Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



İNSTİTUTUN ELMİ ŞURASININ İCLASI KEÇİRİLDİ

  03.02.2020

2020-ci il 31 yamvar tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurası cari ildə ilk iclasını keçirdi. İnstitutun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova iclası açaraq Şura üzvlərindən təqdim edilmiş iclasın gündəliyinə münasibət bildirməyi təklif etdi. İclasın gündəliyinə təklif və dəyişiliklər barədə fikirlər olmadığından Elmi Şura iclasının birinci məsələsinin müzakirəsinə başlanıldı.
Elmi Şuranın gündəliyinin birinci məsələsi — AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, t.ü.f.d., tarixçi, etnoqraf Tofiq Ağababa oğlu Babayevin 80 illik yubileyi ilə əlaqədar “Tərəqqi” medalı ilə təltif edilməsinə həsr edilmişdi. Məsələ ilə bağlı çıxış edən professor Maisə Rəhimova t.ü.f.d., tarixçi, etnoqraf Tofiq Babayevin 80 illik yubileyi ilə əlaqədar İnstitutun kollektivi adından görkəmli alimi təbrik etdi, ona can sağlığı, yeni yaradıcılıq uğurları arzuladı. Alqış sədaları altında professor Maisə Rəhimova Tofiq Babayevə gül dəsti təqdim etdi.
İnstitutun Həmkarlar təşkilatının sədri, “Azərbaycanın arxeoloji abidələrinin toplusu” sektorunun müdiri, t.ü.f.d. Abuzər Ələkbərov məsələ ilə əlaqədar çıxış edərək bildirdi ki, İnstitutun qocaman alimi Tofiq Babayevin Azərbaycan elmi üçün göstərdiyi xidmətlərə görə, respublikanın Prezidenti cənab İlham Əliyev görkəmli alimi “Tərəqqi” medalı ilə təltif etmişdir. AMEA-nın və İnstitutun Həmkarlar İttifaqı görkəmli alimin milli elmə verdiyi töhvələrə, səmərəli elmi fəaliyyətinə və ictimai həyatda fəal iştirakına rəğmən T.Babayevi fəxri fərmana layiq görüb. T.ü.f.d. Abuzər Ələkbərov elmi müəssisənin Həmkarlar İttifaqının fəxri fərmanını alqış sədaları altında Tofiq Babayevə təqdim etdi, yubilayara uzun ömür və uğurlar arzuladı.
Akademik Teymur Bünyadov çıxışında Tofiq Babayevin elmi yaradıcılıq yolundan söz açdı. Akademik Teymur Bünyadov bildirdi ki, Tofiq Babayev 10 monoqrafiyanını müəllifidir. Həmçinin, yubilyar sovet dönəmində uzun illər Milli Ensiklopediyanın ərsəyə gəlməsi üçün çalışıb. “O, Milli Ensiklopediyanın tərtibi işində xalq şairi, vətənpər və millətsevər ziyalımız Rəsul Rzanın və akademik Cəmil Quliyevin həmkarı olub. 10 cildlik “Azərbaycan Sovet Ensiklopediyasının” ərsəyə gəlməsində Tofiq Babayevin əməyi böyük olub. Həmçinin, T.Babayev “Cümhuriyyət ensiklopediyasının” və “Naxçıvan ensiklopediyasının” hazırlanmasında iştirak edib. T.Babayev Ümummilli Lider Heydər Əliyevin əsərlərinin 55 cildliyinin, hörmətli prezidentimiz cənab İlham Əliyevin əsərlərinin 20-dən yuxarı cildliyinin tərtibində əsas rollardan birini oynayıb.” - deyə akademik Teymur Bünyadov bildirdi. Azərbaycan elminin qarşısında Tofiq Babayevin bütün bu xidmətlərini qeyd edən akademik Teymur Bünyadov görkəmli alimə can sağlığı və yaradıcılığında yeni uğurlar arzuladı.
