Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ARXEOLOGİYA VƏ JURNALİSTİKA: ONU UĞURLARA APARAN QOŞA QANAD

  17.08.2020


Qafar Cəbiyev 70


Something0 Qafar Cəbiyev 1950-ci ildə İsmayıllı rayonunun “ormanlar içində duran” o məşhur Talıstan kəndində dünyaya göz açıb. Atası Cəfər kişinin gözləri gülüb, qəlbi sevinib. Anası Gül xanımın arzuları kama yetib, diləyi hasil olub.
Ali məktəbi fərqlənmə diplomu ilə bitirən Qafar 1975-ci ildə arxeologiya üzrə aspiranturaya daxil oldu. 1985-ci ildə namizədlik, 2007-ci ildə doktorluq dissertasiyası müdafiə etdi. Sanballı tədqiqatları ilə elmimizə yeni nəfəs gətirdi. 1985-ci ildən Qəbələ, Ağsu, Kürdəmir, İsmayıllı, Şamaxı arxeoloji ekspedisiyalarına rəhbərlik edir, ölkəmiz və tariximiz üçün olduqca mühüm əhəmiyyət kəsb edən tapıntıları var. Qafar müəllim 2010-cu ildə Ağsu rayonu ərazisində Azərbaycan arxeologiya elmində nadir hadisə sayılan XVIII əsrə aid geniş bir qazıntı başladı. Hamımıza qeyri-adi görünən və sonsuz marağa səbəb olan işlə tanış olmaq qərarına gəldik. Akademiyanın sayılan, seçilən tarixçi, arxeoloq və etnoqraf alimlərilə birlikdə oraya yollandıq. Orta əsr Ağsu şəhər yerində Qafar müəllimin rəhbərliyi ilə aparılmaqda olan qaynar işin şahidi olduq. Hava dözülməz dərəcədə isti idi. Sanki günəş göydən od ələyirdi. Amma hamının diqqəti Qafar müəllimdə idi. O, ekspedisiyanın əldə etdiyi maddi mədəniyyət qalıqları ilə bizi tanış edir, məna və məzmununu izah edirdi. Söhbət təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda son orta əsr şəhər mədəniyyətinin tədqiqi baxımından etalon sayıla biləcək abidədə aparılan genişmiqyaslı qazıntılardan, orada həyata keçirilməsi nəzərdə tutulan konservasiya tədbirlərindən gedirdi.
Qafar müəllim alnı tərli, əliqabarlı olsa da, böyük eşqlə, bir ayrı həvəslə qazıntıdan və tapıntılardan həvəslə danışır, bu böyük və gərəkli işin hələ başlanğıc olduğunu bildirdi.
Arxeoloq olmaq son dərəcə çətin, bununla bərabər həm də olduqca şərəfli bir işdir. Arxeoloq cəfakeş fəhlədi, yuxusuz gecələr keçirən alimdi. Ayağı dəmir çarıqlı dəvrişdi, səyyahdı, əqidəli, dözümlü insandı. Kəşfiyyatçı, tarixçi və həm də bərpaçıdı. Hərtərəfli biliyə, geniş erudisiyaya, güclü məntiqə, dərin müşahidə qabiliyyətinə malik, ürəyi vətən tarixlə döyünəndi. Həqiqətlə, əfsanəylə, nağıllar maraqlanan, onları toplayıb ərsəyə gətirəndi. Bütün bu yüksək keyfiyyətləri özündə birləşdirən, arxeoloqların ön sıralarında gedən Qafar müəllim də bax beləcə hər cür ehtiramla, minnətdarlığa layiq bir insandır.
Qəbələ ölkəmizin min illik paytaxtı olub. Yarım əsrdən çoxdur ki, orada görkəmli alimlər tərəfindən tədqiqat işləri aparılır. İndi həmin işləri görkəmli arxeoloq İlyas Babayevlə birlikdə Qafar müəllim davam etdirir. 2009-cu ildə ürəyim atlandı, mən də Qəbələ qazıntılarında iştirak etmək həvəsinə düşdüm. Dostların dəvəti ilə oraya yollandım. Qafar Cəbiyevin qazıntı sahəsində işlədim. Tapılan maddi mədəniyyət qalıqları ilə tanış oldum. İş nəticəsində naxışlı küp parçaları, boyalı qablar və metal əşyaları görərkən ölməz Səməd Vurğunun bir məşhur qeydi yadıma düşdü. Necə də dəqiq, necə də sərast deyilib: “Üzərində tarixi qeyd, nəqş və ya təsvir olan hər bir qədim daş vaxtı ilə canlı yaşayıb-yaradan insanın donmuş ürəyidir; o, insan tarixin odu və alovundan keçərək gözəl torpağımızı və tariximizi qoruyub saxlamış, əsrlər boyu elmin, mədəniyyətin və incəsənətin inkişafı üçün nəhəng və münbit zəmin yaratmışdır; elə bir zəmin ki, onun üzərində biz hamımız doğulmuşuq, yaşayırıq və gələcək nəsillərin sifətində həmin mədəniyyətin ən qabaqcılq ənənələrini yeni tarixi şəraitdə inkişaf etdirərək yaşadacağıq”.
