Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



İNSTİTUTUN ELMİ ŞURASININ İCLASI KEÇİRİLDİ

  03.12.2020

2020-ci il 02 dekabr tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının videokonfrans formatında növbəti iclası keçirilmişdir. İnstitutun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova iclası açaraq bildirdi ki, 30 ilə yaxın müddətdə erməni işğalı altında olan müqəddəs torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində azad edildi. Professor Maisə Rəhimova bu möhtəşəm Qələbə münasibətilə Elmi Şura üzvlərini təbrik edərək bir daha Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarını təkrar etdi.
Daha sonra professor M.Rəhimova Şura üzvlərini iclasın gündəliyi ilə tanış etdi. Təqdim edilmiş iclasın gündəliyinə münasibət bildirmək təklif olundu. İclasın gündəliyinə təklif və dəyişiliklər barədə fikirlər olmadığından Elmi Şura iclasının birinci məsələsi barədə professor M.Rəhimova çıxış etdi.

Elmi Şuranın gündəliyinin birinci məsələsi — Pandemiya dövründə İnstitutun fəaliyyət istiqamətləri barədə idi. Birinci məsələ üzrə çıxış edən professor M.Rəhimova qeyd etdi ki, COVİD-19 pandemiyası ilə əlaqədar olaraq İnstitutun əməkdaşlarının fəaliyyəti karantin rejiminin tələblərinə uyğun yenidən qurulmuş və obyektiv səbəblərdən karantin məhdudiyyətlərinə baxmayaraq il ərzində İnstitutun şöbələri öz fərdi planlarına uyğun olaraq elmi fəaliyyətini davam etdirmişlər. Arxeoloji və etnoqrafik tədqiqatlar aparılmış, kitablar və məqalələr nəşr edilmişdir. Professor Maisə Rəhimova xüsusilə professor H.Cəfərovun rəhbərliyi altında “Azərbaycan arxeologiyası” çoxcildliyinin ikinci cildini qeyd etdi. “Avqust ayından etibarən arxeoloji ekspedisiyalar bir çox bölgələrdə fəaliyyətini bərpa etmişdir. Məlum olduğu kimi 2005-ci ildən İnstitutumuzda beynəlxalq əməkdaşlıq çərçivəsində yaradılmış beynəlxalq ekspedisiyalar fəaliyyətə başlamışdır. Amma bu il COVİD-19 pandemiyası ilə əlaqədar beynəlxalq ekspedisiyalar öz işini müvəqqəti dayandırmalı oldu. Amma buna baxmayaraq beynəlxalq ekspedisiyaların fəaliyyətinin nəticələri ilə bağlı impakt-faktorlu beynəlxalq elmi jurnallarda məqalələr dərc edilmişdir. Bunlar sırasında t.ü.f.d. Fərhad Quliyevin həmmüəlliflərindən biri olduğu və xalqımızın etnogenezində iştirak etmiş qədim populyasiyaların genetikasına həsr edilmiş məqaləni, t.ü.f.d. Bəxtiyar Cəlilovun həmmüəllifi olduğu tunc dövrü kurqanları barədə və d. məqalələri göstərmək olar. Ötən il elan olunmuş doktoranturaya və dissertanturaya qəbul ilə bağlı bütün mərhələlər başa çatıb. Magistraturaya qəbul olunmuş gənclərlə dərslər onlayn aparılıb. Pandemiya ilə bağlı İnstitutumuzun Dissertasiya Şurası fəaliyyət göstərmir, amma yaxın zamanlarda Dissertasiya Şurası işə başlayacaqdır”. Professor Maisə Rəhimova həmçinin, bu il 70 illik yubileyi olmuş tanınmış arxeoloqlarımız Qafar Cəbiyevi və Qəhrəman Ağayevi İnstitut kollektivi adından təbrik etdi. Təklif və iradlar olmadığından yekdil müsbət rəylə Elmi Şura tərəfindən professor M.Rəhimovanın pandemiya dövründə İnstitutun fəaliyyət istiqamətləri barədə çıxışı qəbul olundu.

