Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ELMİ ŞURANIN VİDEOKONFRANS FORMATINDA NÖVBƏTİ İCLASI KEÇİRİLDİ

  09.12.2020

2020-ci il 08 dekabr tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının videokonfrans formatında növbəti iclası keçirilmişdir. İnstitutun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova iclası açaraq bildirdi ki, Elmi Şura üzvlərini iclasın gündəliyi ilə tanış etdi. Təqdim edilmiş iclasın gündəliyinə əsasən İnstitutun şöbə və sektorlarının illik hesabatlarının dinlənilməsi daxil idi. Gündəliyə təklif və dəyişiliklər barədə fikirlər olmadığından Elmi Şura üzvləri gündəlikdəki məsələlərin müzakirəsinə başladılar.

Elmi Şuranın gündəliyinin məsələsi — Antropologiya Mərkəzinin, “Tunc və ilk dəmir dövrləri arxeologiyası”, “İlk orta əsrlər arxeologiyası”, “Tədris, və beynəlxalq əlaqələr”, “İctimaiyyətlə əlaqələr”, “Tarixi etnoqrafiya” şöbələrinin, “Çöl tədqiqatları”, “Azərbaycanda arxeoloji abidələrin toplusu” sektorlarının illik hesabatlarının dinlənilməsi oldu.
“Tunc və ilk dəmir dövrləri arxeologiyası” şöbəsi müdiri əvəzi, t.ü.f.d. Müzəffər Hüseynov şöbənin illik fəaliyyəti barədə hesabat verdi. T.ü.f.d. M.Hüseynov bildirdi ki, keçən il şöbədən yalnız onun rəhbərlik etdiyi Naftalan-Goranboy ekspedisiyası fəaliyyət göstərib. “Şöbəmizin əməkdaşları bu qazıntıda iştirak ediblər. Tədqiqat zamanı Naftalan şəhərinin Qamışaltı kəndi ərazisində çoxtəbəqəli yaşayış yeri aşkar edildi. Ərazisi 5 hektardır, 10 metr qalınlığında təbəqəsi var. İlkin məskunlaşma eneolit dövründə olub. Üst hissəsində isə yarım metrlik təbəqə orta əsrlərə aiddir. Böyük abidədir. Ekspedisiya zamanı Naftalanın icra başçısı da qazıntı sahəsində olub. Qərara alınıb ki, o abidəni turizm abidəsi kimi turistlərə təqdim edək. Ötən il Tatarlı kurqanları barədə bir məqaləm İtaliyada çap olundu. İnstitutun jurnalında “Goranboyun son tunc, ilk dəmir dövrü abidələri və dəfn adətləri” adlı məqaləmiz çap olundu. Hesabatın yazılmasında şöbə əməkdaşları iştirak ediblər”-deyə bildirdi.
Hesabata dair suallar olmadığından yekdil müsbət rəylə şöbənin hesabatı qəbul edildi.
“İlk orta əsrlər arxeologiyası şöbəsi”nin müdiri t.e.d., professor Arif Məmmədov şöbənin illik hesabatı üzrə çıxış etdi. Professor Arif Məmmədov bildirdi ki, şöbə fərdi plan üzrə tapşırıqları yerinə yetirib. “Bu il 3 ekspedisiyamız fəaliyyət göstərib. Mən özüm Gəncə-Goranboy arxeoloji ekspedisiyasına rəhbərlik etmişəm. T.e.d. Qafar Cəbiyev Şamaxı və İsmayıllı rayonlarında arxeoloji tədqiqatlar aparıb. T.