Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



İNSTİTUTUN ELMİ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLDİ

  05.12.2020

2020-ci il 04 dekabr tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının videokonfrans formatında növbəti iclası keçirilmişdir. İnstitutun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova iclası açaraq bildirdi ki, bir müddət öncə bütün respublikamızda Qarabağın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Hər bir Azərbaycan Respublikası vətəndaşı kimi biz də bu anım tədbirində iştirak etdik. Professor Maisə Rəhimova təklif etdi ki, Elmi Şuranın iclasını başlamazdan əvvəl iclas iştirakçıları bir dəqiqəlik sükutla şəhidlərimizin xatirəsini ansınlar. Elmi Şura üzvləri şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Daha sonra professor M.Rəhimova Şura üzvlərini iclasın gündəliyi ilə tanış etdi. Təqdim edilmiş iclasın gündəliyinə təklif və dəyişiliklər barədə fikirlər olmadığından Elmi Şura iclasının gündəlikdəki məsələlərin müzakirəsinə başlanıldı.
Elmi Şuranın gündəliyinin birinci məsələsi — “Eneolit və ilk tunc dövrü arxeologiyası”, “Elmi ekspozisiya”, “Antik dövr arxeologiyası”, “Numizmatika və epiqrafika”, “Orta əsrlər arxeologiyası” şöbələrinin, “Arxeoloji texnologiya” və “Yeni tikinti sahələrinin arxeoloji tədqiqi” sektorlarının illik hesabatlarının dinlənilməsi oldu.
“Eneolit və ilk tunc dövrü” şöbəsi üzrə şöbə müdiri professor Hidayət Cəfərov hesabat verdi. “Bu il elmi tədqiqatlar üzrə pandemiya ilə əlaqədar yaş senzinə görə bir sıra ekspedisiyalırımız fəaliyyət göstərmədi. Yalnız X.Alməmmədovun ekspedisiyası fəaliyyət göstərib. X.Alməmmədov yeni abidə açıb və çox maraqlı nəticələr əldə edib. Eneolit dövrü yaşayış abidələrinin içərisində qəbir abidələrinə çox az təsadüf olunurdu, bu dəfə isə məzarlıq aşkar edilib. Əvvəlki illər çöl tədqiqatları və bu ilki ekspedisiyanın nəticələri barədə elmi monoqrafiya yazılıb və çapa təqdim edilib. Monoqrafiya Qarabagda eneolit, ilk dəmir və tunc dövrünə aid abidələr haqqındadır. Bu il həmçinin, “Azərbaycan arxeologiyası” çoxcildliyinin ikinci cildini də nəşr etdik. Şöbəmizin əməkdaşları elmi konfranslarda həm beynəlxalq və həm də respublika səviyyəsində iştirak ediblər. Müxtəlif ölkələrin elmi müəssisələrilə, həmçinin, Dağıstan və Gürcüstanla əlaqələrimiz olub. Elmi kadrların hazırlanması məsələsinə gəldikdə, t.ü.f.d. F.Quliyev bizim dissertantımızdır və onun kitabı da çapdan çıxacaq. Bundan başqa X.Alməmmədovun doktorluq işini müdafiəyə hazırlaşır”.
Hesabatın müzakirəsində t.e.d., professor Ə.Cəfərov, professor M.Rəhimova, t.ü.f.d. S.Aşurov sual və fikirlərini bildirdilər. Yekdil müsbət rəylə şöbənin hesabatı qəbul edildi.
“Elmi ekspozisiya” şöbəsi üzrə şöbə müdiri t.ü.f.d. Fərhad Quliyev hesabat verdi. “Pandemiyanın nəticəsi olaraq bizim şöbəmizdəki muzey fəaliyyət göstərmədi. Yay mövsümündə qısa müddətli normal vəziyyət yaranarkən muzey işlədi. Bu il bizim Göytəpə ilə bağlı 13 illik tədqiqatın nəticəsini ehtiva edən kitabımız çap olunmalıdır. Kitab Azərbaycan, rus və ingilis dilində hazırdır. Həmin kitab Azərbaycanda da mətnində bir az fərqlə nəşr olunacaq.
