Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



GƏMİQAYANIN TƏDQİQATLARINDA UĞURLU ADDIM

  22.07.2020

Dünyanın demək olar ki, bütün regionlarında üst paleolit dövründən orta əsrlərədək ayrı-ayrı tarixi mərhələlərə aid müxtəlif mövzulu qayaüstü təsvirlər vardır. Onlar daha çox Avrasiyanın fərqli coğrafi areallarında yayılmışdır. Ən qədim qayaüstü rəsmlər Qərbi Avropa mağaralarında paleolit dövründə boya ilə çəkilmiş 30-35 min il əvvələ aid rəsmlərdir. Sonrakı mərhələlərdə - mezolit-tunc dövrlərində qayaüstü təsvirlər daha çox həkketmə üsulu ilə çəkilmişdir.
Arxeoloji abidələr olaraq qayaüstü təsvirlər qədim tarixin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Qayaüstü təsvirlərin xronologiyası, yayılma arealı, üslubu, mövzusu onların yaradıcıları olan qədim insanların məşğul olduqları sahələrinin təsərrüfat xüsusiyyətləri, maddi və mənəvi mədəniyyəti ilə sıx bağlı olub, xalqların qədim həyat tərzinin, dünyagörüşünün real və obrazlı təzahürüdür. Bu baxımdan ölkəmizin ayrılmaz tərkib hissəsi olan, Naxçıvan diyarının, eyni zamanda, bütövlükdə Azərbaycanın tunc dövrü tarixinin tədqiqi üçün müstəsna əhəmiyyətə malik abidələr sırasında Gəmiqaya rəsmlərinin özünəməxsus yeri var. Naxçıvan Muxtar Respublikası ərazisindəki Gəmiqaya abidələri qayaüstü rəsmləri - petroqlifləri, qədim yurd yerləri və qəbir abidləri ilə böyük bir arxeoloji kompleksdir. Aran - yaylaq mövsümlərinin inkişafı mərhələsindən - e.ə. IV minilliyin sonu - III minilliyin başlanğıcından meydana çıxan bu abidələrin yaradıcıları Naxçıvanın tunc dövrü əhalisidir.
Gəmiqaya abidələri Naxçıvan Muxtar Respublikası Ordubad rayonunda, Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisində ən yüksək zirvəsi olan Qapıcıq dağının (3906 m) yamaclarında, dəniz səviyyəsindən 3000-3500 metr yüksəklikdə yerləşir. Keçən əsrin altmışıncı illərinin sonlarından başlayaraq Gəmiqayada müxtəlif mərhələlərdə tədqiqat işləri aparılmışdır. Bu abidədə ilk geniş kompleks araşdırmalar Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə 2001-2003-cü illərdə aparılmışdır. Sonrakı illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində bütün ölkədə, eyni zamanda Naxçıvan Muxtar Respublikasında, o cümlədən Gəmiqaya abidələrində ətraflı tədqiqatlar aparılması üçün hərtərəfli şərait yaradılmış, ekspedisiyalar, elmi konfranslar təşkil edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 26 aprel 2001-ci il tarixdə imzaladığı "Ordubad rayonu ərazisindəki Gəmiqaya abidələrinin öyrənilməsi haqqında”kı sərəncamı ilə Gəmiqaya abidələrinin ardıcıl surətdə və kompleks şəkildə öyrənilməsinə başlanılmışdır. Bununla əlaqədar olaraq Gəmiqaya yüksəkliklərinə yol çəkilmiş, buraya alimlərin gedib tədqiqat işləri aparması, qalıb işləməsi üçün münasib şərait yaradılmışdır. 2001-2003-cü illərdə aparılmış davamlı elmi tədqiqatlar nəticəsində Gəmiqaya ərazisində 1500-ə qədər qayaüstü təsvirlər qeydə alınmışdır. Həmin illərdəki araşdırmalar təkcə Gəmiqayanın deyil, eyni zamanda Naxçıvan bölgəsinin arxeoloji abidələrinin tədqiqatları tarixində mühüm irəliləyiş, böyük dönüş nöqtəsi idi. Məhz bu dövrdə Gəmiqayada kompleks tədqiqatlar həyata keçirilmiş, ilk dəfə olaraq burada arxeoloji qazıntı işləri aparılmış, folklor materialları toplanılmış, coğrafiya və botanika üzrə tədqiqatlara başlanılmışdır.
