Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



İNSTİTUTUN İLLİK FƏALİYYƏTİ BARƏDƏ HESABAT ELMİ ŞURANIN İCLASINDA MÜZAKİRƏ EDİLDİ

  17.12.2020

2020-ci il 16 dekabr tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının videokonfrans formatında növbəti iclası keçirilmişdir. İclasda Elmi Şura üzvləri ilə yanaşı AMEA-nın müxbir üzvü Könül Bünyadzadə də iştirak edirdi. İnstitutun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova iclası açaraq Elmi Şura üzvlərini iclasın gündəliyi ilə tanış etdi. Təqdim edilmiş iclasın gündəliyinə əsasən İnstitutun 2020-ci ildə yerinə yetirdiyi elmi-tədqiqat və elmi-təşkilati işlərin hesabatının dinlənilməsi və müzakirəsi daxil idi. Gündəliyə təklif və dəyişiliklər barədə fikirlər olmadığından Elmi Şura üzvləri gündəlikdəki məsələlərin müzakirəsinə başladılar.
Elmi Şuranın gündəliyinin məsələsi — İnstitutun 2020-ci ildə yerinə yetirdiyi elmi-tədqiqat və elmi-təşkilati işlərin hesabatının dinlənilməsi və müzakirəsi idi.
Professor M.Rəhimova ilk olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tarixi abidələr, arxeoloji tədqiqat sahəsi üzrə sərəncamlarının yerinə yetirilməsi üzrə İnstitutun gördüyü işlər barədə söz açdı. M.Rəhimova bu mövzuda bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar aşağıdakı işlər yerinə yetirilmişdir: Fəaliyyət göstərən və yeni yaradılmış Qoruqların, bir sıra arxeoloji abidələrin sərhədlərinin və mühafizə zolaqlarının müəyyən edilməsi ilə əlaqədar İnstitutun üzərinə düşən vəzifələrin icrası istiqamətində işlər görülmüşdür. “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən qeydə alınmış arxeoloji abidələrin pasportlaşdırılması, yeni aşkar edilmiş abidələrin isə qeydə alınması istiqamətdə fəaliyyət davam etdirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti “Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında” 22 oktyabr 2019-cu il tarixli Sərəncam imzalamışdır. Sərəncama əsasən yaradılmış “Çıraqqala–Şabran” (Arxeologiya və Etnoqrafiya İnstitutunun nümayəndəsi t.ü.f.d. Səfər Aşurov), “Qədim Şəmkir Şəhəri” (Arxeologiya və Etnoqrafiya İnstitutunun nümayəndəsi t.ü.e.d. Tarix Dostiyev), “Orta Əsr Ağsu Şəhəri” (Arxeologiya və Etnoqrafiya İnstitutunun nümayəndəsi t.ü.e.d. Qafar Cəbiyev) Dövlət Tarix-Mədəniyyət Qoruqlarının sərhədləri və mühafizə zolaqları müvafiq dövlət orqanlarının nümayəndələri ilə birgə müəyyən edilmiş, xəritələşdirələrək təsdiq üçün təqdim edilmişdir. Həmçinin “Nizami Gəncəvi məqbərəsi” kompleksinin Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibində fəaliyyətinin təmin edilməsi ilə əlaqədar Arxeologiya və Etnoqrafiya İnstitutunun (Arxeologiya və Etnoqrafiya İnstitutunun nümayəndəsi t.