Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNDA XOCALI SOYQIRIMININ ANIM TƏDBİRİ KEÇİRİLDİ

  26.02.2021

Fevralın 25-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda İnternet üzərindən onlayn konfrans formatında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirildi. İclasda İnstitutun əməkdaşları iştirak edirdilər.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova tədbiri açaraq Xocalı faciəsi ilə bağlı çıxış etdi. Professor M.Rəhimova bildirdi ki, Xocalı faciəsi XX əsrdə bəşəriyyətə qarşı törədilmiş cinayətlər içində öz amansızlığı və qəddarlığı ilə xüsusi seçilməkdədir.
1992-ci il 25 fevraldan 26-na keçən gecə erməni işğalçıları milli mənsubiyyətinə mülki Azərbaycan vətəndaşlarının 613 nəfərini xüsusi amansızlıqla qətlə yetirib, 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb; onlardan 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmiş, Milli Məclisin qərarı ilə fevralın 26-sı ümummilli matəm günü elan edilmişdi. Xocalı qətliamının dünya miqyasında tanınması üçün mühüm işlər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə indi də davam etdirilməkdədir. Xocalı qətliamının dünya miqyasında tanınması istiqamətində sistemli iş aparılması üçün 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyası başlandı. Hələ 2017-ci ildə Prezident İlham Əliyev, vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə yüz minlərlə soydaşımızdan ibarət izdiham Xocalı abidəsinə yürüş keçirmişdir.
Bu görülən təqdirəlayiq işlər, həmçinin, diasporlarımızın və diplomatlarımızın da fəaliyyəti nəticəsində artıq 20-dən çox ölkənin parlamentləri tərəfindən Xocalı soyqırımı tanındı və bəşəriyyətə qarşı cinayət kimi dəyərləndirildi.
Eyni zamanda professor M.Rəhimova çıxışında bildirdi ki, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan əsgərləri ötən ilin oktyabr-noyabr aylarındakı 44 günlük azadlıq müharibəsinin nəticəsində işğal altında olan torpaqlarımız azad edildi. Beləliklə, xalqımız Xocalı soyqırımının günhasız qurbanlarının qisasını aldıq.
Professor M.Rəhimova Xocalı soyqırımı zamanı erməni işğalçıları tərəfindən öldürülmüş dinc vətəndaşlarımızın, şəhərin müdafiəsi zamanı şəhid olmuş hərbçilərimizin xatirəsini bir dəqiqəlik sükütla anılmasını təklif etdi.
Tədbirə qatılmış İnstitutun əməkdaşları bir dəqiqəlik sükutla Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini andılar.
Daha sonra söz AMEA Arxeologiya və Etnoqrafiya İnstitutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimliyə verildi. B.İbrahimli bildirdi ki, Xocalı faciəsini biz illərlə öz respublikamızda qeyd etsək də, bu faciənin dünyaya tanıdılması məhz Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və diaspor təşkilatlarının fəaliyyəti sayəsində, filmlər, kitablar, broşurlar hazırlanaraq dünyaya çatdırıldı. İndi də bu prorses davam edir. Dünya xalqlarının bu faciədən xəbəri yox idi. Bilirsiniz ki, ermənilərin yazıçısından tutmuş adi əsgərinə qədər bizim haqqımızda nə qədər amansız düşünürlər. 44 günlük bizim qələbəmizlə nəticələnən müharibədən sonra yenə də nə edəcəklərini açıq-aşkar bütün dünyaya yayırlar. Biz həm də ermənilərin dəstəkçilərinin də adlarını çəkməliyik. Xocalı faciəsi zamanı bizim insanlarımız əliyalın oldugu halda, ermənilər silahlandırılmışdı, onlara hərbi köməklik var idi və sovet ordusu onlara hərbi yardım edərək Qarabağı bizdən almaq üçün hazırlanmış planı həyata keçirirdi.
Bəhlul İbrahimli çıxışında 44 günlük müharibənin düşmənə və onun mövcudluğuna nə qədər nəhəng zərbə vurduğunu qeyd edərək, torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün qorunması uğrunda mübarizənin daim davam edəcəyini bildirdi.