İnstitutun şöbə müdiri, t.e.d. Əsədulla Cəfərov çıxışında bildirdi ki, 1974-cü ildə Ümummilli Lider Heydər Əliyevin başçılığı ilə MK-nin iclasında Azərbaycan Sovet Ensiklopediyasının tərtib edilməsi barədə məsələ qaldırıldı. Bu şanlı işə o zaman Tarix İnstitutun əməkdaşları cəlb edildilər və bu işdə əsas və məsuliyyətli vəzifəni Tofiq Babayev icra edirdi. Çıxışının sonunda tarix elmləri doktoru Əsədulla Cəfərov yubilyara can sağlığı və uğurlar arzuladı.
Tofiq Babayev söz alaraq İnstitutun rəhbərliyinə, Elmi Şura üzvlərinə və müəssisənin kollektivinə, həmçinin, prezident cənab İlham Əliyevə, əməyinə yüksək dəyər verilməsində zəhməti olan hər bir kəsə təşəkkürünü bildirdi, hamıya can sağlığı və ailələrində səadət, işlərində uğur arzuladı.
Elmi Şuranın gündəliyinin ikinci məsələsi — hazır işlərin çap üçün müzakirəsi idi. Müzakirəyə çıxarılmış hazır işlər sırasında ilk olaraq AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Tarixi etnoqrafiya” şöbəsinin bas elmi işçisi, t.e.d. Solmaz Məhərrəmovanın “XIX-XX əsrin əvvəllərində Kiçik Qafqazın cənub-şərq bölgəsinin tarixi-etnoqrafik tədqiqi (Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının materialları əsasında)” adlı monoqrafiyası idi. İnstitutun direktoru, t.e.d., professor Maisə Rəhimova bildirdi ki, monoqrafiyanın rəyçiləri professor Qəzənfər Paşayev və t.ü.f.d. Tofiq Babayevdir. Monoqrafiyanın elmi redaktoru akademik Teymur Bünyadovdur. Monoqrafiya “Tarixi etnoqrafiya” şöbəsində müzakirə edilib və çapa məsləhət görülüb. Təklif və iradlar olmadığından yekdil müsbət rəylə Elmi Şura tərəfindən elmi iş çapa məsləhət görüldü.
Müzakirəyə çıxarılmış ikinci hazır elmi iş — İnstitutun “Daş dövrü arxeologiyası” şöbəsinini baş elmi işçisi, t.ü.f.d. Mənsur Mənsurovun müəllifi olduğu “Qərbi Azərbaycanın alt paleoliti” adlı monoqrafiyası (elmi rəyçilər t.e.d. Ə.Cəfərov və t.ü.f.d. A.Zeynalov) idi. Monoqrafiyanın elmi redaktoru Rusiya EA mərhum professoru V.P.Lyubin idi. Monoqrafiya “Daş dövrü arxeologiyası” şöbəsində müzakirə edilib və çapa məsləhət görülüb.
Elmi Şura üzvü professor Hidayət Cəfərov monoqrafiyanın adındakı “Qərbi Azərbaycan” ifadəsinin dəqiqləşdirilməsi barədə t.ü.f.d. M.Mənsurova sual verdi. T.ü.f.d. M.Mənsurov bildirdi ki, monoqrafiyanın adındakı “Qərbi Azərbaycan” ifadəsi müasir Azərbaycan Respublikasının inzibati coğrafi bölgüsü ilə əlaqədardır. Məsələ üzrə t.e.d. Ə.Cəfərov və t.e.d. N.Müseyibli çıxış edərək monoqrafiyanın adının məzmuna bütünlüklə uyğun olduğunu bildirdilər. Təklif və iradlar olmadığından yekdil müsbət rəylə Elmi Şura tərəfindən elmi iş çapa məsləhət görüldü.