ü.e.d. Arif Məmmədov) qarşısında qoyulan vəzifələr icra edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti “Beşbarmaq Dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında 08 iyun 2020-ci il tarixli Sərəncam imzalamışdır. Sərəncama əsasən qoruq ərazisindəki abidələrin xarakterini, xüsusiyyətlərini, dövrlərini müəyyən etmək üçün ilkin kəşfiyyat xarakterli tədqiqatlar aparılmışdır (icraçı e.i. Sevinc Hüseynova). Nəticədə ilk dəfə olaraq mənbələrdə xatırlanan Beşbarmaq qalasının iki bürcünü və narınqaladakı tikililərin ikisini qazıntılarla müəyyən etmək mümkün olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı İnstitutun “Xalçaşünaslıq” sektoru tərəfindən aşağıdakı işlər yerinə yetirilmişdir. Gəncə şəhərində, Goranboy, Gədəbəy və Şəmkir, Göy-göl, Samux rayonlarında aparılan etnoqrafik çöl tədqiqatlarının materaillarının işlənməsi, təhlili prosesi başa çatdırılmışdır. Qobustan rayonunun Sündü, Quba rayonunun Alpan, Qusar rayonunun Hil və Həzrə kəndlərinə etnoqrafik səfərlər təşkil edilərək xalçaçılıq üçün yararlı olan yun növlərinin müəyyənləşdirilməsi və tədqiqi olmuşdur. AMEA Rəyasət Heyətinin tapşırığına əsasən, “İrəvan şəhəri necə varsa” kitabı üçün “İrəvan şəhərində boyaqçılıq və xalçaçılıq” adlı mətn hazırlanmışdır. Qarabağ həqiqətləri, Azərbaycan xalçalarının Qarabağ qrupu haqqında Azərbaycan, rus və ingilis dillərində dünya ictimaiyyətinə, dünya xalçaçılarına, alimlərinə, tarixçi və etnoqraflarına müraciət xarakterli video çarx hazırlanmışdır. “Şuşa Qarabağ xalçaçılığının paytaxtıdır” mövzusunda Azərbaycan, rus və ingilis dillərində təbliğat xarakterli video çarx hazırlanmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin və “Azər-ilmə” Xalçaçılıq Mərkəzinin təsisçiliyi ilə nəşr olunan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının Azərbaycan, ingilis və rus dillərində 1 (cild 10; № 33) sayı çap olunmuşdur”. - deyə professor M.Rəhimova bildirdi.
Daha sonra professor M.Rəhimova “Azərbaycanda arxeoloji və etnoqrafik tədqiqatlar” istiqamətləri üzrə İnstitutun nailiyyətlərindən söz açdı. “2020-cu ildə Arxeologiya və Etnoqrafiya İnstitutu pandemiya şəraitinin ilboyu, 27 sentyabr – 10 noyabrda isə sərhədlərimizin bərpası uğrunda Vətən Müharibəsinin davam etdiyi bir dövrdə geniş çöl tədqiqat işlərini davam etdirmiş, respublikamızın müxtəlif bölgələrinə təşkil edilmiş arxeoloji və etnoqrafik ekspedisiyalar səmərəli fəaliyyət göstərmişdir. Hesabat ilində İnstitut tərəfindən təşkil edilmiş arxeoloji ekspedisiyalar tərəfindən yeni, bu günədək tədqiq olunmamış bir sıra abidələrdə tədqiqatlara başlanmışdır və ilkin nəticələr uğurlu olmuşdur. Antropoloji mərkəzin fəaliyyətə başlaması ilə bu elmi istiqamətdə uzunmüddətli strategiya müəyyən edilmiş və ilkin tədqiqatlara başlanmışdır.
2020-ci ildə respublikamızın Qəbələ, Oğuz, Balakən, Şəki, Şabran, Siyəzən, Qusar, Xaçmaz, Şamaxı, Qobustan, Samux, Füzuli, İmişli, Salyan, Daşkəsən, Tovuz, Ağstafa, Babək, Ordubad, Lerik, Yardımlı və s. rayonlarında arxeoloji qazıntı işləri aparılmış, Şəki-Zaqatala bölgəsinə etnoqrafik ekspedisiyalar təşkil edilmişdir. Hesabat ilində Arxeologiya və Etnoqrafiya İnstitutu öz fəaliyyətini “Azərbaycanda arxeoloji və etnoqrafik tədqiqatlar” istiqamətində davam etdirmişdir. Bu istiqamət üzrə 6 problem, 24 mövzu, 24 mərhələ üzərində elmi tədqiqat işləri aparılmışdır”- deyə professor M.Rəhimova bildirdi.