Bundan başqa, Göytəpə Arxeoloji Abidəsinin tədqiqi ilə əlaqədar olaraq bu il iki ay qazıntı işləri apardıq. Müharibə gedən zaman da biz abidədə işləyirdik. Şöbəmizin işçiləri Orxan Zamanov, Sevinc Quliyeva və Valeh Ələkbərovun elmi məqalələri çap olunub. Mənim özümün də genetik problemlərlə bağlı elmi məqaləm impakt faktorlu beynəlxalq jurnalda çap edilib. Xaricdə çıxan həmin məqalədə məndən başqa həmmüəlliflər içində Azərbaycandan t.e.d. Tufan Axundov da var, həmçinin, yaxşı tanış olduğumuz yaponiyalı professor Y.Nişiaki, fransalı tədqiqatçı Leonet Bertil də təmsil olunub. Məqaləmiz eneolit dövrü Anadolu genomlarının analizi ilə bağlıdır. Genetik fonla bağlı xaricdə Azərbaycana qarşı qısqanclıq olduguna görə müəyyən məsələlər var. Bunu nəzərə almaq lazımdır”.
Hesabatın müzakirəsində t.ü.f.d Pərviz Qasımov, t.ü.f.d. B.İbrahimli, t.ü.f.d. Z.Həsənov iştirak etdilər. Yekdil müsbət rəylə şöbənin hesabatı qəbul edildi.
“Antik dövr arxeologiyası” şöbəsi üzrə şöbənin müdiri t.ü.f.d. Zaur Həsənov hesabat verdi. “Pandemiyaya baxmayaraq, bizim şöbə aktiv işləyib. Şöbədə olan ekspedisiyaların əksəriyyəti fəaliyyət göstərib. Ondan əlavə olaraq bu il Şəkidə və Yardımlıda yeni ekspedisiyalarımız işə başladı.
Yardımlı rayonu Urakəran kəndi ərazisində Bilgəh adlı sahədə antik dövrə aid qəbirlərin tədqiqi Ceyhun Eminli tərəfindən aparılmışdı. Bir neçə küp və daş qutu qəbir aşkar olunmuştu. Diqqət çəkən zoomorf keramikanın tapılmasıdır.
Ceyhun Eminli tərəfindən Qəbələdə Çaqqallı yaşayış yerində qatlar öyrənilib və Soltanmuxa kəndində Qəfərli adlı antik dövrə aid yaşayış yeri və qəbiristanlıq tədqiq edilib. Qədim Romaya aid maddi mədəniyyət nümunələr aşkar edilib.
Natiq Alışov Balakən rayonunun Tülü kəndində antropoloji və arxeoloji tədqiqatlar aparıb. Bu il üst qatda yerləşən, uzunluğu qərb girişi ilə birlikdə 19 m, eni 6,70 metrlə 12,30 m arasında dəyişən bir zallı kilsənin ilk dövrlərdə cənub divarında olan və hörülərək bağlanmış giriş qapısının yeri müəyyənləşdi. İndiyə qədər həmin abidədə bütöv şəkildə 40 insan skeleti və pərakəndə halda 30-dan artıq insana məxsus sümük fraqmentləri aşkar edilib və Antropoloji mərkəzinə tədqiqat üçün təqdim edilib. Memarlıq nöqteyi-nəzərən alt qatda yerləşən üç zallı abidə xristianlığın Suriya, üst qatda yerləşən abidə isə Bizans memarlığına yaxınlığı ilə xarakterizə edilir.
T.ü.f.d. Əkbər Bədəlovun Naxçıvanda Meydantəpədə tədqiqatları olub. Divar qalıqları və maddi mədəniyyət nümunələri aşkar olunub.
Zaur Həsənovun rəhbərliyi altında aparılan ekspedisiya Şəkinin Təpəbaşı abidəsində işini davam edtirmişdi. İndiyədək bu abidə qəbiristanlıq olaraq tədqiq edilirdi. Bu il isə ilk dəfə olaraq yaşayış yerinin təsəruffat qurğuları aşkar olunmuşdu. Onların içində keramika istehsalı üçün bir kürə və 8 təsərrufat quyusu vardır. Bu abidənin çox maraqlı perspektivləri var.
