Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU KOLLEKTİVİNİN AZƏRBAYCAN-FRANSA ELMİ ƏMƏKDAŞLIĞINDA BÖYÜK ROL OYNAMIŞ PROFESSOR MİŞEL KAZANOVANIN VAXTSIZ VƏFATI İLƏ ƏLAQƏDAR BAŞSAĞLIĞI

  26.12.2020

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun kollektivi dərin kədər hissi ilə Azərbaycanın elmi nailiyyətlərinin Avropada təbliğində əhəmiyyətli rol oynamış Fransanın Lion 2 Lümyer Universitetinin “Zamanlar və ərazilər, incəsənət və arxeologiya tarixi” şöbəsinin tədqiqat komissiyasının və elmi şurasının üzvü, Sorbon Universitetlərinin Şərq arxeologiyası bölməsinin professoru, arxeoloq, tarixçi və şərqşünas Mişel Kazanovanın (Michèle Casanova) SARS-CoV-2 koronavirusu (COVİD-19) yoluxmasından vaxtsız ölümü ilə əlaqədar dərin kədərini bildirir.
Mişel Kazanova 2011-ci ildən başlayaraq 1890-cı ildə Jak və Anri Morqan qardaşlarının Azərbaycanda arxeoloji tədqiqatlarının irsinin öyrənilməsi layihəsi çərçivəsində Lerik, Lənkəran, Cəlilabad rayonlarında Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyasının həmrəhbərlərindən biri olmuşdur. 2019-cu il iyulun 4-də Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan-Fransa birgə arxeoloji tədqiqatlarının 10 illiyinə həsr olunmuş, həmçinin, həmin ilin oktyabrında isə, Lion Şərq və Aralıq dənizi evində (“la Maison de l'Orient et de la Méditerranée à Lyon”) “Arxeoloji qazıntılar, Fransa-Azərbaycan əməkdaşlığının 10 illiyi” adlı sərgilərin əsas təşkilatçılarından biri olmuşdur.
Azərbaycan Respublikasının Avropada təşkil etdiyi bir sıra dövlət əhəmiyyətli mədəni tədbirlərinin daimi iştirakçısı olan professor Mişel Kazanova, həmçinin, arxeologiya və Qədim Şərqin maddi mədəniyyəti ixtisasları üzrə azərbaycanlı mütəxəssislərin təhsilində, Azərbaycan-Fransa elmi əlaqələrinin möhkəmləndirilməsində, Azərbaycan arxeologiyasının Avropada tanıdılmasında xüsusi fəallıq göstərmişdir.
Bir sıra beynəlxalq elmi nəşrlərin redaksiya üzvü, Orta Şərq ölkələrində arxeoloji ekspedisiyaların rəhbəri olmuş mərhum professor Mişel Kazanova həmçinin, səmimiyyəti və mehriban ünsiyyəti ilə daim xatirələrdə yaşayacaqdır. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun kollektivi mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.