Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AZƏRBAYCANLI ARXEOLOQLAR BEYNƏLXALQ VEBİNARDA MƏRUZƏLƏR ETMİŞLƏR

  01.03.2021

26-27 fevral 2021-ci il tarixində Böyük Britaniyanın Dürhem və Oksford Universitetlərinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqazın arxeoloji öyrənilməsi forumu” (“South Caucasus Archaeological Research Forum” - S.C.A.R.F. 2021) adlı onlayn vebinar keçirilmişdir. Tədbirin məqsədi Cənubi Qafqaz ölkələri ərazisində aparılmış arxeoloji tədqiqatların bir sıra nəticələrini təqdim etmək olmuşdur. Böyük Britaniya, ABŞ, Yaponiya, Avstraliya, Livan, Gürcüstan və digər ölkələrdən iştirakçılar olan vebinarda ölkəmizi AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları - t.ü.f.d., dosent Anar Ağalarzadə, t.ü.f.d. Namiq Hüseynli və İnstitutun doktorantı Aslan Qasımov təmsil etmişlər.
A.Ağalarzadə və A.Qasımov “Cənubi Qafqazın cənub-şərq ətəklərində qəbir abidələri: Talış dağlarında aşkara çıxarılan Son Tunc-İlk Dəmir dövrü kurqanları” adlı məruzə ilə çıxış etmişlər. Məruzəçilər Azərbaycanın cənub-şərq bölgəsinin bəhs olunan dövrə aid abidələrlə zəngin olduğunu və son illərdə bu abidələrdə sistemli arxeoloji tədqiqatlara başlanıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
N.Hüseynlinin məruzəsi orta əsr Şəmkir şəhər yerinə həsr olunub. “Şəmkir orta əsr şəhər yerində aparılmış arxeoloji araşdırmaların müəyyən nəticələri” adlı məruzə ilə çıxış edən tədqiqatçı bu abidədə 10 il ərzində fasiləsiz olaraq aparılmış sistemli arxeoloji tədqiqatlar zamanı üzə çıxarılmış elmi nəticələrdən bəhs edib. Hər iki məruzələr vebinar iştirakçıları tərəfindən dinlənilmiş və maraq kəsb edən bir çox suallar cavablandırlımışdır.
Vebinar “Cənubi Qafqazda arxivlər və mədəni irs” mövzusunda dəyirmi masa ilə işini yekunlaşdırmışdır.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.