Dövlət Turizm Agentliyinin Kiş Tarixi-Memarlıq Qoruğunda maliyyələşdirdiyi ekspedisiya iki ay ərzində işləyib. Ekspedisiyanın rəhbəri Zaur Həsənovdur. Tədqiqatın bir hissəsi Kiş məbədində aparılıb. Orada Antropologiya Mərkəzinin əməkdaşları Vüsal Həsənov və Ülkər Allahverdiyeva Kiş kəndindəki Alban məbədindəki skeletləri tədqiq ediblər və konservasiya işlərini aparıblar. Onların bu tədqiqatla bağlı birgə məqaləsi nəşr olunacaq.
Ekspedisiya eyni vaxtda Antik dövrə aid Kiş-Doxun nekropolunda qazıntılar aparıb. Bu abidəni ilk dəfə olaraq 1980-ci illərdə Nəsib Muxtarov tədqiq edib. Bu il bizim ekspedisiya 3 qazıntı sahəsində tədqiqat aparılmıtı. Qəbiristanlıqda tamami ilə fərqli iki qəbir növü aşkar edilib. Birinicisində uzadılmış insan skeleti və eyni zamanda küpün içində və ətrafında kollektiv dəfn aşkar edilmişdi. Həmin qəbirdə sarmat tipli böyük olçülü bıcaq aşkar olunmuşdu. Bu tipli dəfnlər Dağıstanda aşkar edilib və orada Alban-Sarmat dövrü dəfnlərə aid edilir. İkinci dəfn növü üst-üstə yerləşən 3 yarusdan ibarətdir və onların üstündə əlavə olaraq 4-cü yarus olaraq ayin yeri yerləşirdi. Bu kollektiv dəfndən 18 insan kəlləsi və skelet qalıqları tapılmışdı. Bu tip çox yaruslu qəbirlər Şimali Qafqaz arxeologiyasında Sarmat və Alanlara aid olunur. Gələn il Azərbaycan-Qazaxıstan Beynəlxalq arxeoloji ekspedisiyası bu abidədə tədqiqatları birgə aparacaq. Ümümilikdə bu abidədə 302 əşya aşkar edilib. Onların içində həm yerli Alban tapıntıları, həm Roma importu, həm də Sarmat tipli tapıntılar var.
Beynəlxalq əlaqələr haqqında deyə bilərəm ki, N.Alışov 2019-cu ilin sonunda mənim rəhbərlik etdiyim “Horizon 2020” proqramı çərçivəsində Türkiyənin İhsan Doğramacı adına Bilkənd Universitetində ezamiyyətdə olub. Oradan çoxlu materiallar toplayıb. 2020-ci ildə Ceyhun Eminli Böyük Britaniyanın Oksford Universitetində Bərdə arxeoloji qazıntılarına həsr olunmuş konfransda iştirak edib. 29 fevralda həmin universitetin Ertekin Haus mərkəzində “Qafqazda Arxeoloji tədqiqatlar” forumunda “Qəbələnin Səlbir yaylasında aparılan yeni arxeoloji tədqiqat” adlı mövzuda çıxış edib. Onun bu çıxışları konfrans materiallarında nəşr olunacaq. “Horizon 2020” proqramı çərçivəsində Antropoloji Mərkəzin elmi əməkdaşı Vüsal Həsənov Ruminiyada ezamiyyətdə olub və Rumıniya antropoloqları ilə elmi əlaqələr yaradıb.
