Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ŞUŞA XALÇAÇILIĞINA DAİR VİDEO MATERİAL HAZIRLANIB

  29.12.2020

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xalçaşünaslıq” sektorunda Qarabağ xalçaçılığına dair tədqiqatlar davam etdirilir. İndiyədək aparılan tədqiqatların nəticələri müxtəlif kitablarda, məqalələrdə öz əksini tapmışdır. Bu günlərdə sektorda “Şuşa Qarabağ xalçaçılığının paytaxtıdır” mövzusunda tanıtım xarakterli video material hazırlanmışdır.
Sektorun müdiri, tarix elmləri doktoru, professor Vidadi Muradov bu haqda məlumat verərək bunları bildirmişdir: “Tanıtım xarakterli video materialların hazırlanması Azərbaycan xalçaçılığı və onun ayrılmaz hissəsi olan Qarabağ xalçaçılığı haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyətə malikdir. Sektorumuz tərəfindən Şuşa, Ağdam, Füzuli, Tərtər, Xankəndi, Xocalı, Kəlbəcər, Cəbrayıl, Qubadlı, Ağdərə, Laçın, Xocavənd, Beyləqan, Ağcabədi, Bərdə, Zəngilan kimi rayonların kəndlərində mövcud olmuş xalçaçılıq ənənələrinə dair materiallar toplanmışdır. İlk video material Azərbaycan, ingilis və rus dillərində Şuşa xalçaçılığı haqqında hazırlanmışdır. Məlumdur ki, Qarabağ xalçaçılığının tarixi Şuşa şəhərinin tarixi ilə müqayisədə çox qədimdir. Lakin Şuşa artıq XVIII əsrin sonlarında aran və dağ Qarabağın əsas xalçaçılıq mərkəzinə çevrilə bilmişdi. Burada Laçında, Ağdamda, Kəlbəcərdə, Ağdərədə, Ağcabədi, Beyləqanda və digər yerlərdə yaranan gəbələrlə yanaşı, Şuşanın özündə və ətraf kəndlərdə yaranan “Əjdahalı”, “Açma-yumma”, “Bağçada güllər”, “Nəlbəki gül”, “Saxsıda güllər”, “Qoca”, “Balıq”, “Butalı”, “Ləmpə”, “Dəryanur”, “Bulud” və s. kimi xalça çeşniləri də toxunurdu. Şuşada xalçaçılığın tarixi kökləri birbaşa türkçülüklə bağlıdır. Burada toxunan bütün xalçalar, xalça məmulatları üzərində Bayat, Kəngərli, Kolanı, Bəydili, Dəmirçi, Qazançı, Yaycı, Muğanlı, Əfşar, Quşçu, Otuzikilər, İyirmidördlər, Qaraqoyunlular kimi onlarla türk tayfalarının rəmzi olan elementlərə, damğalara rast gəlinir. Qarabağda Rusiya, Avropa, Orta Asiya, Anadolu, İran bazarlarının sifarişləri əsasında xalçaların toxunması da Şuşa ilə bağlıdır. Şuşanın xalça emalatxanalarının məhsuldarlığı sayəsində burada xalça bazarı da yaranmışdı. Yüksək keyfiyyətli, seçmə xalçaların toxunması üçün şəhərdə yunçuluq və boyaqçılıq üzrə emalatxanalar da fəaliyyət göstərmişdir. Şuşanın xalçaları bədii cəhətdən Qarabağ və Cənubi Azərbaycan xalçaçılığının ənənələrini əks etdirir. Burada Təbriz saray çeşniləri əsasında toxunan nəbati gəbələr olub. Təbrizdə olduğu kimi, Şuşada da süjetli xalçaların toxunmasına xüsusi önəm verilib. Süjetli xalçalar isə bir qayda olaraq, şəhər mədəniyyətinin, ədəbiyyatın, musiqinin inkişaf etdiyi bir mühütin məhsuludur. Bu xalçaların ölçüsü, texniki göstəriciləri rəngləri bir qədər fərqli olsalar da, bu Cənubi Azərbaycanla Qarabağın, Şuşanın bağlılığını, əhali, sənətkarlar arasında əlaqələri, yaradıcılıq mübadiləsini göstərir.
Burada toxunan xalçalar bədii cəhətdən mürəkkəb kompozisiyalıdır. Xalçaların əksəriyyəti xovludur. Onlar ya ticarət üçün, ya da Şuşanın şəhərtipli evləri, sarayları üçün nəzərdə tutulurdu. Dünyanın məşhur “Viktoriya və Albert”, “Metropoliten” muzeylərində, Kanada Tekstil muzeyində, “Ermitajda”, Rusiya Etnoqrafik Muzeyində və şəxsi kolleksiyalarda vaxtilə Şuşada azərbaycanlılar tərəfindən toxunmuş çoxlu sayda xalçalar, xalça məmulatları var. Bir xalçanın Şuşa, Qarabağ adı ilə təqdimatı, onun bir brend, orijinal sənət nümunəsi olmasına işarədir. Avropalılar, amerikalılar üçün Şuşa xalçasını almaq bir fəxrdir, qürurdur. Çünki onlar Şuşanın yalnız Azərbaycan üçün deyil, bütünlükdə Qafqaz üçün, Şərq dünyası üçün əhəmiyyətini bilirlər.
1992-ci ilin mayında Şuşa şəhəri işğal edilən zaman Şuşanın tarix-diyarşünaslıq muzeyində saxlanılan xalqımıza məxsus digər maddi-mədəniyyət nümunələrimizlə yanaşı, xalçalarımız da Ermənistana, oradan da xarici ölkələrə, hərraclara daşındı. Ermənilər Şuşa əhalisinin evlərindən çıxara bilmədikləri XIX əsrin ikinci yarısına – XX əsrin ortalarına aid çoxlu sayda xalça və xalça məmulatlarını baha qiymətlə satışa çıxarırdılar.
Bu gün Azərbaycanın Ali Baş Komandanı, cənab İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın bir müddətdə işğal altında saxlanılan torpaqlarımız, o cümlədən Şuşa şəhəri də düşməndən azad olunmuşdur. Əminik ki, yaxın gələcəkdə bütünlükdə Qarabağda, o cümlədən də Şuşada həyat öz axarına düşəcək. Şuşa öz firavan, xoşbəxt günlərinə qayıdacaq, şəhər öz əzəli sakinlərinə, əsl sahiblərinə qovuşacaq. Şuşada silah səslərini musiqi səsi, şənlik səsi, hana səsi əvəz edəcək. Bizim Qarabağa, Şuşaya qayıdışımızın bir göstəricisi də burada yeni xalça emalatxanalarının, xalça muzeyinin yaradılması olacaq”.
Sektor rəhbəri bildirib ki, geniş tamaşaçı kütləsi üçün nəzərdə tutulan videoçarxda xalçaçılıqla yanaşı, Şuşanın qədim və yeni dövr tarixini, işğal dövrünü, sənətkarlıq sahələrini əks etdirən materiallar da yer almışdır. Video materialı https://www.youtube.com/watch?v=8DTV8scImP8 ünvanında izləmək mümkündür. Gələcəkdə bu qəbildən olan tanıtım xarakterli video materialların hazırlanması işi davam etdiriləcəkdir.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.