Elmi Şuranın gündəliyinin ikinci məsələsi — 2019-2020-ci illər fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə qəbulun nəticələri barədə idi. Bu barədə İnstitutun şöbə müdiri, t.ü.f.d. Səfər Aşurov məlumat verdi. O, bildirdi ki, ötən il dekabrda 2019-2020-ci illər fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə qəbul barədə elan verilmişdi. 2020-ci ilin yanvar ayında sənəd qəbulu başa çatdı, imtahanlar keçirildi və nəhayət, 2020-ci ilin 1 may tarixində AMEA Prezidiumunun qərarı ilə aşağıdakı şəxslər doktorant və dissertant kimi təsdiq olundu: fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya 2 nəfər qəbul olundu - Musayeva Sahibə Xəlil qızı (etnoqrafiya və etnologiya ixtisası üzrə, elmi rəhbər t.e.d., Ş.Bünyadova), Həsənovi Vüsal Paşa oğlu (etnoqrafiya və etnologiya ixtisası üzrə, elmi rəhbərlər a.e.d., Ə.Məmmədli və türkiyəli antropoloq, Ankara Universitetinin doktoru, professor Ayla Sevim Erol).
Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 2 nəfər qəbul olundu. Bunlardan biri arxeologiya ixtisası üzrə Cavid Qulaməli oğlu Bayramovdur (elmi rəhbər t.ü.f.d. Zaur Həsənov). İkincisi isə, etnoqrafiya və etnologiya ixtisası üzrə Nicat İlham oğlu Qocayevdir (elmi rəhbər t.e.d. Solmaz Məhərrəmova).
Elmlər doktoru hazırlığı üzrə dissertanturaya 3 nəfər qəbul olub. Onlardan iki nəfər arxeologiya ixtisası üzrədir: t.ü.f.d. Dmitriy Aleksandroviç Kiriçenkodur (arxeologiya ixtisası üzrə, elmi məsləhətçi t.e.d. N.Müseyibli). İkincisi, Ələkbərov Valeh Ələddin oğludur (arxeologiya ixtisası üzrə, elmi məsləhətçi t.e.d. H.Cəfərov). Etnoqrafiya və etnologiya ixtisası üzrə isə, t.ü.f.d. Sevda Tofiq qızı Səmədovadır (elmi məsləhətçi hələki seçilməyib).
Elmlər doktoru hazırlığı üzrə doktoranturaya 1 nəfər qəbul olub. Ruslan Hilal oğlu Rəhimov (etnoqrafiya və etnologiya ixtisası üzrə, elmi məsləhətçi a.e.d. Ə.Məmmədli).
Bu ilin sentyabrında AMEA RH tərəfindən fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə qəbul barədə elan verildi. Sənədlərin qəbulu oktyabr ayında sona çatdı. Amma pandemiya ilə əlaqədar bir sıra problemlər ortaya çıxıb ki, bu problemlər çözüləndən sonra müvafiq qərarlar qəbul ediləcək.

Elmi Şuranın gündəliyinin üçüncü məsələsi — 2018-2020-ci illərdəki magistr təhsilinin və 2020-2022-ci illər magistr hazırlığı üzrə qəbulun nəticələri barədə idi. Bu barədə İnstitutun şöbə müdiri, t.ü.f.d. Səfər Aşurov məlumat verdi. O bildirdi ki, bu il bizim 2 magistrimiz — Bayramova Günay Vahid qızı (rəhbəri t.ü.f.d. B.İbrahimli), Məmmədli Nərmin Mirzə qızı (rəhbəri t.ü.f.d. Z.Həsənov) — magist dissertasiya işlərini müdafiə ediblər. Hər ikisi təhsil müddətini başa vurduqlarına görə fərqlənmə diplomu alıblar. Bu il də hər iki magistr çöl-tədqiqat işlərində iştirak ediblər.
Bu il İnstituta mədəni antropologiya ixtisası üzrə magistraturaya yer ayrılmışdı. Dövlət İmtahan Mərkəzi vasitəsilə 2 nəfər qəbul olunub ki, hal-hazırda təhsillərini davam etdirirlər. Bunlardan biri Nərmin Arzu qızı Abbaszadə, ikincisi Şaxanım İlqar qızı Bayraməlidir. Hər ikisi a.e.d. Ə.Məmmədlinin rəhbərliyi ilə mədəni antropologiya üzrə onlayn qaydada təhsillərini davam etdirirlər. Sual və təkliflər olmadığından gündəlikdəki dördüncü məsələnin müzakirəsinə başlanıldı.