Gələcəkdə də bu ezamiyyətlər davam edəcək. Müxtəlif onlayn seminarlarda iştirak etmişik. Aprelin 27-də İtaliyanın CAMNES Mərkəzi və SNRS -in təşkilatçılığı ilə kurqanların qurulması, Qafqaz, Şimali-Qərbi İran və Şərqi Anadoluda kurqanlar və dəfn adətləri adlı tədbir keçirildi. Mən o iclasda çıxış etmişəm. Mənim məqaləm o topluda yer alıb. Eyni topluda Bəxtiyar müəllimin və Müzəffər müəllimin də də məqaləsi çap edilib. Aprel ayında Şərqi Qazaxıstan Dövlət Universitetinin təşəbbüsü ilə keçirilən mitinqə dəvət edildim və Azərbaycan və Qazaxıstan beynəlxalq arxeoloji ekspedisiyaları haqqında çıxış etdim. Bu hesabatlar yazılıb və müzakirələri keçirilib. 6 hesabat hazırlanıb və Mədəniyyət Nazirliyinə təqdim edilib.
Yeni kadrlardan Cavid Bayramov yüksək göstəricilərlə imtahan verib, doktoranturaya qəbul edilib. Mövzusu “Azərbaycanın antik dövr hərb sənəti”dir. Elmi rəhbəri mənəm. Şöbənin böyük laborantı Nərmin Məmmədli də magistraturanı əla qiymətlərlə bitirib və onun mövzusu “Şirvan bölgəsinin antik dövrə aid metalişləmə sənəti Milli Azərbaycan Tarix muzeyi materialları əsasında” olub. Bu iki gənc əməkdaşımız və şöbənin gənc əməkdaşı rəssam Nərmin Bayramova mənim rəhbərlik etdiyim qazıntılarda da fəal iştirak ediblər”.
Hesabatın müzakirəsində t.e.d., professor Ə.Cəfərov və t.ü.f.d. B.İbrahimli iştirak etdilər. Yekdil müsbət rəylə şöbənin hesabatı qəbul edildi.
“Numizmatika və epiqrafika” şöbəsi üzrə şöbənin müdiri t.ü.f.d. Akif Quliyev hesabat verdi. “2020-ci ildə bizim şöbəmiz 3 istiqamətdə fəaliyyət göstərib. 1. Azərbaycanda numizimatik tədqiqatlar; 2. Azərbaycanda epiqrafik tədqiqatlar; 3. Şamaxı və onun ətrafının arxeoloji tədqiqi mövzusu. 2020-ci il may ayında Şamaxı arxeoloji ekspedisiyasına Quşçu kəndi ərzisində nekropolun aşkar edilməsi haqqında məlumat daxil olmuşdur. Biz orada olarkən bizə Parfiya dövrünə aid III Artabana aid eramızın 10-38-ci illərinin gümüş sikkə draxma təqdim edildi. İkinci material Şirvan ərazisində 17-ci əsrdə zərb edilmiş mis felsi idi. Onun da üzərində yalnız fulus-zər sözləri oxundu. Bundan başqa, İmişli Arxeoloji Ekspedisiyasının rəhbəri Mikayıl Mustafayev tərəfindən bizə mis sikkələr təqdim edilib. Təmizləndikdən sonra məlum oldu ki, Atabəylər dövrünə aid sikkələrdir. Üzərindəki yazılar pozulmuşdu. Tarix İnstitututnun əməkdaşı Dilavər Əzimli tərəfindən iki ədəd gümüş pul şöbəmizə daxil olub. Bu pullar 1900 və 1907-ci illərdə zərb edilmiş 100 və 50 dinarlıq Qacarlar dövrünə aid, üzərində şiri-xurşud təsviri olan sikkələrdir.
2020-ci ilin avqust ayında şöbəmiz Şamaxı Arxeoloji Ekspedisiyasının Buğurt qalasında tədqiqat işləri aparıb. Qeyd edim ki, son tədqiqat işləri ötən əsrinn 70-ci illərində aparılıb. Yarım əsrdən sonra orada təkrar tədqiqat işləri apardıq. Torpağın altından inzibati bir binanı təmizlədik. Çox maraqlı bir bina idi, gizli otagı da var idi. Bundan başqa, Quşçu nekropolunda da qazıntı işləri aparıldı. Həmin nekropol yerli sakinin yaşayış ərazisi oldugu üçün bu işlər yarımçıq dayandırıldı. Sündə ərazisində məktəb tikintisi zamanı nekropol aşkar edilmişdi. Burada da kəşfiyyat xarakterli işlər aparıldı və tədqiqatlar gələn il davam etdiriləcək.