Daha sonra professor M.Rəhimova xüsusi bir məsələyə toxundu. Natiq qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr 2020-ci il tarixdən başlayaraq ordumuz tərəfindən işğal altında olan torpaqlarımızla birlikdə çoxsaylı abidələrimiz də işğaldan azad olundu. “Bu abidələrdən biri də dünya əhəmiyyətli Azıx mağarasıdır. Beynəlxalq konvensiyalara zidd olaraq Azıx mağarasında Ermənistan və bir sıra Avropa ölkələrindən olan “alimlər” qeyri-qanuni qazıntılar aparmışlar. Xocavənd rayonu işğaldan azad edildikdən sonra Azərbaycan hərbçiləri tərəfindən Azıx kəndindəki evlərdən birinə baxış zamanı üzərində “Azıx” yazılmış və içərisində arxeoloji materialların olduğu qutular aşkar etmələri barədə Arxeologiya və Etnoqrafiya İnstitutuna məlumat veriblər.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi ilə birgə institutun əməkdaşı, t.ü.f.d. Azad Zeynalov bölgəyə ezam olunub. Yerində baxış zamanı müəyyən edilib ki, qutularda işğal müddətində paleolit dövrünə aid ibtidai insan düşərgəsi olan Azıx mağarasında qanunsuz arxeoloji qazıntılar nəticəsində aşkar edilən tapıntılar qablaşdırılıb. Bunların əksəriyyəti qədim fauna qalıqlarıdır. 90-a yaxın plastik qutulardakı tapıntılar Bakıya gətirilərək institutun Arxeoloji Fondunda yerləşdirilib”.
Professor M.Rəhimova daha sonra İnstitutun fəaliyyiyyət istiqamətləri üzrə 6 problemləri (1. Azərbaycanda ibtidai icma cəmiyyəti və ilkin sinifli cəmiyyət dövrünün arxeoloji tədqiqi; 2. Antik və orta əsrlər dövrlərinin arxeoloji tədqiqi; 3. Azərbaycanda etnoqrafik tədqiqatlar; 4. Azərbaycanda etnososioloji tədqiqatlar Azərbaycanda Antropoloji tədqiqatlar; 5. Azərbaycanda epiqrafik və numizmatik tədqiqatlar; 6. Azərbaycanda arxeoloji xidmət) və onların mövzuları, icraçılar barədə məlumat verdi.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun 2020-ci ildə əldə etdiyi mühüm nəticələr barədə professor M.Rəhimova bildirdi ki, “Azərbaycanda ibtidai icma cəmiyyəti və ilkin sinifli cəmiyyət dövrünün arxeoloji tədqiqi” problemi üzrə əsas nailiyyət kimi bu il dərc edilmiş H.F.Cəfərovun və mərhum İ.H.Nərimanovun müəllifi olduğu, Azərbaycan Arxeologiyası, 6 cildliyinin II cildi (“Eneolit dövrü”) qeyd edildi. İkinci yenilik kimi “Azərbaycanda ibtidai icma cəmiyyəti və ilkin sinifli cəmiyyət dövrünün arxeoloji tədqiqi” problemi üzrə “Şimali-qərbi Azərbaycan abidələrinin arxeoloji tədqiqi” mövzusu üzrə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə imzalanmış müqaviləyə əsasən “Kiş tarixi memarlıq qoruğunda” İnstitutun şöbə müdiri, t.ü.f.d. Z.Həsənovun rəhbərlik etdiyi arxeoloji və antropoloji tədqiqatlar qeyd edildi.