ü.f.d. Taleh Əliyev Oğuz rayonunda ekspedisiyada iştirak edib. Mənim rəhbəri olduğum ekspedisiya Samux rayonunda Qədili kəndindəki Üçtəpə adlı abidələrdən birində tədqiqat işləri aparılıb. Onu da qeyd edim ki, vaxtilə Əsgər Əliyevin tədqiqat apardığı Şəmkir rayonunun Muncuqlutəpə abidəsi ilə mənim indi qazıntı apardığım abidənin arasında 3-4 km məsafə var. Üçtəpə abidələri indiyə qədər qeydiyyata alınmamışdı, bu il qeydiyyata alınıb. Həmin abidələrdən bəzilərini Mədəniyyət Nazirliyinin əməkdaşları ilə birlikdə qeydiyyata almışıq. Abidə Quşqara çayının sahilində yerləşir. Abidə bir tərəfdən sıldırım qayalarla əhatə olundugu üçün onun əlavə müdafiəyə ehtiyac yoxdur. Digər tərəfdən isə torpaqla əhatə olunub. Abidə şəhər tipli yaşayış yeridir və ilk orta əsrlər dövrünə aiddir. Abidədə növbəti ildə də qazıntı işləri aparılması nəzərdə tutulur. Bundan başqa Qafar Cəbiyev Turizm Nazirliyinin xətti ilə Şamaxı rayonu ərazisində Havaxıl abidəsində arxeoloji tədqiqatlar, Pirömər Sultan abidəsində qazıntı işləri aparıb. Abidə relyefinə görə bir az çətin bölgədədir. Taleh Əliyev Oğuz rayonu ərazisində Qıpçaqtəpə abidəsində tədqiqatlar aparıb. Bu tədqiqatlar keçən ilki işlərin davamı olub. Şöbəmizdə 8 məqalə nəşr olunub. Mənim, Qafar Cəbiyevin, Taleh Əliyevin, Nəzirə Şalbuzovanın məqalələridir. Bəzi məqalələrimiz hələ çapdadırlar. Şöbəmiz fərdi planları yerinə yetirib. Bir əməkdaşımız öz arzusu ilə işdən azad olaraq Avropaya təhsil almaga gedib. Taleh Əliyev 9-10-cu əsrə aid alban mütəfəkkiri Qriqor Hamamanın orta əsr klassik qıpçaq dilində dövrümüzə gəlib çatmış alban dilinin qrammatikası üzrə sual-cavab əsərini Azərbaycan dilinə tərcümə edib. Qafar Cəbiyev, Taleh Əliyev Danimarka, Bolqarıstan və Ukrayna ilə elmi əlaqələr saxlayıblar. Bolqarıstanda və Ukraynada keçirilmiş beynəlxalq elmi konfranslarda tezisləri çap olunub. Elmi kadrların hazırlığı: elmi rəhbəri olduğum Qəhrəmanova Zümrüdün “Albaniyanın Uti vilayətinin yaşayış məskənləri 3-8-ci əsrlərə aid” dissertasiya işi seminar mərhələsindədir. Elmi rəhbəri Qafar Cəbiyevin olduğu Quliyev Şəhriyarın “Müstəqillik illərində Azərbaycanın orta əsr abidələrinin tədqiqatı” adlı, elmi rəhbəri Qasım Hacıyevin olduğu Əsədova Aytənin “Bərdənin şüşə məmulatları: antik, orta əsr şüşə məmulatları” adlı dissertasiya işləri seminar mərhələsindədir.” - deyə professor A.Məmmədov hesabatına yekun vurdu.
Hesabatın müzakirəsində t.e.d., professor M.Rəhimova və t.ü.f.d. S.Aşurov sual və fikirlərini bildirdilər. Yekdil müsbət rəylə şöbənin hesabatı qəbul edildi.
Daha sonra “Çöl tədqiqatları” sektorunun müdiri t.ü.f.d. Təvəkkül Əliyev sektorun illik fəaliyyəti ilə bağlı hesabat verdi. T.ü.f.d. T.Əliyev bildirdi ki, bu il sektorumuzun 7 əməkdaşı plan üzrə çöl-tədqiqatları aparıb. “Bu tədqiqatları mövzular üzrə iki qrupa ayırmaq olar. Birinci mövzu: Mil-Qarabag bölgəsinin arxeoloji tədqiqi adlanır. Bu mövzu üzrə mən, Faiq Babayev və Gülanə Əliyeva müəyyən işlər görmüşük. 