3-cü mövzumuz isə Turizm Agentliyi ilə birlikdə bir layihə idi. Lahıc ərazisində olan epiqrafik abidələrin tədqiqatı başlandı. Biz ora Şərqşünaslıq İnstitututnun da əməkdaşlarını dəvət etmişdik. O mövzunun hesabatı hazırdır. Şöbəmizin bir nəfər Afiq Abdullayev adlı dissertantı var. Hazırda öz tədqiqat işlərini davam etdirir. Əməkdaşlarımız fərdi plan üzrə görüləcək işləri yerinə yetiriblər, xaricdə konfranslarda onlayn iştirak ediblər. Bu il də Sankt-Peterburqda keçirilən 60 ölkədən nümayəndələr iştirak edən və dünya banklarının buraxdığı ən yaxşı pulların sərgisi keçirilir. Mən orada münsifəm. “Azergold”la müqaviləmiz var və bu benəlxalq kolleksiyalarda Azərbaycan pullarının da iştirakını təmin etmək üçün danışıqlar gedir”.
Hesabata dair suallar olmadığından yekdil müsbət rəylə şöbənin hesabatı qəbul edildi.
Yeni tikinti sahələrinin arxeoloji tədqiqi sektoru üzrə hesabat məruzəsi ilə sektorun rəhbəri t.ü.f.d. Qoşqar Qoşqarlı çıxış etdi: “Şöbəmizin əməkdaşları 2020-ci ildə hec bir büdcədən maliyyələşən ekspedisiylarda iştirak etməyiblər. Biz iki istiqamətdə çöl-tədqiqat işləri aparmışıq. Goranboy rayonunda Kərpiclitəpə abidəsinin tamamilə konservasiyasını həyata keçirmişik. İkinci işimiz isə, Ümid-Babək yatagından çəkilən qaz kəməri zamanı Qaradağ rayonu ərazisində Ələtdən başlayaraq Hacı Mahəmməd kəndinə qədər olan 35 km-lik yolun arxeoloji tədqiqatını idi. Biz o hesabatı hazırlayıb sifarişçilərə təqdim etdik. BP xəttiylə olan ekspedisiyaların nəticələrinin hesabatlarını təqdim etmişik. Nəşr məsələsinə gəlincə, mənim monoqrafiyam, yəni “Azərbaycan və Böyük İpək Yolu” kitabı rus və ingilis dilində çapa hazırdır. Onun çapını gözləyirik. Beynəlxalq konfranslarda əməkdaşımız t.ü.f.d. Azad Zeynalov onlayn iştirak edib. Bu il şöbəmizdə 12 məqaləni çapa təqdim etmişik, 7-si çapdan çıxıb. Kadr hazırlığında xüsusi dəyişiklik yoxdur. Qrant müsabiqəsində Azad Zeynalovun layihəsi qəbul edilib”.
Hesabata dair suallar olmadığından yekdil müsbət rəylə şöbənin hesabatı qəbul edildi.
“Orta əsrlər arxeologiyası” şöbəsi üzrə illik hesabatla t.e.d. Tarix Dostuyev çıxış etdi. “Orta əsrlər arxeologiyası şöbəsi pandemiya ilə əlaqədar çöl tədqiqatlarında zəif iştirak edib. Məqalələr, hesabatlar yazılıb təhvil verilib. Şöbə əməkdaşı Mikayıl Mustafayev İmişli rayonunda Qızıltəpə abidəsində 200 kv-metrlik ərazidə qazıntı aparıb. Təndir qalıqları, şirli qablar, müxtəlif nümunələr tapılıb. Abidə orta əsrlərin Səlcuq dövrünə aiddir. Beynəlxalq Əlaqələrə gəldikdə şöbə əməkdaşı Elmira Cəfərova aprelin 17-18-də Almatıda keçirilən “Mərkəzi Asiyanın ənənəvi və qədim cəmiyyətlərinin tarixi mədəni irsi : öyrənilmə, şərh və mühafizə problemləri” mövzusunda “Azərbaycanda arxeoloji tədqiqatların başlanğıcı” adlı məruzə göndərib. Böyük elmi işçimiz Namiq Hüseynli də aprel ayında eksperimental arxeologiya və mədəni irslə bağlı xarici mütəxəssislərin də iştirak etdiyi videokonfransda iştirak edib. Oktyabr ayında Mahaçqalada keçirilən “Qafqazın arxeoloji abidələrinin öyrənilmə və mühafizəsinin aktual problemləri” mövzusundakı konfransa məruzə göndərmişəm. İştirak etməsək də məruzələr çap edilib və iştirakçılara göndərilib. Hesabat ilində 1 monoqrafiya, 7 məqalə çap edilib. Monoqrafiya orta əsr Şəmkir şəhərinin keramikasına həsr olunub. Şəmkir abidələrinin istehkam tikililərinə həsr olunmuş məqalə də çap edilib”.