Arxeoloqun işi təkcə tarixi abidələri, mənəvi zənginlikləri tapıb aşkarlamaq deyil, həm də yuxusuz gecələrə qatlanıb ürəyinin istəyilə xalqına layiq əsərlər yaratmaqdır. Bu sarıdan da tarix elmləri doktoru Qafar Cəbiyevin əməyi və gərgin fəaliyyəti qibtəyə layiqdir. Alimin yüz əllidən çox elmi məqaləsi və bir sıra kitabları çoxəsrlik tariximizə layiqli xidmətdir. Onun gərgin əməyinin, səmərəli axtarışlarının məhsulu olan və bu günlərdə çapdan çıxan, həm də yeniliyi, əhatəliliyi, dərin məzmunu ilə seçilən “Girdiman tarixi”, “Girdimanın tarixi və tarixi coğrafiyası”, “Azərbaycan arxeologiyasının əsasları” adlı irihəcmli, fundamental monoqrafiyaları arxeologiya və tarix elmimizə əvəzsiz töhfədir. İlk orta əsrlər dövrünün bir sıra öyrənilməmiş və qaranlıq qalan məsələlərinə işıq saçan bu əsərlər həm də ermənilərin yalançı uydurmalarına tutarlı cavabdır.
Görkəmli alimin ürəyində döyünən qoşa qanadının biri arxeologiyadırsa, digəri jurnalistikadır. Bu sahələr bir-birini tamamlayır, bir-birini təsdiqləyir. Mənə belə gəlir ki, bu, Qafar müəllimin böyük uğuru və yaradıcılıq xoşbəxtliyidir. Onun müxtəlif mətbuat orqanlarında çap olunan beş yüzdən çox elmi-publisistik məqaləsi dediklərimizi təsdiqləyən və müəllifə şərəf gətirən dəlil-sübutdur. Qafarın ilk kitabı olan “Arxeologiya və romantika” əsərində elmlə jurnalistika qovuşaraq qoşa qanada çevrilib. “Can Azərbaycan” kitabında vətənimizin, qədirbilən xalqımızın çoxşaxəli tarixi, adət-ənənələri, mənəvi dünyası böyük eşq və həvəslə tərənnüm edilir. “Bura Vətəndir” kitabı eyni hissin, həyəcanın, vətən sevgisinin, torpaq qeyrətinin təzahürü, tərənnümü və təsdiqidir. “Yazılan qalacaq” və “Düşüncələr” kitablarında müəllif tarix və mədəniyyət məsələləri ilə bağlı düşücə və narahıtlıqlarını, arzu, istək və hədəflərini oxucu ilə bölüşüb. “Azərbaycan keramikası” adlı monoqrafiyası isə Azərbaycandan çox-çox uzaqlarda da dəyərli tədqiqat əsəri kimi qəbul olunur.
Bütün bunlarla bərabər o həm də həssas, qayğıkeş, çalışqan bir pedaqoqdur. Uzun illərdir ki, ali məktəblərimizdə Azərbaycan tarixini və arxeologiyasını tədris edir. Tarix və arxeologiyaya dair ali məktəblər üçün proqram və dərsliklər müəllifidir. Görkəmli alim, gözəl müəllim, tanınmış jurnalist olan Qafar Cəbiyev həm də fəal ictimaiyyətçidir. “Qızıl qələm” mükafatı laureatıdır. Azərbaycan Respublikasının əməkdar jurnalistidir. Qafar müəllim 2004-2008-ci illərdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü və sədr müavini olub. Heç şübhəsiz, bütün bunlar Qafar Cəbiyevə olan ehtiram və qayğının nəticəsidir.
Ulularımız gözəl deyiblər ki, hər şey gəldi-gedərdi, bir insanlıq qalacaq. Bəli, insan təbiətin tacı, yer üzünün əşrəfidi. Qafar sevilən, sayılan, seçilən əşrəf insanıdı. Dağlar oğlu dağ təbiətlidi. Safdı, sadədi, sədaqətlidi, səmimidi. Özü bütöv, sözü bütövdü. İstiqanlıdı, vətəncanlıdı, el-oba qeyrətlidi. Təlim-tərbiyəli, həyalı, abırlı, ismətli, isbatlı. Qəlbi tər-təmiz, dupdurudu. Cəfakeşdi, hamıya can yandırandı. Ağayanadı, hərəkəti, oturuşu, duruşu ilə yadda qalan, diqqəti çəkəndi. Nümunəvi ailə başçısıdır. Qayğılıdı, candan yanandı. Qafar müəllim 70-i haqladı. Arxaya boylandı. Mənalı ömür sürdü, vətənimə, xalqıma, dövlətimə hələ çox borcluyam dedi. Yetmiş yaşın mübarək, canın sağlam, ömrün uzun olsun, arzuların üzünə gülsün. Səksəndə daha böyük uğurlar, qələbələr qazanacağına əminəm. Doxsana boylan, sonra da yüzü harayla, əzizim!.

Mənbə: https://bit.ly/329h3pw

Teymur Bünyadov, akademik




© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.