Elmi Şuranın gündəliyinin dördüncü məsələsi — hazır işlərin çap üçün müzakirəsi idi. Müzakirəyə çıxarılmış hazır işlər sırasında ilk olaraq C.S.İsmayılovun “Azərbaycanın üst paleoliti” monoqrafiyası (monoqrafiyanın rəyçiləri: t.e.d. A.Seyidovdur və mərhum t.e.d. V.Əliyev olub) idi. İnstitutun direktoru, t.e.d., professor Maisə Rəhimova bildirdi ki, monoqrafiya “Daş dövrü arxeologiyası” şöbəsində müzakirə edilib və çapa məsləhət görülüb. Təklif və iradlar olmadığından yekdil müsbət rəylə Elmi Şura tərəfindən elmi iş çapa məsləhət görüldü. Müzakirəyə çıxarılmış ikinci hazır elmi iş — M.M.Hüseynov, S.D.Əliyev, D.V.Hacıyev, Ə.Q.Cəfərov, Ə.V.Məmmədov və b.-nın “Azıx mağarası: Azərbaycan ərazisində ən qədim ibtidai insan düşərgəsi” rus dilində olan kollektiv əsəri idi. S.Aşurovun bildirdiyinə görə, əsərin rəyçiləri: t.e.d. A.Seyidovdur və mərhum t.e.d. V.Əliyev olub. Monoqrafiya “Daş dövrü arxeologiyası” şöbəsində müzakirə edilib və çapa məsləhət görülüb. Təklif və iradlar olmadığından yekdil müsbət rəylə Elmi Şura tərəfindən elmi iş çapa məsləhət görüldü.
Müzakirəyə çıxarılmış üçüncü hazır elmi iş — İnstitutun “Elmi ekspozisiya” şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d. F.Quliyevin və yaponiyalı professor Yoşihiro Nişiyakinin “Sivilizasiya başlanğıc ərəfəsində: Göytəpə qədim yaşayış yeri” əsəridir. Kitab barədə t.ü.f.d. F.Quliyev bildirdi ki, yaponiyalı mütəxəssislərlə tədqiqatların nəticələri barədə iki kitab çap edilməsi barədə razılığa gəlindi. Bir kitab İngiltərədə, digər kitab Azərbaycanda nəşr olunacaq. Kitab “Eneolit və ilk tunc dövrü arxeologiyası” şöbəsində müzakirə olunub. Təklif və iradlar olmadığından yekdil müsbət rəylə Elmi Şura tərəfindən elmi iş çapa məsləhət görüldü.
Müzakirəyə çıxarılmış dördüncü hazır elmi iş — t.ü.f.d. M.M.Mustafayevin “İmişli rayonunun arxeoloji abidələri (Albom kataloq)” əsəri oldu. S.Aşurovun bildirdiyinə görə, əsərin elmi redaktoru professor M.Rəhimova, rəyçilər t.ü.f.d. Elmira Cəfərova və Akif Quliyevdir. Təklif və iradlar olmadığından yekdil müsbət rəylə Elmi Şura tərəfindən elmi iş çapa məsləhət görüldü.

