Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN ELMİ ŞURASININ İCLASI KEÇİRİLDİ

  03.03.2021

2021-ci il 03 mart tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının onlayn formatında növbəti iclası keçirilmişdir. İclasda Elmi Şuranın 27 üzvündən 20 nəfəri iştirak edirdi.
İnstitutun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova iclası açaraq qarşıdakı 8 Mart – Beynəlxalq qadınlar günü münasibətilə İnstitutun qadın əməkdaşlarını təbrik edtdi.
Daha sonra professor M.Rəhimova Şura üzvlərini iclasın gündəliyi ilə tanış etdi. Təqdim edilmiş iclasın gündəliyinə münasibət bildirmək təklif olundu. İclasın gündəliyinə təklif və dəyişiliklər barədə fikirlər olmadığından Elmi Şura iclasın gündəliyində olan məsələlərin müzakirəsinə keçdi.
Elmi Şuranın gündəliyinin birinci məsələsi — İnstitutun “Elmi ekspozisiya” və “Arxeoloji fond” şöbələrinin birləşdirilməsi barədə idi. Birinci məsələ üzrə çıxış edən professor M.Rəhimova qeyd etdi ki, İnstitutun “Arxeoloji fond” şöbəsinin müdiri Arif Rəhmanov vəfat etdikdən sonra bu şöbənin “Elmi ekspozisiya” şöbəsilə birləşdirmək istər məntiqi tərəfdən, istərsə də rasional idarəçiliyin tələbləri və beynəlxalq təcrübə baxımından daha məqsədəuyğun hesab edilmişdir. Beləliklə, irəli sürülən təklifə əsasən İnstitutun “Elmi ekspozisiya” və “Arxeoloji fond” şöbələri birləşdirilərək “Elmi ekspozisiya və arxeoloji fond” şöbəsi adlandırılacaq, yeni yaradılacaq şöbənin rəhbəri vəzifəsinə “Elmi ekspozisiya” şöbəsinin rəhbəri, t.ü.f.d. Fərhad Quliyevin namizədliyi irəli sürüldü.
Məsələ ilə bağlı digər təkliflər və namizədlər olmadığından təklif səsə qoyuldu. Səsvermə nəticəsində yekdil səslə “Elmi ekspozisiya” və “Arxeoloji fond” şöbələrinin birləşdirilməsi və yeni yaradılacaq şöbənin rəhbəri vəzifəsinə “Elmi ekspozisiya” şöbəsinin rəhbəri, t.ü.f.d. Fərhad Quliyevin təyin edilməsi barədə qərar qəbul edildi.
Daha sonra t.ü.f.d. F.Quliyev çıxış edərək ona göstərilən etimada görə Elmi Şura üzvlərinə öz təşəkkürünü bildirdi. F.Quliyev qeyd etdi ki, Fondda çoxlu iş görmək tələb olunur. Materiallar elektron inventarlaşdırılmalıdır. Çünki, orada materiallar tiplərinə və növünə görə bölünməli və çəkilişləri aparılıb elektron qaydada inventarlaşdırılmalıdır. “Bunun üçün bizə vaxt verilməlidir. Ora xüsusi kadrlar yerləşdirilməli, proqram tərtib edib Fondu yenidən formalaşdırmaq lazımdır”. – deyə F.Quliyev bildirdi.
Professor M.Rəhimova hamının F.Quliyevə dətsək olacağını və bu işdə şöbə müdiri, t.ü.f.d.Səfər Aşurovun da ona kömək edəcəyini qeyd etdi. Mövzu üzrə çıxış edən şöbə müdiri, t.ü.f.d. Bəhlul İbrahimli qeyd etdi ki, Fondla Elmi Ekzpozisiyanın birləşdirilməsi məntiqli qərardır. Bütün materiallar elektron varianta keçiriləcək. “Daha bir materialı işləmək üçün qutuları bir-bir açıb baxmağa ehtiyac qalmayacaq. Elektron kataloqu, bazası olsa, daha alimlər o çətinliklə üz-üzə qalmaz” – deyə t.ü.f.d. B.İbrahimli vurğuladı.
