Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AZƏRBAYCAN ARXEOLOGİYASINA AID YENİ KİTAB NƏŞR OLUNUB

  16.11.2020

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru professor Nəcəf Müseyiblinin “Leylatəpə mədəniyyəti” (Bakı:-“Elm və Təhsil”, 2020, 576 s.-34,5 çap vərəqi) adlı iri həcmli yeni kitabı nəşr olunmuşdur. Əsər müəllifin son 15 ildə apardığı elmi araşdırmaların nəticələrini əhatə edir.
Kitab e.ə. V minilliyin sonu-IV minilliyin birinci yarısında – Son Xalkolit dövründə Cənubi Qafqazda, xüsusilə də Azərbaycan ərazisində yayılmış Leylatəpə arxeoloji mədəniyyətinin tədqiqatlarına həsr olunmuş ilk geniş həcmli monoqrafik əsərdir. Qarabağda eyni adlı yaşayış yerinin qazıntıları əsasında kəşf edilmiş Leylatəpə mədəniyyətinin tədqiq olunmuş bütün abidələri əsərdə ətraflı təhlil edilmiş, bu mədəniyyətin Azərbaycanın qədim tarixində mühüm əhəmiyyəti araşdırılmışdır. Əsərdə uzun illər ərzində arxeoloji qazıntılar aparılmış yaşayış məskənlərinin və qəbir abidələrinin, zəngin maddi mədəniyyət nümunələrinin – keramika, daş, sümük, metal məmulatlarının tədqiqatları əsasında Leylatəpə mədəniyyətinin bütün səciyyəvi xüsusiyyətləri, mənşəyi şərh edilmiş, Ön Asiya-Qafqaz Xalkolit mədəniyyətləri sistemində tarixi-xronoloji mövqeyi müəyyənləşdirilmişdir. Arxeoloji tapıntıların təhlilləri əsasında Leylatəpə mədəniyyəti əhalisinin təsərrüfat həyatı və sosial durumu şərh edilmişdir. Həmçinin, arxeoloji tədqiqatlar nəticəsində əldə edilmiş tapıntıların dünyanın qabaqcıl elmi laboratoriyalarında aparılmış arxeometrik analizlərinin (radiokarbon, palinoloji, antropometrik və d.) nəticələri də kitabda öz əksini tapmışdır.
Əsər Leylatəpə mədəniyyətinə aid abidələrin qazıntılarının planlarını, tapıntıların fotolarını və qrafik təsvirlərini əks etdirən çoxsaylı illüstrasiyalarla zəngindir.
Əsərdə göstərilir ki, qədim Azərbaycan əraziləri Son Xalkolit dövründə Şimali Mesopotamiya və Şərqi Anadolu ilə eyni tarixi-mədəni məkana daxil idi və həmin ərazilərdən Cənubi Qafqaza, xüsusilə də Azərbaycan ərazisinə miqrasiyalar nəticəsində Leylatəpə mədəniyyəti meydana çıxmışdır. Eyni zamanda, e.ə. IV minilliyin birinci yarısında Şimali Qafqazda yayılmış, beynəlxalq arxeologiya elmində məşhur Maykop mədəniyyətinin mənşə etibarilə Leylatəpə mədəniyyətinə bağlı olduğu bu monoqrafiyada arxeoloji materiallar əsasında ətraflı şərh edilmişdir.
Kitabın rəyçiləri Rusiya Elmlər Akademiyasının müxbir üzvü Rauf Munçayev və professor Hidayət Cəfərovdur. Leylatəpə mədəniyyətinə dünya elmi dairələrində böyük marağı nəzərə alaraq, gələcəkdə əsərin ingilis və rus dilinə tərcüməsi planlaşdırılır.
Kitab arxeoloqlar, tarixçilər, ali məktəb tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.