Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AZƏRBAYCANLI ALİMİN MƏQALƏSİ ALMANİYADA BEYNƏLXALQ ELMİ JURNALDA DƏRC EDİLİB

  16.06.2020

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyiblinin məqaləsi Avropada arxeologiya sahəsində ən sanballı nəşrlərdən olan “Archäologie in Iran und Turan” (Band 19) toplusunda alman və rus dillərində çap olunmuşdur. Almaniya Arxeologiya İnstitutunun elmi dövri nəşri olan bu topluda Avrasiyada aparılan arxeoloji tədqiqatların nəticələri yer almışdır.
“Cənubi Qafqazın Leylatəpə mədəniyyəti Ön Asiya və cənubi-şərqi Avropanın ənənələrinin kəsişməsində” adlı məqalədə e.ə. IV minilliyin birinci yarısına aid, Azərbaycanın qədim ərazisində mövcud olmuş Leylatəpə arxeoloji mədəniyyətindən bəhs edilir. Qeyd edilir ki, mənşəyi ilə Şərqi Anadolu-Şimali Mesopotamiyaya bağlı olan bu mədəniyyət Cənubi Qafqazda formalaşmışdır.
Məqalədə Leylatəpə mədəniyyətinin yaşayış yerləri, qəbir abidələri, kütləvi arxeoloji materialları bir tərəfdən Ön Asiya, digər tərəfdən Şimali Qafqazın həmdövr Maykop mədəniyyətinin analoji tapıntıları ilə müqayisəli təhlil edilmişdir. Müəllif bu təhlillərlə Xalkolit dövrü Leylatəpə mədəniyyətinin Ön Asiya və Qafqazın qədim tarixində yerini, Avropa və Asiyanın qədim əhalisinin mədəni-iqtisadi əlaqələrində rolunu müəyyənləşdirmişdir.
Eyni zamanda məqalədə, yüz ildən artıq müddətdə tədqiq edilən Maykop mədəniyyətinin məhz Leylatəpə mədəniyyəti ənənələrinin təsiri altında yarandığı və Maykop mədəniyyətinin əvvəllər hesab edildiyi kimi İlk Tunc dövrünə deyil, buna qədərki Xalkolit dövrünə aid olduğu faktlarla əsaslandırılmışdır.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.