Əlbəttə, yalnız qeyd edilənlərlə Gəmiqayanın tədqiqatlarını bitmiş hesab etmək olmazdı və daha geniş araşdırmaların aparılması, abidənin bütün qayaüstü təsvirlərinin qeydə alınması qarşıda duran əsas vəzifə idi. Bu yaxınlarda Naxçıvan, Muxtar Respublikası Ali Məclisinin Sərdi Vasif Talıbovun layihə rəhbərliyi ilə "Gəmiqaya qayaüstü rəsmləri” (Naxçıvan, 2020) adlı geniş həcmə malik sanballı kitabın nəşri abidənin tədqiqi tarixində mühüm elmi hadisədir. Azərbaycan, ingilis və rus dillərində çap edilmiş kitabın müəllifi sənətşünas Nizami Alıyev, elmi redaktoru AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevdir. 576 səhifə həcmindəki kitabda Gəmiqayada 2016-cı ilin avqust-sentyabr aylarında Nizami Alıyevin rəhbərliyi ilə işləmiş ekspedisiyanın fəaliyyətinin nəticələri yer almışdır. Yüksək dağlıq sahədəki qayalıqlarda tədqiqatların aparılmasının nə qədər çətin olduğu 2001-2003-cü illərin yay mövsümlərində Gəmiqayada təsvirlərin qeydiyyatını aparmaqla məşğul olmuş bir arxeoloq kimi mənə yaxşı məlumdur. Buna görə də Gəmiqayada işləyən və demək olar ki, bütün təsvirləri qeydə alan bu ekspedisiyanın hansı ağır şəraitdə işlədiyini təsəvvür etmək çətin deyildir. Lakin bütün çətinliklərə baxmayaraq, çap olunmuş kitabı oxuduqca Nizami Alıyevin rəhbərlik etdiyi ekspedisiyanın qarşıya qoyulan vəzifənin öhdəsindən layiqincə gəldiyinin şahidi oluruq.
Gəmiqaya abidələri kompleksi Qaranquş yaylağı, Qız-gəlin çuxuru, Göllər, Nəbiyurdu və sair bir neçə əraziləri əhatə edir. Əvvəlki tədqiqat illərində məhz bu ərazilərdəki, başlıcası isə Qaranquş yaylağındakı təsvirlər qeydə alınmış və nəşr edilmişdir. Qeydiyyata alınmış qayaüstü rəsmlərin ümumi sayı 1500-ə qədərdir. Lakin son ekspedisiyanın intensiv fəaliyyəti nəticəsində həm bu ərazilərdə əvvəllər aşkar edilməmiş təsvirlər, həm də digər sahələrdəki demək olar ki, bütün petroqliflər artıq qeydə alınmışdır. Ekspedisiyanın fəaliyyətinin nəticəsi olaraq "Gəmiqaya qayaüstü rəsmləri” adlı kitabda 2040 daş üzərində qeydə alınmış 7422 təsvir yer almışdır ki, bunlardan da təxminən 6000 rəsm ilk dəfə bu kitabda nəşr olunmuşdur.
Ümumiyyətlə, dünyada arxeoloji tədqiqatlar təcrübəsində qayaüstü təsvirlərdən ibarət abidələrin bütün petroqliflərinin toplanaraq tam nəşr edilməsi bu tip abidələrin öyrənilməsi istiqamətində əsas vəzifədir. Belə ki, abidənin kompleks halda zaman və məkan aspektində dərk edilməsi, təsvirlərin tarixi-mədəni kontekstdə interpretasiyası üçün onların tam nəşrinə böyük ehtiyac vardır. Məhz bu baxımdan Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun yuxarı dağlıq ərazisindəki abidələri əhatə edən "Gəmiqaya qayaüstü rəsmləri” kitabının nəşr olunması mühüm əhəmiyyət kəsb edir.
Təqdirəlayiq haldır ki, kitabda Gəmiqaya təsvirlərinin yayıldığı ərazilər tarixi adları ilə və sistemli şəkildə sahələrə bölünmüş və bu ərazilərdəki rəsmlər statistik göstəriciləri ilə birlikdə ayrı-ayrılıqda verilmişdir. Bütün bunlar gələcək tədqiqatlarda hər bir ərazidə cəmləşmiş təsvirlərin texniki-tipoloji, xronoloji fərqlərinin, mövzu müxtəlifliyinin və ümumi xüsusiyyətlərinin müqayisəli şərh edilməsi üçün münasib imkanlar yaradır.
Gəmiqaya təsvirlərinin həkkedilmə texnikasının təhlili zamanı məlum olur ki, onların böyük əksəriyyəti tək xətlərlə icra olunmuş sxematik rəsmlərdir. Gəmiqayadakı kontur və siluet üslubda rəsmlər haqqında indiyədək az məlumat var idi. Haqqında bəhs etdiyimiz kitabın üstün cəhətlərindən biri də odur ki, burada ilk dəfə olaraq əvvəllər məlum olmayan çoxlu sayda siluet rəsmlər nəşr edilmişdir. Bu isə, öz növbəsində, bu abidələrin təhlilində yeni yanaşmaları gündəmə gətirməyə imkan verir. Ona görə də indi ilk növbədə həmin realist üslubda verilmiş təsvirlərin xronoloji aspektdə şərhi üçün əlverişli şərait yaranmışdır. Həm də çox maraqlıdır ki, belə siluet təsvirlər daha çox bütöv bir kompozisiya təşkil edir. İnsanlar, öküzlərə qoşulan arabalar və onlarla yanaşı xırda buynuzlu heyvanlar, köç səhnəsi və ya ox-yayla silahlanmış insanların ov etmə səhnələrinin təsvirləri Gəmiqayada çoxsaylı süjetli kompozisiyaların mövcud olmasından xəbər verir. Digər