Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AZƏRBAYCANIN TUNC DÖVRÜ “KURQANALTI SƏRDABƏLƏRİ” KÜR-ARAZ MƏDƏNİYYƏTİ ƏHALİSİ TƏRƏFİNDƏN YARADILIB?

  20.07.2020

SCOPUS və Web of Science beynəlxalq elmi bazalarında təmsil olunmuş Rusiya EA Sibir şöbəsinin Arxeologiya və Etnoqrafiya İnstitutunun iki dilli impakt faktorlu “Archaeology, Ethnology and Anthropology of Eurasia” (“Археология, этнография и антропология Евразии”) elmi jurnalının bu ilki 48-ci cildinin 2-ci sayında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, arxeoloq Pərviz Qasımovun rus və ingilis dillərində “Azərbaycan Respublikası ərazisində ilk tunc dövrünün kurqanaltı sərdabələrinin mədəni mənsubiyyət problemi” (Cultural Attribution of Early Bronze Age Tombs Under Kurgans in Azerbaijan/Проблема культурной идентификации подкурганных склепов раннего бронзового века на территории Азербайджанской Республики) adlı elmi məqaləsi dərc edilmişdir.
Məqalədə Azərbaycanın şimal-qərb regionunda, Kiçik Qafqazın şərq ətəklərində qeyd edilən və elmi dövriyyəyə “kurqanaltı sərdabələr” kimi daxil olan özünəməxsus kurqan tipli qəbir abidələrini yaratmış ilk tunc dövrü əhalisinin Kür-Araz mədəniyyətinə aidiyyatı problemi qaldırılıb.
Qeyd edək ki, uzun müddət bu abidə tipi ilk tunc dövrünün son mərhələsinə aid edilirdi. Lakin t.ü.f.d., arxeoloq Bəxtiyar Cəlilovun Uzun Rəmə və Şadılı “kurqanaltı sərdabələrində” apardığı tədqiqatların nəticəsində aşkar etdiyi tapıntıların müvafiq radiokarbon analizləri bu tip abidələrin ilk tunc dövrünün başlanğıc mərhələsi ilə tarixləndiyini göstərdi. Digər tərəfdən, B.Cəlilov abidələrdən aşkar edilmiş maddi mədəniyyət nümunələrinin özünə məxsusluğunu qeyd etmişdir.
Avropalı tədqiqatçıların da iştirak etdiyi beynəlxalq arxeoloji tədqiqatlar “kurqanaltı sərdabələrin” arxeometrik araşdırılmasına geniş imkanlar açdı. Eyni zamanda tədqiqatçılar bu abidələri yaratmış qədim əhalinin ilkin kür-arazlılar olması barədə fikir irəli sürmüşlər. P.Qasımovun məqaləsində isə, bu fikirin mübahisəli olduğu bildirilir. Göstərilir ki, bu tip kurqanlar və bu abidələrdən tapılmış artefaktlar Kür-Araz mədəniyyətinin nə ilk və nə də inkişaf etmiş mərhələsində izlənilmir. Kurqanaltı sərdabələrdən aşkar edilmiş keramik məmulatlar dəfn üçün hazırlanaraq əsasən son xalkolit dövrünün Ubeyd-Uruk keramikası ilə paralellərə malikdir.
Müəllifə görə, Türkmənistan ərazisində aşkar edilmiş həmdövr “tolos” tipli kollektiv dəfnli sərdabələrlə (Namazqa III dövrü) “kurqanaltı sərdabələr” arasında dəfn ənənələri üzrə paralellər mövcuddur. Amma məkan və zamana görə, “genetik əlaqələndirici abidələr” aşkar edilmədiyindən hər iki abidələr qrupunun eyni kökdən və ya birinin digərindən miqrasiya yolu ilə törəməsi barədə qəti fikir irəli sürmək mümkün deyil.
P.Qasımovun irəli sürdüyü işçi hipotezə görə, bu tipli dəfn ənənəsinin kökləri hələ ki aşkar edilməyib. Lakin keramik məmulat əsasən xalkolit dövründə İkiçayarasından yayılmış Ubeyd-Uruk mədəniyyətinin yerli təzahüründən qaynaqlanır. 14C analizlərinə görə, abidələri yaratmış yerli əhalinin süni təpə altında kollektiv dəfn ənənəsi e.ə. XXXIV əsrdə peyda olur və Kür-Araz mədəniyyətinin Cənubi Qafqazın cənub-qərbindən Xəzər sahili ərazilərə doğru hərəkəti ilə əlaqəli e.ə. XXXI-XXX əsrlərdə tarix səhnəsindən çıxır. Ənənənin qeybinin assimilyasiya, dini görüşlərin dəyişməsi və ya digər səbəblərlə (yoluxucu xəstəlikdən, aclıqdan depopulyasiya və s.) əlaqələndirilməsi üçün arxeoloji və arxeometrik tədqiqatlara böyük ehtiyac var.
Həmçinin, müəllif məqaləsində arxeologiyada “kurqan” terminin intensional (nəyi ehtiva etməsi) və ekstensional (hansı parametrli abidələrə tətbiqi) mənasının yenidən müzakirəsinə ehtiyacın yarandığını qeyd edib.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.