Hesabatın müzakirəsində t.ü.f.d. B.İbrahimlinin verdiyi sualı t.e.d. T.Dostiyev cavablandırdı. Hesabata dair daha suallar olmadığından yekdil müsbət rəylə şöbənin hesabatı qəbul edildi.
“Arxeoloji texnologiya sektoru” üzrə illik hesabatla sektor müdiri t.ü.f.d. Bəxtiyar Cəlilov çıxış etdi. “Biz bu il Daşkəsən rayonunda çöl-tədqiqat işləri apardıq. Hətəm Kəsəmənli bu ərazidə uzun illər geniş tədqiqat işləri aparıb. Bu da Xoşbulaq ərazisində Çoban Abdallı yurdu kurqanların yerləşdiyi ərazidir. Daşlıtəpə qalaçasından 500 metr aralıda yerləşən bir ərazidir. Hətəm müəllim 8 kurqan qazsa da, 15 kurqan qeydiyyata almışdı. Qazıntı zamanı bir daş qutu qəbir tapdıq. Lakin Hətəm müəllimin qazdığı bir kurqan altında 7-10-20 daş qutu qəbirlər aşkar olmuşdu. Kurqan vaxtilə qarətə məruz qalıb. Ondan yalnız çanaq hissəsindən aşagı hissəsi bütöv qalmış, qalan hissəsi dağılmış və üzərində olan bəzək əşyaları mənimsənilmişdi. Buna baxmayaraq, 4 ədəd saxsı qab nümunəsi və iki mis bilərzik və iki tunc üzük də tapdıq. Sonradan məlum oldu ki, bu, heç də kurqan deyil. Biz buranın tikili-qala olması qənaətindəyik. Düşünmürük ki, kurqanların əhatəsində yaşayış yeri olsun, amma qurbangah və ya ibadətgah ola bilər. Nümunələrin tapılmaması da imkan verir ki, buranın yaşayış yeri olmaması qənaətinə gələk. Xoşbulaq ərazisində başqa bir daş qutu qəbir aşkar etdik. Bu qəbir də qarətə məruz qalmışdı. Qəbir kamerasının kənarından tunc kəmərin korroziyaya uğramış qalıqları və bir xəncər tiyəsi aşkar etdik. Bəzək əşyaları aşkar etmədik.
Digər tədqiqat predmetim Cənubi Qafqazın kurqan mədəniyyətidir. Tovuz rayonunda tədqiqat aparmaq qərarına gəldik. Mahmudlu və Kərimli kəndlərində böyük kurqanlar var, lakin əksəriyyəti əkin sahələrinin içində qalıb. Əkin zamanı sallama qəbirlərin oldugu bilindi və bizə onun fotoları da var. Bir neçə qəbir tipli abidələrdə qazıntılar aparıldı. Bir yerdən 6 ədəd torpaq qəbir aşkar edildi. Dəmir və ilk antik dövrə aid idi. Antik dövrə aid qablar tapıldı o qəbirlərdən.