2019-cu ilin aprel ayında Qalatəpədə olan tədqiqatların hesabatları hazırlanıb, məqalə hazırlanıb. Hesabat çöl-tədqiqatları bürosuna təqdim olunub. İlin ortalarında isə Mil-Qrabag bölgəsində Qarqarçay sahilindəki antik Albaniya Qalatəpə şəhər yerində tədqiqat aparmaq və bir də Xocavənd rayonunun Nərgiztəpə abidəsində tədqiqat aparmaq nəzərdə tutulmuşdu. Lakin pandemiya və yaş senzi ilə əlaqədar olaraq bu ekspedisiyalar baş tutmayıb. İkinci mövzu: Şimal-Şərqi Azərbaycanın arxeoloji tədqiqi mövzusudur. Bu mövzu üzrə Döyüş Musayev uzun illərdir ki, Xaçmaz rayonunda, Qəhrəman Ağayev isə, son illərdə Qusar rayonu ərazisində tədqiqat aparır. Onlar da ilin birinci rübündə hesabatın hazırlanması ilə məşğul olublar. Pandemiya ilə əlaqədar olaraq heç bir ekspedisiya aparlmayıb. Əməkdaşlarımızdan Gülnarə Axundova “Kür-Araz mədəniyyətinin lokal xüsusiyyətləri” mövzusu üzrə tədqiqat aparıb və 1 çap vərəqi həcmində material toplayıb. Qəbələ arxeoloji ekspedisiyasında iştirak edib. Cari ildə G.Axundovanın “Antik Albaniyanın bəzək əşyaları” adlı monoqrafiyası nəşr olunub. Monoqrafiyada ilk dəfə olaraq bəzək əşyalarının təsnifatı aparılıb, onların beynəlxalq əlaqələrdə rolu və s. araşdırılıb. Bundan başqa Gülanə Əliyeva “Düzən Qarabagın antik dövr abidələri” monoqrafiyasını artıq başa çatdırıb. Növbəti ildə də bu kitabın nəşr olunacağını güman edirəm. Daha sonra Gülnarə Axundovanın bir məqaləsi də RF-da, Mahaçqalada bu ilin aprelində keçirilən 31-ci Krupnov qiraəti sırasında “Qafqazın arxeoloji irsi” toplusunda nəşr olunmuşdur. Gülanə Əliyevanın 4 məqaləsi nəşr olunub. “Qafqaz Albaniyası” ilə bağlı mövzulardır. “Düzən Qarabağın antik məişət keramikası” adlı məqaləsi, “Qafqaz Albaniyasının etnomədəni irsi” toplusunda ingilis, rus və Azərbaycan dillərində ayrı-ayrı nəşr olunmuşdur. Gülanə Əliyevanın 1-i tezis, digəri məqalə olmaqla Ərzurumda keçirilən sosial bilimlər konqresi materiallarında dərc edilib. 4-cü məqaləsi isə bizim “Elmi iş” jurnalında nəşr olunur. “Ağdamda Üzərliktəpə antik nekropolunun tarixi arxeoloji tədqiqi” adlanır. Bizim də Qarabağın işğaldan azad edilən torpaqlarımızla - Xocavənd, Zəngilan, Qubadlı, Kəlbəcər, Füzuli rayonlarındakı abidələrlə bağlı məqalələrimiz informasiya agentliklərində, saytlarda və AMEA-nın saytında nəşr olunub. Bundan başqa, 10-a qədər tv-lərə müsahibə vermişik. Kəlbəcər, Zəngilan və Qubadlıda cəmi 6 abidə Mədəniyyət Nazirliyinin siyahısındadır. Onlardan yalnız bir neçəsində kəşfiyyat xarakterli işlər aparıblar. Kəlbəcərdə qayaüstü təsvirlər haqda qısamüddətli işlər görülüb. Qubadlıda bir dəfə də olsun iş görülməyib. Qubadlıda cəmi iki abidə qeyd edilib. 1989-cu ildə qeydə aldığımız Maltəpəsi, Xırman-yeri adlı tunc dövrü yaşayış yerləridir. Növbəti il üçün biz qüvvələrimizi birləşdirib o zonada kəşfiyyat xarakterli işlər aparmalıyıq. O abidələrin hamısının siyahısı, elektron xəritəsi çıxarılmalıdır ki, gələcək illərdə onların hansında tədqiqat aparılacağını bilək”. - deyə t.ü.f.d. T.Əliyev hesabat xarakterli çıxışını bitirdi.
Hesabatın müzakirəsində t.e.d., professor Ə.Cəfərov və t.ü.f.d. F.Quliyev sual və fikirlərini bildirdilər. Yekdil müsbət rəylə şöbənin hesabatı qəbul edildi.