Söz alaraq şöbə müdiri, t.e.d., professor Hidayət Cəfərov qeyd etdi ki, əslində Fondun bu vəziyyətdə qalması məqbul deyil. Fondda iş görülməlidir. F.Quliyevə bu işdə kömək etmək lazımdır. Fondda işləməyi bacaran kadrlar verilməlidir ki, fonddakı materialların durumu və qeydiyyatı qaydaya salınsın. “Yaxşı olar ki, yuxarı orqanlar qarşısında məsələ qaldıraq ki, Fonda bir bina verilsin, çünki materiallar zirzəmilərdə qalıb. O da bizim ürəyimizi ağrıdır. Biz bu iki şöbənin birləşdirilməsi qərarını qəbul etdik. Mən bu qərarən lehinəyəm və bu, düzgün qərardır” – deyə professor H.Cəfərov bildirdi.
Şöbə müdiri, t.ü.f.d. Pərviz Qasımov qeyd etdi ki, professor H.Cəfərovun sözünə qüvvət olaraq göstərilməlidir ki, Fondun problemləri çoxdur. “Fərhad müəllimə vaxt vermək lazımdır ki, Fondun problemlərini araşdırsın və gələcəkdə bu məsələyə Elmi Şuranın ayrıca bir iclasını həsr edək. Fərhad müəllim də fondun problemləri haqda öz konsepsiyası ilə çıxış etsin” – deyə t.ü.f.d. P.Qasımov bildirdi.
Digər çıxışlar olmadığından iclasın gündəliyinin ikinci məsələsinin müzakirəsinə başlanıldı.
Elmi Şuranın gündəliyinin ikinci məsələsi — hazır işlərin çap üçün müzakirəsi idi. Müzakirəyə çıxarılmış hazır işlər sırasında ilk olaraq A.Seyidov, R.Rzayev, C.Mustafayevin həmmüəllif olduqları “Azərbaycan xanlıqları (dövlətçilik rəmzləri, hüquqi sistemi, pul dövriyyəsi)” kitabının çapa məsləhət görülməsi məsələsi oldu.
İnstitutun Elmi katibi t.ü.f.d. Sevil Ağamalıyeva bildirdi ki, əsər şöbədə müzakirə edilib və iclasın protokoldan çıxarış var. Akif Quliyev və Rəfael Kərimov əsərə müsbət rəy vermişlər. Əsərin elmi redaktoru t.e.d. Tofiq Mustafazadədir. Təklif və iradlar olmadığından yekdil müsbət rəylə Elmi Şura tərəfindən elmi iş çapa məsləhət görüldü.
Müzakirəyə çıxarılmış ikinci hazır elmi iş — E.Əliyev, B.İbrahimlinin “Plovdağda arxeoloji tədqiqatlar” əsəri idi. İnstitutun Elmi katibi t.ü.f.d. S.Ağamalıyeva bildirdi ki, əsər şöbədə müzakirə olunub, müzakirə protokolundan çıxarışı var. Əsərə Akif Quliyev və Emil İsgəndərli müsbət rəy vermişlər. Əsərin elmi redkatoru t.e.d., professor Vəli Baxşəliyevdir. Təklif və iradlar olmadığından yekdil müsbət rəylə Elmi Şura tərəfindən elmi iş çapa məsləhət görüldü.
Müzakirəyə çıxarılmış üçüncü hazır elmi iş — N.N.Hüseynlinin “Orta əsr Dəhnəli yaşayış yeri” monoqrafiyası idi. İnstitutun Elmi katibi t.ü.f.d. S.Ağamalıyeva bildirdi ki, əsər şöbədə müzakirə olunub, müzakirə protokolundan çıxarışı var. Əsərə Elmira Cəfərova və Rəşid Bəşirov müsbət rəy vermişlər. Əsərin elmi redkatoru t.e.d. Tarix Dostiyevdir. Təklif və iradlar olmadığından yekdil müsbət rəylə Elmi Şura tərəfindən elmi iş çapa məsləhət görüldü.
