Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



NAXÇIVANIN QƏDİM MƏDƏNİ VƏ İQTİSADİ ƏLAQƏLƏRİ BARƏDƏ MƏQALƏ BEYNƏLXALQ ELMİ JURNALDA DƏRC EDİLİB

  12.02.2021

AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun “Qədim dövr arxeologiyası” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyevin beynəlxalq elmi indeksə malik Türkiyə Elmlər Akademiyası Arxeoloji Dərgisində (TÜBA-AR) “Azərbaycanın Son Neolit və İlk Eneolit dövrü mədəniyyətlərinin Şimal-Qərbi İran ilə (İran Azərbaycanı) əlaqələri” adlı məqaləşi nəşr olunmuşdur.
Azərbaycan və Şimal-Qərbi İranın Son Neolit və Erkən Eneolit dövrü mədəniyyətlərinin araşdırılması Cənubi Qafqazın xammal yataqları ilə bağlı olaraq bu bölgələr arasında qarşılıqlı əlaqə yarandığını və bu əlaqələrin Dalma Təpə mədəniyyətinin formlaşması ilə nəticələndiyini göstərir. Naxçıvantəpənin Son Neolit təbəqəsindən götürülən bir kömür nümunəsi e.ə. 5209-4930-cu illəri, digər bir nümunə isə e.ə. 5038-4799-cu illəri göstərmişdir. Bu faktlara əsasən Dalma Təpə mədəniyyətinin e.ə. VI minilliyin sonu və V minilliyin erkən çağında formlaşması barədə fikir irəli sürülmüşdür.
Tədqiqatçının fikrinə görə, Dalma Təpə mədəniyyəti Naxçıvan və Urmiya hövzəsini əhatə edən bir bölgədə formalaşmış və bu bölgədən cənuba doğru yayılmışdır. Naxçıvantəpə və Urmiya hövzəsinin cənub-şərqindəki Dalma Təpə bu mədəniyyətin ən önəmli mərkəzlərindən olmuşdur. Araşdırmalar göstərir ki, Naxçıvandan Salmas Ovalığına, oradan da güneyə doğru yönələn qədim kommunikasiya xətləri Cənubi Qafqaz, Azərbaycan və Urmiya hövzəsi arasındakı iqtisadi-mədəni əlaqələrin ən mühüm istiqamətlərindən biri olmuşdur. Böyük ehtimalla, bu yol Cənubi Qafqaz xammalının, xüsusilə obsidianın cənuba daşınmasında əsas yer tutmuşdur.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.