Daha sonra “Fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsi” maddəsi ilə əlaqədar professor M.Rəhimova bildirmişdir ki, 2020-ci ildə “Arxeologiya” ixtisasına elmlər doktoru hazırlığı üzrə dissertanturaya 2 nəfər (t.ü.f.d. Kiriçenko Dmitriy Aleksandroviç, t.ü.f.d. Ələkbərov Valeh Ələddin oğlu), “Etnoqrafiya və Etnologiya” ixtisasına elmlər doktoru hazırlığı üzrə doktoranturaya 1 nəfər (t.ü.f.d. Rəhimli Ruslan Hilal oğlu), “Etnoqrafiya və Etnologiya” ixtisasına elmlər doktoru hazırlığı üzrə dissertanturaya 1 nəfər (t.ü.f.d. Səmədova Sevda Tofiq qızı), fəlsəfə doktoru hazırlığına “Arxeologiya” ixtisası üzrə doktoranturaya 1 nəfər (Bayramov Cavid Qulaməli oğlu), fəlsəfə doktoru hazırlığına “Etnoqrafiya və Etnologiya” ixtisası üzrə doktoranturaya 1 nəfər (Qocayev Nicat İlham oğlu), fəlsəfə doktoru hazırlığına “Etnoqrafiya və Etnologiya” ixtisası üzrə dissertanturaya 2 nəfər (Musayeva Sahibə Xəlil qızı, Gasanovi Vüsal Paşa oğlu), “Mədəni Antropologiya” ixtisası üzrə magistratura pilləsinə 2 nəfər (Bayraməli Şaxanım İlqar qızı, Abbaszadə Nərmin Arzu qızı) qəbul edilmişlər. 2020-ci ildə iki magistr (Bayramova Günay Vahid qızı, Məmmədli Nərmin Mirzə qızı) əla qiymətlərlə “Arxeologiya” ixtisası üzrə təhsillərini bitirərək fərqlənmə diplomuna layiq görülmüşlər.
Beynəlxalq əlaqələr və qrantlar haqqında məlumat verərək M.Rəhimova göstərmişdir ki, 2020-ci ildə Koronavirus pandemisyası ilə əlaqədar olaraq Respublikamız ərazisində əvvəlki illərdə fəaliyyət göstərən beynəlxalq arxeoloji ekspedisiyaların fəaliyyətini təşkil etmək mümkün olmamışdır. “Lakin İnstitutun əməkdaşları həmin beynəlxalq ekspedisiyaların xarici ölkələrdən olan üzvləri ilə sıx əlaqə saxlayaraq, əvvəlki illərdə əldə edilmiş elmi nəticələrin müzakirəsini aparmış və müxtəlif beynəlxalq nəşrlərdə çap olunması üçün məqalələr hazırlamışlar.
26 fevral – 2 mart 2020-ci il tarixlərində “Tədris və beynəlxalq əlaqələr şöbəsi”nin müdiri, t.ü.f.d. Səfər Aşurov, həmin şöbənin əməkdaşları F.Əliyeva və İ.Nəhmətova Böyük Britaniyadan ölkəmizə səfər edən arxeozoologiya üzrə mütəxəssis, London Arxeologiya İnstitutunun elmi əməkdaşı Qvendolin Maurerlə birgə Naxçıvan Muxtar Respublikasında elmi ezamiyyətdə olublar. Cari ildə İnstitutun 17 əməkdaşı bir sıra beynəlxalq konfranslarda və layihələrlə bağlı tədbirlərdə, o cümlədən onlayn tədbirlərdə iştirak etmişlər. İnstitutun əməkdaşları – t.ü.f.d. Natiq Alışov və elmi işçi Vüsal Qasanovi Avropa Komissiyasının “Horizon 2020” beynəlxalq Proqramı üzrə “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi, 18-ci əsrin sonu 21-ci əsrlər” adlı qrant layihəsində iştirak etmişlər”.
Sözünə davam edərək professor M.Rəhimova bildirmişdir: “Hesabat ilndə İnformasiya texnologiyalarının arxeoloji, etnoqrafik, antropoloji tədqiqatlarda tətbiqi daha da genişlənlənmişdir. E.i. Fuad Hüseynovun rəhbərliyi ilə Dağlıq Şirvan bölgəsinin Qobustan və Şamaxı rayonları ərazisində çöl-tədqiqat işləri zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələri CİS texnologiyaları vasitəsilə GPS qeydiyyata almış (pasportlaşdırılmış – arxeoloji artefaktlarından ibarət olan verilənlər bazası) və tədqiq olunan ərazinin elektron xəritəsinə əlavə edilmişdir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qeydiyyata aldığı arxeoloji abidələrdən bir qrupu GPS-qeydiyyata alınmışdır. Arxeoloji abidələrin GPS-kordinatları götürülmüş, ərazidə layihə ölçü işləri aparılmış, fotoları çəkilmiş və abidələrin pasportu tərtib edilmişdir. Hazırda institutun rəsmi veb səhifəsinin ingilis dili və rus dili versiyaları fəaliyyət göstərir. www.archaeology.az domen adı altında veb səhifəsi mövcuddur. İnstitutun “Arxeologiyada İnformasiya texnologiyalarının tətbiqi” sektorunda yaradılmış xüsusi qrup tərəfindən növbəti illər ərzində də abidələrin elektron xəritəsi və elektron verilənlər bazasının hazırlanması davam edəcəkdir”.