Müzakirəyə çıxarılmış dördüncü hazır elmi iş — AMEA-nın sosial elmlər jurnalında çap üçün Ş.Nəcəfov “Qazax rayonu ərazisində yeni arxeoloji tədqiqatlar (Əziztəpə son tunc-erkən dəmir dövrü abidəsinin arxeoloji tədqiqinin yekunları)” başlıqlı məqaləsi idi. İnstitutun Elmi katibi t.ü.f.d. S.Ağamalıyeva bildirdi ki, bu məqalənin çapı üçün Elmi Şuranın qərarı tələb olunur. Təklif və iradlar olmadığından yekdil müsbət rəylə Elmi Şura tərəfindən elmi iş çapa məsləhət görüldü.
Müzakirəyə çıxarılmış beşinci hazır elmi iş — A.Ağalarzadənin “Azərbaycanın cənub-şərq bölgəsinin tunc-ilk dəmir dövrü sənətkarlığından bəzəklər (etno-arxeoloji tədqiqat)” məqaləsi idi. Məqalə AMEA-nın sosial elmlər jurnalında dərc edilməsi üçün müzakirə olunmalıdır. Təklif və iradlar olmadığından yekdil müsbət rəylə Elmi Şura tərəfindən elmi iş çapa məsləhət görüldü.
Müzakirəyə çıxarılmış altıncı hazır elmi iş — D.H.Cəfərovanın “Памятники Карабахской группы Ходжалы – Кедабекской археологической культуры (по материалам курганов Довшанлы – Баллукая – Ахмахи)” məqaləsi idi. Təklif və iradlar olmadığından yekdil müsbət rəylə Elmi Şura tərəfindən elmi iş çapa məsləhət görüldü.
Müzakirəyə çıxarılmış yeddinci hazır elmi iş — M.Oruclunun “Etnosiyasi münaqişələrə dair nəzəriyyələr və onların təsnifi” məqaləsi idi. Məqalə “Tarix və onun problemləri” jurnalında dərc edilməsi üçün müzakirə olunmalıdır. Təklif və iradlar olmadığından yekdil müsbət rəylə Elmi Şura tərəfindən elmi iş çapa məsləhət görüldü.
Müzakirəyə çıxarılmış səkkizinci hazır elmi iş — M.Oruclunun “Etnik azlıqlar məsələsi və etnosiyasi münaqişələrin nizamlanmasında əsas prinsiplər” məqaləsi idi. Məqalə “Tarix və onun problemləri” jurnalında dərc edilməsi üçün müzakirə olunmalıdır. Təklif və iradlar olmadığından yekdil müsbət rəylə Elmi Şura tərəfindən elmi iş çapa məsləhət görüldü.
Elmi Şuranın gündəliyinin üçüncü məsələsi — İnstitutun dissertantı Vüsal Həsənovun antropologiya üzrə fəlsəfə doktoru elmi dərəcə almaq üçün dissertasiya mövzusunun adından qismən dəyişiklik barədə idi.
İnstitutun Elmi katibi t.ü.f.d. Sevil Ağamalıyeva bildirdi ki, dissertasiyanın adı “Azərbaycanda orta əsr dövrü əhalisinin paleodemoqrafik xüsusiyyətləri” kimi qəbul edilib. İnstitutun Antropologiya Mərkəzində müzakirədə dəyişilərək “Azərbaycanın orta əsr dövrü əhalisinin antropoloji xüsusiyyətləri sosioloji materiallar əsasında” kimi dəyişdirilib.
Professor M.Rəhimova məsələ barədə İnstitutun Antropologiya Mərkəzinin rəhbəri a.e.d., professor Əliaga Məmmədlinin fikrini bildirməyi təklif etdi. Professor Ə.Məmmədli bildirdi ki, dissertasiya işinin adını müzakirə edərək “biz düşündük ki, paleodemoqrafiya mövzunu dar çərçivəyə salır və ona görə də belə dəyişiklik etməyə qərar verdik”. Təklif və iradlar olmadığından yekdil müsbət rəylə Elmi Şura tərəfindən İnstitutun dissertantı Vüsal Həsənovun antropologiya üzrə fəlsəfə doktoru elmi dərəcə almaq üçün dissertasiya mövzusunun adında qismən dəyişiklik edilərək “Azərbaycanın orta əsr dövrü əhalisinin antropoloji xüsusiyyətləri sosioloji materiallar əsasında” kimi qəbul edildi.