“Azərbaycanda arxeoloji abidələrin toplusu” sektorunun müdiri, t.ü.f.d. Abuzər Ələkbərov sektorun illik fəaliyyəti barədə hesabat xarakterli çıxış etdi. T.ü.f.d. A.Ələkbərov bildirdi ki, “Arxeoloji abidələrin toplusu sektoru” 2020-ci ildə fərdi plan üzrə keçən ilin hesabatını hazırlayıb təhvil verib. “Şöbənin 2 nəfər işçisi var. Pandemiya və yaş senzi ilə əlaqədar nəzərdə tutduğumuz eksedisiyalar baş tutmayıb. Cəlilabad rayonundakı abidələrdə nəzərdə tutulmuş çöl-tədqiqat işlərini apara bilməmişik. Sektorumuzun işçilərindən Əhliman Əbdürrahmanov və laborantlar bəzi ekspedisiyaların işində iştirak ediblər. İl ərzində nəzərdə tutulmuş məqalələr - “Cənub bölgəsinin daş işləmə sənəti” adlı məqalə yazmışam. Həmçinin, “Cənub bölgəsinin orta əsr arxeoloji abidələri” adlı monoqrafiya üçün material toplanması işi davam edib. Əhliman Əblürəhmanovun bir məqaləsi yazılıb və “Din” jurnalında çapa verilib. Daha sonra mənim Lerikdəki “Qız qalası” və “Abışabad - nekropolu” haqqında iki məqaləm çap olunub.
Eyni zamanda, İnstitutun həmkarlar ittifaqı olaraq sosial sferada bizim işlərimiz davam edib. 5 dəfə cəbhə bölgəsində olmuşam. AMEA -nın Azad Həmkarlar Təşkilatı ilə birlikdə bölgəyə televizor alıb aparmışıq. Tərtərdən köçkün düşmüş, evləri dağılmış adamlar Bərdədə yerləşmişdilər. Qalan 4 yardımı da Bərdə rayonu ərazisində olan Ağdam və Tərtər köçkünləri ilə görüşlər keçirib, onlara təhvil vermişik” - deyə t.ü.f.d. Ə.Ələkbərov bildirdi.
Hesabata dair suallar olmadığından yekdil müsbət rəylə şöbənin hesabatı qəbul edildi.
“Tədris, və beynəlxalq əlaqələr” şöbəsinin müdiri, t.ü.f.d. Səfər Aşurov şöbənin illik fəaliyyətinin hesabatı ilə çıxış etdi. T.ü.f.d. S.Aşurov bildirdi ki, ekspedisiyalarla bağlı şöbəsi Şabranda Çaqqallıqtəpə yaşayış yerində işlərini davam edib. “Çox maraqlı dairəvi qazma evlər kifayət qədər qorunmuş vəziyyətdə aşkar olunub və divarları da qalıb. Növbəti qazıntımız Turizm Agentliyi ilə imzalanmış müqaviləyə əsasən Beşbarmaq qalasında keçirilib. Orada da maraqlı tapıntılar var. Hər birinin diametri 8 metr olan bürclər tapıldı. Onlardan biri açıldı da. Tikili son dövrlərə aid olsa da tikintidə işlədilən sənduqələr tapılıb gətirilib. Şöbə əməkdaşlarının məqalələri istər “Arxeologiya və Etnoqrafiya” jurnalında, istərsə də beynəlxalq jurnallarda çap olunan məqalələr var. Keçən elmi şurada təsdiq edilmiş Maxta qədim yaşayış yeri ilə bağlı kitab mənim və Sevinc Hüseynovanın həmmüəllifliyi ilə hazırlanıb və yaxın zamanlarda çap olunacaq. Bizim şöbə tədris və magistratura işlərinə rəhbərlik edir. Bu il iki magistrimiz magistraturanı fərqlənmə diplomu ilə bitirdi. 3 nəfər tələbə hazırda dərslərini davam edir. İki nəfər isə bu il qəbul edilib. Onlar hər gün dərslərini onlayn qaydada keçirlər və biz də izləyə bilirik. Doktoranturaya qəbul bilirsiniz ki, yazda keçirildi. Mayın 1-dən dissertant və doktorantların əmri verildi. Payızda da yenidən qəbulla bağlı elan verilib, artıq qəbul başa çatıb, sənədlərin qəbulu da başa çatıb, ancaq imtahanlarla bağlı hələ bir xəbər yoxdur. İmtahanların vaxtı dəqiq bəlli deyil. Pandemiya ilə əlaqədar olaraq doktorların minimum imtahanları yaz sessiya imtahanları keçirilmədi. Payızda AMEA Rəyasət Heyətinin qərarı oldu ki, imtahan verəcək şəxslərin siyahısı müəyyənləşdirilib. Xarici dil imtahanları noyabrda keçirildi, ixtisas imtahanlarnın keçirilməsi isə bu ayın 18-nə qədər nəzərdə tutulub. “Arxeologiya və Etnoqrafiya” jurnalının bütün nömrələri çap olunub. Jurnallar 2019-cu ildə formatları dəyişdirilərək nəfis formada nəşr olunub. Beynəlxalq əlaqələrdən Ukrayna, Gürcüstan, Neapol universitetləri ilə müqavilələrimiz olub. İranla da müqavilə imzalanıb, ancaq pandemiya ilə əlaqədar işlər təxirə salınıb. İndi dünyada konfransların əksəriyyəti onlayn keçirilir. Bizə də beynəlxalq onlayn konfransların elanlar gəlir və biz onu divara vururuq. Bu yaxınlarda Qazaxıstanda onlayn konfranslar keçiriləcək, Zaur Həsənov və mən o konfranslara qoşulacağıq” - deyə t.ü.f.d. S.Aşurov bildirdi.
