Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



İŞĞALÇININ SAXTA İDEOLOGİYASI

  02.10.2020

Bu gün torpaqlarımız uğrunda müqəddəs müharibə gedir. Hər gün işğalçıya vurulan növbəti zərbə bizi son qələbəyə daha da yaxınlaşdırır. Qələbəyə və ədaətin bərpasına inamımız yenilməzdir.
Qonşu xalqların, dövlətlərin tarixi torpaqlarını işğal etmək üçün aparılan müharibələr adətən saxta ideologiya ilə müşayiət olunur. Azərbaycana qarşı erməni təcavüzünün ideoloji bazası uzun illər öncə yaradılmağa başlamışdı.
XIX əsrdə Rusiya imperiyası tərəfindən kütləvi surətdə Cənubi Qafqaza köçürülən ermənilər bütün bu müddət ərzində saxta təbliğatla məşğul olaraq, guya ərazidə əcdadlarının yaşadıqlarını “sübut edən” tarixi abidələrin olduğunu iddia edirlər.
Əsil elmi həqiqətlər budur ki, ermənilər Qafqaza özlərinin dili və dini ilə, artıq kənarda erməni kimi tam formalaşmış halda gəliblər. Hətta erməni “alimləri” daha qədim dövrlərdən bəhs etdikləri halda da məhz “erməni”, “erməni xalqı” sözlərindən istifadə edirlər. Buna görə də bütün cəhdlərinə baxmayaraq onların Cənubi Qafqazda yerli xalq olduğu heç bir halda təsdiqini tapmır. Tarix elminin bu sadə həqiqətini erməni ideoloqları dərk etmək istəmirlər.
Amma bunun tam əksi olaraq, onilliklər ərzində aparılmış arxeoloji-antropoloji tədqiqatlar azərbaycanlıların ulu əcdadlarının Qafqazın yerli əhalisi olduğunu, əsrlər boyu bu ərazidə təşəkkül tapıb formalaşdığını sübut etmişdir. Yəni, bu araşdırmalar Azərbaycanın müasir əhalisinin minilliklər öncəyə bağlandığını maddi, təkzibolunmaz faktlarla sübuta yetirmişdir.
Cənab Prezident İlham Əliyev əvvəlki çıxışlarında olduğu kimi, yaxın günlərdə döyüşlərdə yaralanmış hərbçilərlə görüşündə də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdəki tarixi abidələrimizi məhv etdiklərini xüsusilə vurğulamışdı. İşğal olunmuş bölgədə yüzlərlə abidələrimiz erməni vandalları tərəfindən kütləvi surətdə dağıdılır və ya özününküləşdirilir. Ermənilər işğal etdikləri ərazilərdə ilk növbədə islam mədəniyyəti abidələrini kütləvi surətdə məhv edirlər. Çünki bu dini memarlıq tikililərini, epiqrafik yazılarla müşayiət edilən abidələri erməniləşdirmək mümkün deyil.
Digər tərəfdən, ermənilər Azərbaycanın alban xristian memarlıq abidələrini erməniləşdirirlər. Bununla bu qədim xristian abidələrinin guya onlara məx-susluğunu və ermənilərin bu ərazilərin qədim sakinləri olduğunu saxta yollarla sübut etməyə çalışırlar.
Dünyanın nadir abidələrindən olan Azıx mağara düşərgəsi erməni işğalçıları tərəfindən əvvəllər hərbi sursat anbarına çevrilmiş, sonra isə orada qeyri-qanuni “arxeoloji qazıntılar” aparılmışdır. Siyasi mübarizə arenasında tam məğlubiyyətini dərk edən Ermənistan işğal faktına tarixi-hüquqi don geyindirmək məqsədi ilə həmin ərazilərdəki qədim abidələrin guya ermənilərə məxsus olması barədə cəfəngiyat dolu təbliğat aparırlar.
Ermənistan “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun üzvü-dür. Bu Konvensiyada işğal olunmuş ərazilərdə hər hansı arxeoloji qazıntıların aparılması, mədəni mülkiyyətə dəyişikliklər edilməsi, mədəni, tarixi və elmi dəlillərin gizlədilməsi və ya məhv edilməsi məqsədilə onların istifadəsi qadağan edilmişdir. Buna baxmayaraq Ermənistan tərəfi işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni arxeoloji qazıntı işləri aparır. Ağdamın işğal olunmuş ərazisindəki qədim abidəni ermənilər “Tiqranakert” elan edərək orada “arxeoloji qazıntılar” gerçəkləşdirir. Halbuki “Tiqranakert” adlı qədim şəhər bütövlükdə Cənubi Qafqaz ərazisində mövcud olmamışdır. Ümumiyyətlə, erməni xalqına aid qədim antropoloji materiallar və hər hansı maddi mədəniyyət qalıqları həm işğal olunmuş bölgədən, həm də indi Ermənistan adlandırılan Qərbi Azərbaycan torpaqlarından məlum deyildir.
Bütün bunlar erməni tarixçilərinin və ideoloqlarının yad torpaqların ələ keçirilməsi planlarını icra edən işğalçı qüvvələrə tutarlı cavabların verilməsini tələb edir. Şanlı ordumuz indi məhz bu işlə məşğuldur.
Bu günlərdə xalq-dövlət birliyi hər bir vaxt olduğundan daha güclüdür. İnanırıq ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz torpaqlarımızı işğaldan azad edəcək və tarixi ədalət bərpa olunacaq. Şuşada Azərbaycan müzəffər əsgərinə abidənin ucaldılacağı gün uzaqda deyil!

Nəcəf Müseyibli
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
direktor müavini, tarix elmləri doktoru, professor




© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.