Elmi Şuranın gündəliyinin dördüncü məsələsi — İnstitutun 2021-ci ilin I yarısına dair təqribi iş planının müzakirəsi idi. Mövzu üzrə İnstitutun Elmi katibi t.ü.f.d. Sevil Ağamalıyeva çıxış edərək Elmi Şura üzvlərini 2021-ci ilin I yarısına dair təqribi iş planının ümumi müddəaları ilə tanış etdi. Təklif və iradlar olmadığından yekdil müsbət rəylə İnstitutun 2021-ci ilin I yarısına dair təqribi iş planı qəbul edildi.
Elmi Şuranın gündəliyinin beşinci məsələsi — “dosent” elmi adı almaq üçün İnstitutun şöbə müdiri t.e.d. Tarix Dostiyevin və t.ü.f.d. Elvin Əliyevin təqdim olunan sənədlərinin müzakirəsi idi.
İnstitutun Elmi katibi t.ü.f.d. Sevil Ağamalıyeva bildirdi ki, bu məsələ hələ 2020-ci il 02 dekabr tarixindəki Elmi Şuranın iclasında açıq səsvermə yolu ilə səsə qoyulub və qəbul edilib. Lakin Azərbaycan Respublikası Prezidenti yanında AAK tələb qoyub ki, hər bir namizədin elmi ad məsələsi üzrə 3 nəfərdən ibarət komissiya yaradılaraq səsvermə keçirilməlidir. Məsələ bu komissiyada təsdiq edilməlidir.
Aparılmış müzakirələr zamanı professor Hidayət Cəfərov, t.ü.f.d. S. Ağamalıyeva və t.ü.f.d. Fərhad Quliyevin namizədlikləri “dosent” elmi adı almaq üçün xüsusi komissiyanın üzvlüyünə irəli sürüldülər. Yekdil müsbət səslə komissiyanın tərkibi təsbit olundu. Professor Hidayət Cəfərov t.e.d. Tarix Dostiyevin dosent elmi adı alması üçün təqdim etdiyi sənədlərlə komissiya üzvlərini tanış etdi. Daha sonra komissiya sədri t.e.d. Tarix Dostiyevin dosent elmi adı alması ilə bağlı məsələni açıq səsverməyə buraxdı. Açıq səsvermənin nəticəsinə görə, dosent elmi adı almaq üçün təqdim edilmiş şöbə müdiri t.e.d. Tarix Dostiyevin namizədliyi yekdilliklə müsbət səs almışdır. Səs hesablayıcı komissiyanın protokolu da təsdiq edildi.
Daha sonra aparılmış müzakirələr zamanı professor Hidayət Cəfərov, t.ü.f.d. Sevil Ağamalıyeva və t.ü.f.d. Fərhad Quliyevin namizədlikləri “dosent” elmi adı almaq üçün xüsusi komissiyanın üzvlüyünə yenidən irəli sürüldülər. Yekdil müsbət səslə komissiyanın tərkibi təsbit olundu. Professor Hidayət Cəfərov t.ü.f.d. Elvin Əliyevin dosent elmi adı alması üçün təqdim etdiyi sənədlərlə komissiya üzvlərini tanış etdi. Daha sonra komissiya sədri professor H.Cəfərov t.ü.f.d. Elvin Əliyevin dosent elmi adı alması ilə bağlı məsələni açıq səsverməyə buraxdı. Açıq səsvermənin nəticəsinə görə, dosent elmi adı almaq üçün təqdim edilmiş şöbə müdiri t.ü.f.d. Elvin Əliyevin namizədliyi yekdilliklə müsbət səs almışdır. Səs hesablayıcı komissiyanın protokolu da təsdiq edildi.
Daha sonra Elmi Şura cari məsələləri müzakirə etdi.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.