tərəfdən, Gəmiqayanın siluet rəsmləri bu abidəni tarixi Azərbaycan ərazilərindəki abidələrlə - Göyçə gölü hövzəsinin və Zəngəzurun həmdövr, eyni məzmunlu qayaüstü təsvirləri ilə yaxınlaşdırır. Bu isə, öz növbəsində, Kiçik Qafqazın bütün bu ərazilərində tunc dövründə Azərbaycanın qədim, vahid mədəniyyətinin yayıldığını sübut edən əsas faktlardan biridir. "Gəmiqaya qayaüstü rəsmləri” kitabındakı rəsmlərin müəyyən qrupu Qobustanın tunc dövrü qayaüstü təsvirləri ilə uyğunluq təşkil edir. Kitabın nəşri Qobustan və Gəmiqaya təsvirlərinin Azərbaycanın qədim mədəniyyət tarixinin vahid tərkib hissəsi kimi təhlil edib dəyərləndirməyə də yeni imkanlar yaradır.
Kitabda diqqətiçəkən məqamlardan biri qısa da olsa təsvirlərin bir qisminin semantikası barədə fikirlərin irəli sürülməsidir. Təsvirlərin semantik məzmununun şərhi onların tarixi aspektdə dərk edilməsi baxımından tədqiqatların mühüm bir mərhələsini təşkil edir. Eyni zamanda kitabda ilk dəfə olaraq Gəmiqaya rəsmlərinin Naxçıvanın tunc dövrü abidələrindən aşkar edilmiş keramika məmulatı üzərində analogiyalarının olduğu da qeyd edilmişdir. Bu paralellər Gəmiqaya rəsmlərinin Naxçıvanın aran zonasında məskunlaşmış tunc dövrü tayfaları tərəfindən yaylaq mövsümləri zamanı yaradıldığını bir daha sübut edir.
Burası da əhəmiyyətlidir ki, kitabda həmçinin təsvirlərin kateqoriyaları barədə də ümumi məlumat verilmişdir. İlk növbədə, insan rəsmlərinin xüsusi ustalıqla çəkilməsi və onların kompozisiyalarda üstün mövqedə yerləşdirilməsi qeyd edilmişdir. Müxtəlif heyvanların - öküz, keçi, at, it, bəbir, quş və s. təsvirlərinin sistemli şəkildə təqdimatı tunc dövrünün təsərrüfat heyvanları və yerli vəhşi faunası barədə mühüm məlumat mənbəyidir. Üzərində təsvirlər olan daşların hər birinin forma və ölçüləri barədə sənətşünas Nizami Alıyevin təqdim etdiyi zəruri informasiya təsviri sənət üçün əhəmiyyətli olan elmi qənaətləri də əhatə edir. Bu məlumatlar qədim "rəssamların” çəkəcəkləri rəsmin xüsusiyyətindən asılı olaraq, uyğun daş seçdiklərini də müəyyən etmələrini nəzərə çarpdırır.
Ümumiyyətlə, "Gəmiqaya qayaüstü rəsmləri” kitabı bu abidənin müxtəlif istiqamətlər üzrə gələcək tədqiqatları üçün mühüm bir mənbədir. Əlbəttə, gələcək illərdə çöl tədqiqatları zamanı Gəmiqayada müəyyən əlavə təsvirlərin də aşkar ediləcəyi istisna deyildir. Lakin bu kitabın nəşri ilə həmin istiqamətdə işlərin əsası artıq uğurla yerinə yetirilmişdir. Təqdim olunan kitab bundan sonra Gəmiqaya rəsmləri barədə yazılacaq dissertasiyalar, monoqrafiyalar və məqalələr üçün zəngin bir mənbədir. Yaxın zamanda abidənin tədqiqatları baxımından yerinə yetiriləcək ən zəruri işlər kitabda verilmiş ərazilərin adları göstərilməklə onların yerləşməsinin ümumi tərtibatının, həmin sahələrin hər biri üzrə rəsmlərin kateqoriyalar üzrə (antropomorf, zoomorf rəsmlər, nəqliyyat vasitələrinin təsvirləri, işarələr və qeyri-müəyyən təsvirlər) statistikasının aparılmasından ibarətdir. Arxeoloji ekspedisiyalar zamanı yerinə yetiriləcək bu işlər Gəmiqaya tədqiqatlarının elmi tutumluluğunu daha da artıracaqdır. "Gəmiqaya qayaüstü rəsmləri” kitabı bütün bu işlərin icrası və abidənin gələcək tədqiqatları üçün geniş imkanlar açır.
Sənətşünas tədqiqatçı Nizami Alıyevin böyük zəhmət hesabına hazırladığı "Gəmiqaya qayaüstü rəsmləri” kitabı geniş mənada Azərbaycanda qayaüstü mədəniyyətin, Gəmiqaya və Qobustan qayaüstü rəsmlərinin müqayisəli şəkildə tədqiq edilib öyrənilməsi, Gəmiqaya abidələrinin qədim tariximizdə yerinin müəyyən edilməsi üçün sanballı bir xidmətin ifadəsidir.

Nəcəf MÜSEYİBLİ, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, professor

"Azərbaycan" qəzeti, 22 iyul 2020-ci il



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.