“İnstitutun Nəşriyyat işlərinə gəldikdə isə, - professor M.Rəhimova bunları bldirdi: - 2020-ci ildə İnstitut əməkdaşlarının müəssisənin elmi tədqiqat istiqamətlərinə uyğun olaraq çoxsaylı kitab, monoqrafiya, məqalə və tezisləri nəşr olunmuşdur. İnstitut üzrə 1 kitab, 14 monoqrafiya, 60 məqalə, 2 tezis respublikamızda, 1 monoqrafiya, 30 məqalə və 6 tezis xaricdə çap olunmuşdur. İmpakt Faktorlu jurnallarda 7 məqalə nəşr olunmuşdur.
Elmi konfranslar və sessiyalara gəldik də isə, bildirməliyik ki, 2020-ci ildə karantin rejiminin tələblərinə əməl olunaraq Arxeologiya və Etnoqrafiya İnstitutunda elmi konfranslar keçirilməmişdir. Lakin “Azərbaycan arxeoloqları cəmiyyəti” tərəfindən təşkil edilmiş konfranslarda İnstitutun əməkdaşlarının iştirakı olmuşdur. Eyni zamanda İnstitut əməkdaşları bir sıra beynəlxalq onlayn konfranslarda da iştirak etmişdir.
2020-ci ildə Arxeologiya və Etnoqrafiya İnstitutunda 260 nəfər işçi çalışmışdır. Onlardan 130 nəfəri elmi işçi, o cümlədən AMEA-nın həqiqi üzvü – 1 nəfər, elmlər doktoru – 11 nəfər, tarix üzrə fəlsəfə doktoru – 74 nəfər olmuşdur. İnstitutda doktorantura yolu ilə elmlər doktoru – 3 nəfər, fəlsəfə doktoru 4 nəfər təhsil alır. Elmi təşkilati məsələlər gəldikdə isə, 2020-ci ildə İnstitutun Elmi Şurasının 8 iclası keçirilmişdir. Həmin iclaslarda Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları, AMEA Rəyasət Heyətinin qərar və sərəncamları, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, təşkilati məsələlər, kadr hazırlığı, illik elmi tədqiqat işlərinin planları və onların yerinə yetirilməsinin nəticələri, İnstitutun illik elmi tədqiqat və elmi təşkilati işlərinin hesabatı, İnstitutun əməkdaşlarının hazır əsərlərinin çap üçün müzakirəsi, doktorantura, dissertantura və magistratura təhsili ilə başlı məsələlər, müvafiq dövlət sərəncam və qərarlarının icrası məsələləri geniş müzakirə olunmuşdur. Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, AMEA-nın Rəyasət Heyəti tərəfindən verilən tapşırıqlar və sorğular əsasında arxeoloji-memarlıq abidələri, Azərbaycan etnoqrafiyasının müxtəlif məsələləri barədə elmi arayışlar yazılıb təqdim edilmişdir.
2019-cu ildə Azərbaycanın müxtəlif bölgələrinə təşkil edilmiş arxeoloji və etnoqrafik ekspedisiyaların geniş elmi hesabatları hazırlanmış, müvafiq şöbələrdə və İnstitutun Çöl tədqiqatları sektorunda müzakirə edilərək İnstitutun Elmi arxivinə, aidiyyəti dövlət strukturlarına, o cümlədən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Dövlət Turizm Agentliyinə təhvil verilmişdir. Azərbaycan arxeologiyasının aktual istiqamətlərini təşkil edən problemlər üzrə arxeoloji ekspedisiyalar təşkil edilmiş, bir sıra abidələrin hazırkı vəziyyətinə dair monitorinqlər keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin dəstəyi ilə bir sıra qoruqlardakı abidələrin xarakteri və dövrlərinin müəyyənləşdirilməsi üçün arxeoloji ekspedisiyalar yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmış yeni qoruqların – “Çıraqqala – Şabran”, “Orta əsr Ağsu şəhəri”, “Qədim Şəmkir şəhəri” və “Gəncə” Dövlət Tarix – Mədəniyyət qoruqlarının sərhədlərinin və mühafizə zolaqlarının müəyyən edilməsində İnstitutun əməkdaşlarının iştirakı təmin edilmişdir”.