Beynəlxalq əlaqələr: İtaliyanın Florensiya şəhərində yerləşən Aralıq Dənizi və Yaxın Şərqdə Arxeoloji Tədqiqatlar Mərkəzi ilə elmi əməkdaşlığımız var. O cümlədən, Kataniya Universiteti ilə. Bu il pandemiya ilə əlaqədar birgə beynəlxalq ekspedisiyalar apara bilməsək də, indiyə qədər aparılmış laborator tədqiqatlara aid məqalələr yazıldı. SNRS-lə əməkdaşlığımız var. Azərbaycanın son eneolit və ilk tunc dövrü abidəsi olan Qaraçay abidəsində qazıntılar aparılırdı. Bizim 2018-ci ildə Florensiyada keçirilən elmi konfransın materiallarının çapının müzakirəsi keçirilib. Bu il də yenə də elmi məqalələr, laborator analizlər davam etdirilib. Bu il şöbəmizdə 8 məqalə dərc olunub. Onlardan biri bizim italiyalı mütəxəssislərlə birlikdə Gəncə və yaxın ərazilərdə aparılan arxeoloji tədqiqatlara həsr olunmuş məqalə impakt faktorlu jurnalda nəşr olunub. Xaricdə beynəlxalq konfransların materiallarında çap olunan məqalələrimiz var. Şöbəmizin əməkdaşları 10 məqalə yazıblar, onlardan 6-sı xaricdə nəşr olunmuş məqalədir. Kadr hazırlığına gəlincə, şöbənin kiçik elmi işçisi Leyla Rüstəmova bu il fəlsəfə doktoru diplomunu alıb”.
Hesabatın müzakirəsində t.ü.f.d. B.İbrahimlinin verdiyi sualı t.ü.f.d. B.Cəlilov cavablandırdı. Hesabata dair daha suallar olmadığından yekdil müsbət rəylə şöbənin hesabatı qəbul edildi.
Elmi Şuranın gündəliyinin ikinci məsələsi — hazır işlərin çap üçün müzakirəsi oldu. Müzakirəyə çıxarılmış hazır işlər sırasında ilk olaraq t.e.d., professor H.Cəfərovun rus dilində “Qədim Qarabağın hökmdarlarının kurqanları” (“Курганы правителей древнего Карабаха”, 5 çap vərəqi, elmi redaktor t.e.d. A.Seyidov, rəyçilər - t.e.d. Q.Cəbiyev və t.ü.f.d. T.Əliyev) monoqrafiyası idi. İnstitutun şöbə müdiri t.ü.f.d. S.Aşurov bildirdi ki, monoqrafiya “Eneolit və ilk tunc dövrü arxeologiyası” şöbəsində müzakirə edilib və çapa məsləhət görülüb. Təklif və iradlar olmadığından yekdil müsbət rəylə Elmi Şura tərəfindən elmi iş çapa məsləhət görüldü.
Müzakirəyə çıxarılmış ikinci hazır elmi iş — t.e.d., professor H.Cəfərovun “Qarabağın eneolit və tunc dövrü arxeoloji abidələrinin xəritələşdirilməsi” (6 çap vərəqi, rəyçilər: prof. A.Seyidov, t.e.d. T.Axundov, elmi redaktorlar: A. Seyidov, T. Əliyev) monoqrafiyası idi. İnstitutun şöbə müdiri t.ü.f.d. S.Aşurov bildirdi ki, monoqrafiya “Eneolit və ilk tunc dövrü arxeologiyası” şöbəsində müzakirə edilib və çapa məsləhət görülüb. Təklif və iradlar olmadığından yekdil müsbət rəylə Elmi Şura tərəfindən elmi iş çapa məsləhət görüldü.
Müzakirəyə çıxarılmış üçüncü hazır elmi iş — S.H.Aşurov, S.A.Hüseynova, F.A.Əliyevanın həmmüəllifi olduğu “Maxta ilk tunc dövrü yaşayış yeri. 1-ci kitab.” əsəri idi. Təklif, sual və iradlar olmadığından yekdil müsbət rəylə Elmi Şura tərəfindən elmi iş çapa məsləhət görüldü. Daha sonra Elmi Şura cari məsələlərin müzakirəsinə keçdi.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.