Elmi Şuranın gündəliyinin beşinci məsələsi — “Daş dövrü” və “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbələrinin illik hesabatları idi. “Daş dövrü” şöbəsinin müdiri, t.e.d., professor Ə.Cəfərov bildirdi ki, 33 il bundan əvvəl erməni mafiyasına xidmət edən qüvvələr Qarabagı işğal altında saxlamışdılar. “Bu qələbə münasibətilə cənab Prezidentimizi və xalqımızı təbrik edirəm. 2020-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Baş Planına uyğun olaraq şöbə iki mühüm problem üzərində işləyir. 1. Azərbaycanda Daş dövrü abidələrinin tədqiqi, 2; Qobustan abidələrinin arxeoloji tədqiqidir. Bizim şöbəmizdə 3 nəfər - mən, Ceyhun İsmayılov və Mansur Mansurov bu sahələr üzrə tədqiqat işləri aparırlar. Bu il də mənim plan işim üzrə əsasən çoxtəbəqəli dünya şöhrətli Azıx paleolit düşərgəsi haqqında tədqiqatları başa vurmalı idik. Düzdür, Məmmədəli Hüseynov, Dəmir Hacıyev, Ələsgər Məmmədov bu kompleks haqqında geniş tədqiqatlar aparıblar. Lakin müəyyən qüvvələr tərəfindən şəkillər itirilmişdi və indi o, bərpa olundu. Azıxın hər təbəqəsi haqqında bundan sonra elmi monoqrafiyalar yazılacaq. Bundan başqa, bizim şöbənin alimlərinin planında arxeoloji qazıntılarda iştirak etmək idi ki, onu da yerinə yetirəcəyik. Şöbəmiz məhsuldar işləyib. Bu il Mansur Mansurovun “Qərbi Azərbaycanın alt paleoliti” monoqrafiyası çapdan çıxıb. Monoqrafiyada Qərbi Azərbaycanda xüsusilə də Agstafada və digər qərb ərazisində olan yerüstü abidələrdən Aşel, Mustye dövrünə aid arxeoloji materiallar toplanıb və bunu da bu il institut çap etdi. Hesab edirəm ki, bundan sonra paleolit dövrünə xüsusi qayğı göstəriləcək.Çünki, paleolit dövrünə aid abidələr həm Qərbi Azərbaycanda, həm də Qarabagın dağlıq hissəsində Kəlbəcərdə, Şuşada və Laçında, Lerik, Yardımlı və Naxçıvandadır.
2-ci məsələ Qobustan arxeologiyası haqqında monoqrafiyanın yazılması ilə əlaqədardır. Qobustan qayaüstü abidələrinin tədqiqatçıları Firuzə xanım, İshaq müəllim və s. olub. Bizim şöbə də bu abidənin daş dövrünü araşdırır və ona aid elmi monoqrafiya yazılacaq”. Suallar olmadığından yekdil müsbət rəylə şöbənin hesabatı qəbul edildi.
“Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin müdiri, t.ü.f.d. Bəhlul İbrahimli bildirdi ki, şöbə hələ tam formalaşmadığı üçün o, bütün şöbələrlə əlaqə saxlayır. “Başqa şöbələrdəki bizim şöbənin profilinə uyğun olan məqalələr müzakirə olunur. Bu il bizim şöbədən arxeoloji ekspedisiyada tək mən işləmişəm. Naxçıvan abidələrinin tədqiqi mövzusunda idi. Bu il koronavirus tədbirləri çərçivəsində yaş senzi ilə əlaqədar olaraq mən ekspedisiyaya gedə bilmədim, lakin Xarabagilan arxeoloji ekspedisiyası öz işini davam etdirdi. Ekspedisya 1 ay davam etdi və Elvin Əliyev bu ekspedisiyaya rəhbərlik edirdi. Biz ilk dəfə idi ki, Plovdağın qərb tərəfində qazıntı apardıq. Qısaca deyim ki, orada patriarxal evin böyük bir hasarı idi, hasar da dağın döşündə terrasşəkilli tikililər idi. Bu hasarın özülündə küp qəbir aşkar edildi. Daha sonra orada son tunc dövrünə aid nekropol aşkar etdik ki, bu abidələr kompleksində nekropol var, 3 qədim yaşayış yeri var. Erkən dəmir dövrünü də götürsək, yenə də 8-9 qalalar mövcuddur. Bu ərazidə çoxdəfnli qəbirlər adətən son tunc dövründən başlayır. Bu kurqanda 3 dəfn 3-ü də bir-birinin üstündə dəfn olunmuşdu.
Şöbəmizin işçiləri müxtəlif ekspedisiyalarda iştirak ediblər. Hazırda da şöbəmizin əməkdaşlarından biri ekspedisiyadadır, bitirəndən sonra hesabat verəcək. Bundan başqa, şöbəmizin ağsaqqalı Qüdrət İsmayılzadənin iki elmi monoqrafiyası çap olunub. Mənim də bir monoqrafiyam - Orta əsr Aza şəhəri haqqında çap edilib. Digər bir monoqrafiya da nəşrə hazırlanır. 8-ə qədər məqalə çap edilib, bir neçəsi də çapdadır. Şöbəmizdən 1 nəfər - Günay Bayramova magistraturada oxuyurdu, o da fərqlənmə ilə magistraturanı başa çatdırıb. Bizim şöbə Arxeoloji irsin tarixinin öyrənilməsi ilə məşgul olmağı planlaşdırır. Materiallar həddindən artıq çox oldugu üçün bu tədqiqat Azərbaycanın bütün bölgələri üzrə olacaq. Ərazi üzrə abidələrin bir-bir qeydiyyatı, kimlər tərəfindən hansı vaxtlarda tədqiq olunması, az və ya çox tədqiq edilməsi ilə bağlı materiallar hazırlanacaq. Bu plana uyğun olaraq ədəbiyyat və arxiv materiallarını toplayırıq” - deyə t.ü.f.d. B.İbrahimli bildirdi. Hesabat qəbul olundu və təsdiq edildi.