Müzakirəyə çıxarılmış üçüncü hazır elmi iş — İnstitutun “Antropologiya mərkəzinin” aparıcı elmi işçisi, t.ü.f.d., dosent Dmitri Kiriçenkonun “Azərbaycanın paleoantropologiyası (e.ə. VII - e. V əsrlər)” adlı rus dilində monoqrafiyası idi. İnstitutun direktoru, t.e.d., professor Maisə Rəhimova bildirdi ki, monoqrafiyanın elmi rəyçiləri Rumıniya EA-nın Yassı filialının Olqa Nekrasova ad. Antropoloji Tədqiqatlar Mərkəzinin əməkdaşı, Moldova Bioarxeoloji və etno-mədəni tədqiqatlar İnstitutunun müdir müavini, tibb elmləri doktoru, antropoloq Anjela Vladimirovna Simalçik və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, t.ü.f.d. Qoşqar Qoşqarlıdır. Monoqrafiyanın elmi redaktoru t.e.d. N.Müseyiblidir. Monoqrafiya “Antropologiya mərkəzində” müzakirə edilərək çapa məsləhət bilinib.
T.ü.f.d. Fərhad Quliyev əsərdə hansı abidələrdən götürülmüş antropoloji materialın tədqiqata cəlb edilməsi barədə sual verdi. Monoqrafiyanın elmi rəyçisi t.ü.f.d. Q.Qoşqarlı bildirdi ki, antropometrik tədqiqatlara beli üzərində uzadılmış son iskit dövründən hunların Cənubi Qafqaz ərazisinə gəlişinədək antik dövr abidələrindən aşkar olunmuş 24 skelet cəlb edilib. Təklif və iradlar olmadığından yekdil müsbət rəylə Elmi Şura tərəfindən elmi iş çapa məsləhət görüldü.
Müzakirəyə çıxarılmış dördüncü hazır elmi iş — “Tarixi etnoqrafiya” şöbəsinin elmi işçisi, t.ü.f.d. Nigar Coşqunsunun “Erkən orta əsrlərdə Azərbaycanın maddi-mənəvi mədəniyyəti” adlı monoqrafiyası idi. İnstitutun direktoru, t.e.d., professor Maisə Rəhimova bildirdi ki, monoqrafiyanın elmi rəyçiləri t.e.d. Solmaz Məhərrəmova və t.ü.f.d., aparıcı elmi işçi Bəhmən Əliyevdir. Monoqrafiyanın elmi redaktoru akademik Teymur Bünyadovdur. Monoqrafiya “Tarixi etnoqrafiya” şöbəsində müzakirə edilib və çapa məsləhət görülüb. Təklif və iradlar olmadığından yekdil müsbət rəylə Elmi Şura tərəfindən elmi iş çapa məsləhət görüldü.
Elmi Şuranın gündəliyinin üçüncü məsələsi — 2020-ci il üçün doktorantura və dissertantura planının təsdiqi barədə idi. İnstitutun direktoru, t.e.d., professor Maisə Rəhimova mövzu üzrə çıxış üçün sözü “Təhsil və xarici əlaqələr” şöbəsinin müdiri, t.ü.f.d. Səfər Aşurova verdi. Səfər Aşurov bildirdi ki, hər il doktorantura və dissertanturaya qəbul ilə bağlı proqnozlarımızı AMEA-nın Elm və Təhsil İdarəsinə təqdim edilir. “Bizə göndərilmiş xüsusi cədvəldə arxeologiya və etnoqrafiya sahələri üzrə fəlsəfə və elmlər doktorluğu ilə əlaqədar əyani və qiyabi yerlərin sayını, həmçinin, onların neçəsinin ödənişli və ödənişsiz olmasını göstərməliyik. Göstərəcəyimiz yerlərin sayı ilə yanaşı mövzuların adı da göstərilməlidir”- deyə S.Aşurov izahat verdi. Daha sonra S.Aşurov məsələ ilə bağlı problemləri sadaladı. O bildirdi ki, sonradan istənilmiş yerlərin boş qalmaması üçün İnstitutun şöbə işçiləri arasından elmi ada iddialı olanlar, onların tədqiq edəcəyi və etdiyi mövzular dəqiqləşdirilməlidir. Bundan sonra artıq gerçək proqnozlu rəqəmləri müvafiq İdarəyə təqdim edilə bilər.