Hesabatın müzakirəsində t.e.d., professor M.Rəhimova, t.e.d., professor A.Məmmədov, t.ü.f.d. F.Quliyev, t.ü.f.d. P.Qasımov sual və fikirlərini bildirdilər. Yekdil müsbət rəylə şöbənin hesabatı qəbul edildi.
“İctimaiyyətlə əlaqələr” şöbəsinin müdiri, t.ü.f.d. Pərviz Qasımov şöbənin il ərzindəki fəaliyyəti barədə hesabat xarakterli çıxış etdi. T.ü.f.d. P.Qasımov bildirdi ki, 2019-cu ilin noyabr - 2020-ci il noyabr müddətində İnstitutun rəsmi e-səhifəsi olan arxeologiya.az saytında yerləşdirilmiş və digər 150-dən yuxarı KİV-lərə Azərbaycan dilində 88 press-reliz, açıqlamalar və xəbərlər göndərilmişdir. İnstitutun rəsmi e-səhifəsi olan arxeologiya.az saytının ingilis dilindəki versiyasına 2019-cu ilin noyabr - 2020-ci il dekabradək müddətdə şöbənin hazırladığı 76 xəbər yerləşdirilmişdir. İctimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyəti nəticəsində İnstitutun rəsmi e-səhifəsi olan arxeologiya.az saytının rus dilli versiyası hazırlanmışdır. Şöbənin hazırladığı 2020-ci ilin yanvar ayından oktyabr sonunadək hazırladığı press-relizin 59-nun rus dilinə tərcümə edilmiş mətnləri arxeologiya.az saytının rus dilli versiyasına yerləşdirilmişdir. AMEA-nın rəsmi e-səhifəsində üç dildə İnstitutun bir çox şöbə və qurumlarının və şöbə rəhbərləri barədə məlumatlarının yenilənməsi işini davam etdirməkdədir. Elm.az saytının administratorunun yardımı ilə açılmış elektron poçtlarından istifadə edərək İctimaiyyətlə əlaqələr şöbəsi İnstitutun elmi əməkdaşlarına müxtəlif elmmetrik bazalarda personal səhifələrin açılmasında və identifikatorların alınmasında yardım etmişdir. Şöbə həmçinin, İnstitut əməkdaşlarına AMEA “Elmi kadrlar” Milli informasiya sistemində səhifələrinin yaradılmasında yardım etmişdir. Şöbə dəfələrlə müəyyən mövzular, arxeoloji və etnoqrafik tədqiqatlar üzrə, Azərbaycan Ordusunun torpaqlarımızın azadlığı uğrunda apardığı müzəffər döyüşlər fonunda işğaldan azad edilmiş ərazilərdə abidələr və işğalçıların qanunsuz tədqiatları, abidələrimizin talanı və d. mövzularda ümumi və xüsusi məlumatlar almaq üçün müraciət etmiş müxtəlif KİV-lərin (AzTV, İTV, CBC, ARB, SpaceTV, LiderTV və d. telekanalların, 10-dan çox sayt və qəzetlərin) əməkdaşları, jurnalistlər ilə tədqiqat və mövzu üzrə mütəxəssis olan İnstitutun əməkdaşları arasında rabitənin qurulmasında, müsahibələrin təşkilində, verilişlərin hazırlanmasında yardımçı olmuşdur. Şöbə fərdi şəkildə və xüsusi elektron səhifə formatında İnstitutun fəaliyyətini işıqlandıran xəbərləri Facebook sosial şəbəkəsindəki İnstitutun üç dildə səhifələrində yayımlamaqdadır.
