aksiyası nəticəsində 100-dən yuxarı soydaşımız, heç bir günahı olmayan dinc sakinlər yaşından, cinsindən və milli mənsubiyyətindən asılı olmadan amansızlıqla qətlə yetirildi. Bu qəddar aksiya xalqımız üçün böyük faciə olmaqla yanaşı, həm də Azərbaycan xalqının öz milli-azadlıq tarixinə qanla yazdığı növbəti şərəfli bir qəhrəmanlıq səhifəsi idi.
“Moskvadakı Azərbaycan nümayəndəliyində keçirilmiş mətbuat konfransında Ulu Öndərimiz Heydər Əliyev xalqımızın təmsilçisi kimi Bakıda və Azərbaycanın rayonlarında cani sovet ordusu tərəfindən dinc azərbaycanlı əhalisinə qarşı törədilmiş qırğına etirazını mərdanə şəkildə bildirmişdi. Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əbədi olaraq yaşadacaq. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bir ay öncə, 13 dekabr 2019-cu il tarixində imzaladığı sərəncamına əsasən 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı Azərbaycan Respublikasının hər bir guşəsində və hətta Azərbaycandan kənarda, diasporlarımızda və diplomatik nümayəndəliklərimizdə anım tədbirləri keçirilməkdədir, 20 Yanvar faciəsi haqqında həqiqətlər bütün dünyaya tanıdılmaqdadır.” – deyə professor Maisə Rəhimova vurğuladı. Çıxışının sonunda professor M.Rəhimova Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş bütün şəhidlərimizin ruhuna Allahdan rəhmət dilədi. Eyni zamanda İnstitutun direktoru əməkdaşları yanvarın 20-də təşkil olunacaq Şəhidlər Xiyabanının ziyarətində fəal iştirak etməyə çağırdı.
Daha sonra çıxış edən İnstitutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov qeyd etdi ki, 20 Yanvar xalqımıza qarşı elə bir böyük cinayət idi ki, bunu unutmaq mümkün deyil. A.Ələkbərov 20 Yanvar faciəsi ilə bağlı xatirlərini dilə gətirdi. Natiq çıxışında bildirdi ki, 20 Yanvar bütün dünyaya Azərbaycan xalqının əzmini nümayiş etdirdi: şəhidlərimizin dəfni, Bakı küçələrinə qərənfillərin düzülməsi, qırğınından düz 40 gün ərzində Azərbaycan xalqı prinsipial şəkildə sovet dövlət müəssilərinin işini durduraraq dinc etiraz aksiyası mədəniyyətini, milli həmrəyliyi və millətimizin humanizmini bütün dünyaya nümayiş etdirdi.
Söz almış İnstitutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli 20 Yanvarın Azərbaycan xalqının tarixində qəhrəmanlıq və milli həmrəyliyin zirvə nöqtəsi kimi dəyərləndirdi. Eyni zamanda t.ü.f.d. B.İbrahimli qeyd etdi ki, müasir Azərbaycan gənclərinə hər zaman 20 Yanvar vətənsevərlik və milli fədakarlıq kimi nümunəsi kimi təlqin edilməlidir ki, mənsub olduğun xalqın qəhrəmanlarına sevginin əsas olduğu onlara anlaşılsın.
İnstitutun elmi əməkdaşı Faiq Babayev çıxışında 20 Yanvar faciəsi qurbanlarının 1990-cı il yanvarın 22-də Bakıda dəfnində xalqımızın nümayiş etdirdiyi mədəniyyət, nizam-intizam və həmrəylik bütün dünya üçün örnək oldu.
İnstitutun şöbə müdiri, tarix üzrə elmlər doktoru Əsədulla Cəfərov çxışında Yanvar hadisələrinin tarixi səbələrindən söz açdı. Bildirdi ki, illər boyu Azərbaycan xalqının insanpərvərliyi erməni və imperiyanın ermənipərəst qüvvələrinin məkrli məqsədləri və həmlələri ilə üz-üzə gəlmişdi. Ə.Cəfərov xüsusi olaraq vurğuladı ki, Azərbaycan xalqı bu mübarizədə öz mədəniyyəti, insanpərvərliyi, elmi və fədakarlığı ilə həmişə olduğu kimi zəfər çalacaqdır.
İnstitutun elmi əməkdaş Fəqan Yaqubov çıxışında bildirdi ki, Azərbaycan xalqının 20 Yanvar şəhidləri müstəqil Azərbaycanın yolunda həyatlarını qurban verdilər. Şəhidlərimizin qanı yerdə qalmadı, şəhidlərimizin qatilləri məqsədlərinə nail ola bilmədilər. Çünki şəhidlərimizin qanı ilə suvarılmış torpaqlarımızda müstəqil Azərbaycan yarandı.
Tədbirin sonunda iştirakçılar 20 Yanvar şəhidlərimizinin ruhlarına Allahdan rəhmət dilədilər.
Anım tədbirində İnstitutun əməkdaşları iştirak edirdilər.


© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.