Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



“KEŞİKÇİDAĞ” DÖVLƏT TARİX-MƏDƏNİYYƏT QORUĞUNDA ARXEOLOJİ TƏDQİQATLAR APARILIB

  08.02.2021

Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin xüsusi sərəncamı ilə Ağstafa rayonunda yerləşən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna (Keşikçidağ DTMQ) Soyuqbulaq qəsəbəsindən çəkilən yolun inşası zamanı tarixi abidələr aşkar edilmişdir. Həmçinin, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzə Dövlət Xidmətinin tabeiyində olan Keşikçidağ DTMQ əməkdaşlarının vaxtilə qeyd etdiyi bir neçə kurqan tipli qəbir abidəsi yolun 11-14 km arasında olan hissəsinə düşmüşdür. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzə Dövlət Xidmətinin, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin birgə qərarına əsasən inşa edilən yolun 11-14-cü km kəsiyində işlər dayandırılmış və ərazidə arxeoloji tədqiqat, arxeoloji xilasetmə işləri və arxeoloji kəşfiyyat aparmaq üçün AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Pərviz Qasımov Keşikçidağ DTMQ-ə ezam olunmuşdur.
2020-ci ilin dekabrın sonundan etibarən 2021-ci ilin yanvar ayı da daxil olmaqla aparılan arxeoloji tədqiqat və xilasetmə işləri zamanı Keşikçidağ DTMQ-nin ərazisinə daxil olan Karvan dərəsi və Qaltan dərəsi ərazisində, 6 daş örtüklü kurqan aşkar edilib. Həmçinin, inşa edilən yolun 11-14-cü km kəsiyi üzərində hər birinin sahəsi 25 kv.m olan 114 tədqiqat kvadratı (ümumi sahəsi 2850 kv.m) yaradılmış və qazıntı işləri aparılmışdır.
Şəraitə uyğun olaraq abidələrdə geodezik ölçmə və qeydiyyat işləri aparılıb. Yol üzərindəki tədqiqat sahəsinin 19,20, 22, 23 kvadratlarında qədim səcdəgahın divar qalıqları aşkar edilmşdir.
“Qaltan dərəsi” adlanan ərazidə tədqiq edilmiş iki kurqandan birində daş örtük altında 4 daş qutu qəbir aşkarlanıb. İkinci kurqanda daş örtüyü altında, təqribən 1,2 metr dərinlikdə Son tunc dövrü üçün xarakterik olan dəfn adəti (üzü şərqə tərəf, sıx bükülü pozada dəfn, keramik məmulat, tuncdan əmək alətləri, qəbirə qoyulmuş və “o dünyaya yolda azuqəlik” kimi nəzərdə tutulan ev heyvanlarının bişirilmiş hissələrinin sümük qalıqları) qeydə alınıb.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Pərviz Qasımov bildirib ki, “Karvandərəsi” adlanan ərazidə yol üzərində olan və müxtəlif dövrlərdə daş örtükləri zədələnmiş dörd kurqan tipli abidədə də üzə çıxarılıb.
Kurqanların birində dəfn kamerasında qədim dövrlərdə baş vermiş talanın izlərinə rast gəlinib. Digər üç kurqanda isə dəfni müşayiət edən müxtəlif tipli keramik məmulat (dopu və küpələr), tuncdan az ölçülü yarpaqvari xəncər tiyələri, azuqə qalıqları qeyd olunub.
Ərazidən toplanmış keramik materialın fraqmentləri, kurqanlarda aşkar edilmiş keramik və tuncdan əmək alətləri, həmçinin, qeyd edilən səcdəgahın qalıqları arasında sitayiş daşının (bütünün) analogiyası qeyd olunan tarixi obyektlərin Son tunc dövrünün əvvəlinə (e.ə II minilliyin II yarısı), Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin erkən mərhələsinə, təqribən e.ə. XIV əsrə, yəni 3400 il əvvələ aidiyyəti barədə ilkin rəyin irəli sürülməsinə əsas verir.
Həmçinin, qeyd edilən tapıntıların, əraziyə daxil Sarıyoxuş dərəsində 8 kurqan tipli abidənin və Hasarlı adlı yaşayış yeri ehtimal edilən ərazinin GPS koordinatları götürülmüş, abidələrin foto və video çəkilişləri aparılmışdır.
Ərazidən tapılan maddi-mədəniyyət nümunələrinə gəldikdə isə onlar qoruğa təhvil veriləcək və turistlər üçün yaradılacaq xüsusi muzeydə yerləşdiriləcək. Əldə olunan nəticələr göstərir ki, “Keşikçidağ kurqanlar vadisi” qarşıdakı illər üçün mütəmadi elmi tədqiqatlar perspektivinə və turizmin inkişafı üçün böyük potensiala malikdir.




© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.