Daha sonra İnstitutun şöbə müdiri, t.e.d., professor Hidayət Cəfərov çıxış etdi. Professor H.Cəfərov Xocalı şəhəri ətrafında aparılan tədqiqatlardan söz açdı. H.Cəfərov bildirdi ki, 1981-ci ildə üç ay müddətində Xocalı və ətrafında yerləşmiş abidələrin tədqiqində iştirak edərək ərazidəki azərbaycanlı yaşayış məskənlərinin iqtisadi durumunun şahidi olmuşdur. “Ağdamdan Xocalıya 10 dəqiqəlik yol var. Xocalı 3 kənddən ibarət idi. Köhnə Xocalı, Qaladibi Xocalısı (1905-1906 və 1918-1920-ci illərdə Laçından qaçqın düşmüş əhali) və Zəngəzurdan olan qaçqınların yerləşdiyi “qaçqınlar Xocalısı” -deyə professor H.Cəfərov bildirdi. Orada aeroport inşa edildikdən sonra Xocalının strateji əhəmiyyəti dəfələrlə gücləndi. Ermənilərin ora can atma səbəblərindən biri də Xocalı nekropolunun olması idi. Çıxışının sonunda professor H.Cəfərov bildirdi ki, 44 günlük müharibə Qarabağın 95 faiz ərazisinin geri alınması ilə nəticələndi. Əsas da Xocalı faciəsini törədənlərin çoxu da öz cəzasını aldı. “Xocalı faciəsini törətmiş erməni cəlladlarına ar olsun! Allah Xocalı faciəsini törədənlərinə lənət eləsin, onların yeri cəhənnəmdir! Allah Xocalı qurbanlarına rəhmət eləsin!” - deyə professor H.Cəfərov bildirdi.
İnstitutun şöbə müdiri, t.ü.f.d. Akif Quliyev söz alaraq bildirdi: “Xocalı hadisələri zamanı biz institutda oxuyurduq. Xocalı şəhərində baş verən bu qətliam bizə gənc olaraq çox pis təsir etdi. Biz bir azərbaycanlı olaraq məhz bu hadisələrə görə ermənilərə nifrət etdik. Birinci Qarabağ müharibəsində torpaqlarımızın itkisi, 30 ilə yaxın bir müddətdə torpaqlarımızın işğalda qalması, Xocalıda baş vermiş o genosidin hamısının cavabı məhz bu qələbə ilə nəticələnən 44 günlük müharibədə oldu. Biz hardasa bir az rahatlıq əldə etdik. Allah Xocalı şəhidlərinə rəhmət eləsin, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Haqq əvvəl-axır öz yerini tapmış olur”.
Daha sonra AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Daş dövrü arxeologiyası” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əsədulla Cəfərov çıxış etdi. “Bu gün bəşəriyyət tarixində, insanlıq tarixində ən böyük faciələrdən birinin anım günüdür. 29 il əvvəl Azərbaycanın əzəli torpağı olan Xocalıda faciə baş verdi. Bütün bu hadisələrin törədicisi Qorbaçov və erməni terror təşkilatları idi. Erməni xalqı indi bu hadisələrdən ibrət götürməlidir. Bəşəriyyət bu yırtıcı əməllərdən ibrət dərsi götürməlidir. Bizim torpaqlarımız qismən azad olunub. Baxın, xaraba qalmış Cəbrayıla, Zəngilana, Ağdama və digər rayonlarımıza, insanların sümükləri qəbirlərdə n çıxarılıb, abidələr dağıdılıb. 100 ilə yaxın idi ki, erməni xalqı ilə qonşu kimi yaşayırdıq. Bəs onları kim yoldan çıxartdı? Mən bütün şəhidlərimizin qarşısında baş əyirəm” - deyə professor Ə.Cəfərov çıxışında bildirdi.
İnstitutun şöbə müdiri, t.ü.f.d. Pərviz Qasımov çıxış edərək qeyd etdi ki, 25 və 26 Fevral bizim faciəli tarixi günümüzdür. Amma bu il digər illərdən fərqlənir. Bu il Xocalı faciəsi qurbanlarının tam olmasa da, qismən də olsa, qisası alınıb. İnşallah, məcburi köçkün soydaşlarımız öz torpaqlarına qayıdacaqlar. Hələ bizə bir 20 il vaxt lazımdır ki, o ərazilərdə möhkəmlənək. Bundan başqa, həm də unutmamalıyıq ki, Qarabağ hadisələri ilə əlaqədar ermənilərin havadarı olan dövlətlər hansı bəyanatları verirdilər. Mən bir daha Xocalı faciəsi qurbanlarını hörmətlə anıram, onlara Allahdan rəhmət diləyirəm. 44 günlük Qarabağ müharibəsi şəhidlərimizin ruhu qarşısında baş əyirəm və Qarabağ qazilərimizə Allahdan şəfa diləyirəm”.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.