İş planı üzrə 3 məqalə yazılıb. 2017-ci ilin sentyabrında P.Qasımov “Şimali Azərbaycanın Tunc dövrü kurqan dəfn ənənəsinin mədəni mənsubiyyəti” mövzusunda t.ü.f.d. adı almaq üçün dissertasiya işini müdafiə etmiş, 2020-ci ilin 10 noyabrda diplom alınmışdır. P.Qasımov Avropa Komissiyasının Horizon 2020 Maria Skladovska Küri Proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsinin iştirakçısıdır. Bu il ərzində bir impakt faktorlu, bir indeksli jurnalda məqalə çap edilmişdir. T.ü.f.d. diplomu 3 il gecikdirildiyindən ilk dəfə Azərbaycandan beynəlxalq impakt faktorlu jurnalda elmi dərəcəsi olmayan tədqiqatçının məqaləsi dərc edilmişdir.” - deyə P.Qasımov hesabatını yekunlaşdırdı.
Hesabatın müzakirəsində t.e.d., professor M.Rəhimova, t.e.d., professor H.Cəfərov fikirlərini bildirdilər. Yekdil müsbət rəylə şöbənin hesabatı qəbul edildi.
“Tarixi etnoqrafiya” şöbəsinin əməkdaşı, t.ü.f.d. Bəhmən Əliyev şöbənin illik fəaliyyəti barədə çıxış etdi. T.ü.f.d. B.Əliyev bildirdi ki, şöbə də pandemiya ilə əlaqədar öz işini qurub. “Biz ümumilikdə 9 kitabımızı təqdim etmişik. Fərdi planda əksini tapan işləri görmüşük. Bu il Qax-Balakən rayonunda bir ekspedisiyamız olub. Tahir Şahbazov həmin ekspedisiynın rəhbəri olub və ekspedisiyanın hesabatı yəqin ki, təqdim ediləcək. Bu il bizim 4 monoqrafiyamız nəşr olunub. Tarix elmləri doktoru, baş elmi işçimiz Solmaz Məhərrəmovanın “19-20-ci əsrin əvvəllərində Kiçik Qafqazın Cənub Şərqinin tarixi etnoqrafik tədqiqi: Zəngəzur, Cavanşir, Cəbrayıl qəzalarının materialları əsasında” monoqrafiyası, aparıcı elmi işçi t.ü.f.d. Tofiq Babayevin “Bahadırlar yurdu” monoqrafyası, şöbənin böyük elmi işçisi Nigar Coşqunsunun “Erkən orta əsrlərdə Azərbaycanın maddi və mənəvi mədəniyyəti” monoqrafiyası, elmi işçi Bahar Əmənovanın “Mənəvi mədəniyyətimiz xalq yazıçısı Əli Vəliyev yaradıcılığında” tarixi-etnoqrafik monoqrafiyaları çap olunub. Bundan başqa bir neçə məqalələr çap edilib. Kadr hazırlığı üzrə: aparıcı elmi işçi Əsəd Əliyevin “19-20-ci əsrlərin əvvəllərində Gürcüstan azərbaycanlılarının məişət və mədəniyyəti” mövzusunda doktorluq dissertasiyası müzakirə edilmiş, seminara təqdim olunmaq üçün hazırdır. Elmi işçi İsmayıl Mutlunun “Qazax qəzası üzrə əsilzadə şəcərələri” fəsəfə doktorlugu üzrə dissertasiyası şöbədə müzakirədən keçib”.- t.ü.f.d. B.Əliyev hesabatını yekunlaşdırdı.
Hesabata dair suallar olmadığından yekdil müsbət rəylə şöbənin hesabatı qəbul edildi.
Antropologiya Mərkəzinin müdiri a.e.d., professor Əliağa Məmmədli Mərkəzin illik fəaliyyəti barədə hesabat xarakterli çıxış etdi. Professor Ə.Məmmədli bildirdi ki, şöbə plan üzrə öz fəaliyyətini pandemiyaya uyğun olaraq qurub. “Həm fiziki antropologiya üzrə əməkdaşlarımız müxtəlif ekspedisiyalarda iştirak ediblər. Həmçinin, sosial antopologiya sektoru tərəfindən məqalələr toplusunun üzərində işlər gedir. Mərkəzimizin bir neçə məqaləsi xaricdə çap olunub. Kadr hazırlığı ilə bağlı bir dissertasiyanı müzakirə edərək müdafiəyə buraxmışıq. Bu il bizim ekspedisiyamız olmayıb”.- deyə professor Ə.Məmmədli çıxışını yekunlaşdırdı.
Hesabata dair suallar olmadığından yekdil müsbət rəylə şöbənin hesabatı qəbul edildi.
Daha sonra Elmi Şura cari məsələlərin müzakirəsinə keçdi.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.