Daha sonra M.Rəhimova sosial sahədə İnstitutun fəaliyyəti barədə məlumat vermiş. Xüsusi olaraq Vətən müharibəsi dövründə İnstitut əməkdaşlarının Müzəffər Ordumuza və döyüş bölgəsində erməni işğalçılarından zərər çəkmiş vətəndaşlarımıza yardımlarını qeyd etmişdir.
Bütün bunlarla yanaşı M.Rəhimova bir sıra problemlərin həllinin kollektivin daha da yüksək səviyyədə çalışması üçün şərait yaradacağını bildirmişdir. Bununla əlaqədar professor M.Rəhimova aşağıdakı təklifləri qeyd etmişdir:
1. Arxeoloji ekspedisiyaların təşkili barədə Nazirlər Kabinetinin son qərarına əlavə və dəyişikliklərin edilməsi. Hazırda tətbiq edilən əsasnamə stasionar ekspedisiyaların təşkilinə, əlavə işçi qüvvəsinin cəlb edilməsinə və arxeoloqların səmərəli fəaliyyətinə imkan vermir.
2. Ekspedisiyaların maliyyələşdirilməsi işinin təkmilləşdirilməsi, büdcədənkənar vəssaitlərin daxil olma mexanizmində yeni üsulların tətbiqi.
3. Institutun Arxeoloji fondunun və arxivinin şəraitinin yaxşılaşdırılması, Hazırda Respublikada vahid Arxeoloji Fondun yaradılması zərurətə çevrilmişdir.
4. Xarici ölkələrdə gənc mütəxəssislərin, doktorant və magistrantların elmi təcrübə keçməsi üçün müvafiq imkanların yaradılması.
5. Arxeoloqların ağır çöl şəraitində işlədikləri nəzərə alınaraq onların dövlət və tibbi sığortasının həyata keçirilməsi.
6. İnstitutun nəşr işləri üçün zəruri maliyyə vəsaitinin ayrılması.
7. Sosial vəziyyətin yaxşılaşdırılması üçün mümkün tədbirlərin görülməsi.
Professor M.Rəhimovanın hesabat məruzəsindən sonra AMEA-nın müxbir üzvü Könül Bünyadzadə hesabatla əlaqədar fikirlərini bildirdi. AMEA-nın müxbir üzvü K.Bünyadzadə ilk olaraq İnstitut kollektivini Qələbə münasibətilə təbrik etdi. Həmçinin, o bildirdi: “Qələbəmizlə əlaqədar arxeologiya sahəsi üçün böyük bir yeni fəaliyyət sahəsi açıldı və həm qayğılarınız artdı, həm də yəqin ki, nailiyyətləriniz artacaq”. Təqdim edilmiş 60 səhifədən çox hesabatın əsas məqamlarını nəzərə çatdırdığına görə professor M.Rəhimovaya təşəkkür etdi. Daha sonra AMEA-nın müxbir üzvü K.Bünyadzadə hesabatda qeyd edilmiş təkliflərə toxundu. O, Azərbaycan arxeoloqlarının Xudavəng monastırı, vikipediyada fəallıq, xalçaçılıq, sosial və bioloji antropologiya üzrə tədqiqatlardan gözləntilər barədə fikirlərini bildirdi.
Hesabat üzrə müzakirələrdə t.e.d., professor Əsədulla Cəfərov, t.ü.f.d. B.İbrahimli, t.ü.f.d. F.Quliyev və d. çıxış etdilər. Ümumi müzakirədən sonra AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun 2020-ci ildə yerinə yetirdiyi elmi-tədqiqat və elmi-təşkilati işlərin hesabatı yekdilliklə qəbul edildi.
Daha sonra Elmi Şura cari məsələlərin müzakirəsinə keçdi.




© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.