Elmi Şuranın gündəliyinin altıncı məsələsi — AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin elmi tədqiqat müəssisələrində aparılan kadr dəyişikliklərinin pandemiya dövründə müvəqqəti olaraq açıq səsvermə yolu ilə keçirilməsi haqqında idi. Məsələ üzrə çıxış edən t.ü.f.d. S.Aşurov Elmi Şura üzvlərinin nəzərinə çatdırdı ki, COVİD-19 pandemiyası ilə əlaqədar keçirilən iclaslarda kadr dəyişiklikləri ilə bağlı seçkilər müvəqqəti olaraq, karantin rejiminin sonunadək açıq səsvermə yolu ilə olacaq.

Elmi Şuranın gündəliyinin yeddinci məsələsi — “dosent” elmi adı almaq üçün İnstitutun şöbə müdiri t.e.d., professor Tarix Dostiyevin təqdim olunan sənədlərinin müzakirəsi idi. Professor M.Rəhimova iclas iştirakçılarını professor Tarix Dostiyevin təqdim edilmiş sənədləri ilə tanış etdikdən sonra Elmi Şura iclasının üzvləri iddiaçının namizədliyinin açıq səsverməyə çıxarılmasını təklif etdi. Təklif qəbul olundu. Açıq səsvermə keçirildi.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının 27 üzvündən 19-nun iştirakı ilə keçirilmiş 02 dekabr 2020-ci il tarixli iclasındakı açıq səsvermənin nəticəsinə əsasən, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasına dosent elmi adı almaq üçün təqdim edilmiş şöbə müdiri t.e.d. Tarix Dostiyevin namizədliyi üzrə səslər aşağıdakı kimi olmuşdur: leyhinə - 19, əleyhinə - 0, bitərəf - 0.
Beləliklə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasına dosent elmi adı almaq üçün təqdim edilmiş şöbə müdiri t.e.d. Tarix Dostiyevin namizədliyi yekdilliklə müsbət səs almışdır.

Elmi Şuranın gündəliyinin səkkizinci məsələsi — Diplomatik və xidməti pasportlar haqqında idi. Məsələ üzrə çıxış edən t.ü.f.d. S.Aşurov Elmi Şura üzvlərinin nəzərinə çatdırdı ki, Azərbaycan Respublikası XİN bildirişinə əsasən konkret mövzu üzrə, xidməti pasportlar almış elmi müəssisə şöbələrinin və vəzifəsi üzrə digər vətəndaşlar əgər vəzifələrdən uzaqlaşmış olsalar, xidməti pasportlarını Azərbaycan Respublikası XİN-ə təhvil verməlidirlər.
Daha sonra Elmi Şura cari məsələləri müzakirə etdi.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.