Məsələnin müzakirəsində t.e.d. Ə.Cəfərov, t.e.d. N.Müseyibli, t.ü.f.d. Z.Həsənov, t.ü.f.d. F.Quliyev, t.ü.f.d. C.Eminli, t.ü.f.d. A.Ələkbərov, t.ü.f.d. B.İbrahimli iştirak etdilər.
Elmi Şuranın gündəliyinin dördüncü məsələsi — 2020-ci ilin Fərdi iş planlarının təhvil verilməsi barədə idi. İnstitutun direktoru, t.e.d., professor Maisə Rəhimova mövzu üzrə çıxış edərək 2020-ci il üçün Fərdi iş planlarını təhvil vermiş şöbə və əməkdaşların siyahısını sadaladı. Daha sonra professor M.Rəhimova bildirdi ki, artıq qarşıdakı həftə üçün əməkdaşlar və şöbələr bu il üçün Fərdi iş planlarını bütünlüklə təhvil verməlidirlər.
Elmi Şuranın gündəliyinin beşinci məsələsi — 2017-ci ilin çöl tədqiqatlarının nəşrə təqdim edilməsi barədə idi. İnstitutun direktoru, t.e.d., professor Maisə Rəhimova mövzu üzrə çıxış edərək 2017-ci ilin çöl tədqiqatlarının nəşri üçün müvafiq hesabat xarakterli məqalələrin bəzilərinin hələ də təqdim edilmədiyini bildirdi. O, qeyd etdi ki, bu gedişatla artıq məcmuənin nəşri hesabat xarakterli məqalələri təqdim etməyən müəlliflərin yazıları olmadan baş tutacaq.
Elmi Şuranın gündəliyinin altıncı məsələsi — AMEA alimlərinin elektron məlumat bazasının yaranması barədə idi. İnstitutun direktoru, t.e.d., professor Maisə Rəhimova mövzu üzrə çıxış üçün sözü İnstitutun elmi işlər üzrə direktor müavini, t.e.d., professor N.Müseyibliyə verdi. Professor N.Müseyibli çıxışında bildirdi ki, yanvarın 28-də AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “Elmi kadrlar” Milli İnformasiya Sisteminin təqdimatı və elmi müəssisələrin vəzifələri ilə bağlı təlim seminarı keçirilib. “Seminarda AMEA-nın və ümumilikdə respublikamızın elmi müəssisələrində çalışan elmi işçilər barədə informasiyanı özündə cəmləşdirən elektron bankın yaradılması üçün artıq hazır internet resurs və ondan necə istifadə olunması təqdim edildi. Elektron bankdan istifadə təlimatı çox asandır və elə həmin internet resursa giriş səhifəsində əksini tapıb.”- deyə professor N.Müseyibli bildirdi. Daha sonra professor N.Müseyibli qeyd etdi ki, “Elmi kadrlar” Milli İnformasiya Sistemində özləri barədə məlumat qrafaları elmi əməkdaşlar tərəfindən tezliklə doldurulmalıdır. Mövzu üzrə müzakirələrdə İnstitutun Kadrlar şöbəsinin rəhbəri Gülüstan İsayeva, t.e.d. H.Cəfərov, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Qasımov çıxış etdilər.
Daha sonra Elmi Şura cari məsələləri müzakirə etdi. Cari məsələlər sırasında davamiyyət tabellərinin hər bir ayın 25-dək İnstitut rəhbərliyinə təqdim edilməsi məsələsi barədə İnstitutun ümumi işlər üzrə direktor müavini Malik Əliyev çıxış etdi.




© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.