Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ERMƏNİ TERRORİSTLƏRİNDƏN AZAD OLUNMUŞ QARABAĞDA NƏLƏR GÖRDÜM?

  19.03.2021

17 mart 2021-ci il saat 03:17 dəqiqədə “Ya Allah” deyib, “ARB24” televiziya şirkətinin əməkdaşları Gündüz Vaqif oğlu, Feyruz və Qəni - mənəvi övladlarım ilə “Prezidentin izi ilə” adlı 44 gün ərzində Vətən müharibəsi nəticəsində Ali Baş Komandanın müdrik rəhbərliyi altında, cəsur, ləyaqətli, şöhrətli, mənəviyyatlı qəhrəman əsgərlərimizin şücaəti nəticəsində Qarabağın azad olunmuş Füzuli, Xocavənd rayonlarının 13 kəndinə və o cümlədən, dünya şöhrətli Azıx paleolit düşərgəsinə yola düşdük.
Səhər saat 07:35 dəqiqədə Horadiz şəhərinin “İdman mərkəzi”nə daxil olduq. Bizi Füzuli RİH başçısı Alıyev Alı qarşıladı və Alı müəllim mənə yaxınlaşıb dedi: - “Əsədulla müəllim, xoş gəlmisən bizim və sizin Qarabağ torpağına. Sizə öz adımdan və bütün Qarabağ adından sağ ol deyirəm. Siz 2017-ci ildə “Qarabağın paleolit düşərgələri” adlı kitabını bizim Füzuli rayon “Tarix diyarşünaslıq” muzeyinə göndərmisiz. Bütün Qarabağlılar və Diyarşünaslıq muzeyinə gələn qonaqlar kitaba baxır və sizin Qarabağ həqiqətlərinə aid fikirlərinizi, düşüncələrinizi oxuyaraq heyranlıqlarını bildirirlər. Sağ olun, var olun Əsədulla müəllim”. Mən ona minnətdarlığımı bildirib müqəddəs Qarabağ torpağına səyahətə başladıq və 27 dəqiqədən sonra DYP xidməti və polis işçilərinin müşayiəti ilə Azərbaycan Dövlət və özəl tv kanalları ilə birlikdə erməni vandallarının xarabazara çevirdiyi Füzuli şəhər mərkəzinə daxil olduq.
Burada dünya tarixində görünməmiş vəhşiliklərin qurbanı olan bina qalıqlarını, daşlarını, xaraba qalan qəbiristanlıqları görüb göz yaşlarımı saxlaya bilmədim. 1969-1987-ci illərdə səyahət etdiyim Füzuli, Tuğ, Salakətin, Qacarkənd, Alxanlı, Qarakollu və digər kəndlərdən əsər-əlamət görmədim. Sonra dağıdılmış bina, məscid, alban kilsə və məbədlərində olan erməni saxtakarlığını, 33 il ərzində etdikləri vəhşilikləri görəndə heyrətə gəldim. İnsan bu qədər yırtıcı olarmı? Özü də hansı xalqa qarşı... Saxta yamaqlar, saxta fikirlər erməni terrorçularını ruhlandırmış, nəinki türk azərbaycanlılarına, osmanlı türklərinə eyni zamanda bizim xalqımıza quyu qazmaqla öz xalqını da uçuruma aparırlar. Onların insani xüsusiyyətlərinin məhrum olmasına zəmin yaradır və bəşəriyyətə qarşı ən ağır cinayət törədirlər və nəticədə bəşəriyyəti uçuruma aparan qüvvələr iyrənc əməllərinə görə cavab verməlidirlər.
1988-ci ilin fevralın 16-dan son 33 ildə, 1905-ci ildən bəri isə xalqımıza qarşı misli görülməmiş terrorçuluq fəaliyyəti və xəyanətləri nəticəsində Füzuli və Horadiz şəhərlərinə 30-33 km qalmış Bakı-Füzuli yolunun sağ və sol sahillərində şəhid olmuş qəhrəman milis işçilərinin, könüllülərin Azərbaycanın qəhrəman əsgərlərinin günahsız, vaxtsız yerə şəhid olmuş ana-bacıların ruhlarını gördüm. Məzarlıqdan qalxaraq mənə deyirdilər: “Əsədulla müəllim, bilirik 33 ildi siz Qarabağ torpağına ayaq basa bilmirsiniz bunun səbəblərini biz müqəddəs dünyaya köçdükdən sonra Allahın hüzurunda olarkən başa düşdük. Ona görə son 33 ildə 1988-ci ilin fevralın 16-dan 2020-ci il noyabrın 10-na qədər baş vermiş hadisələr dönə-dönə təhlil olunmalı və bizi haqsız yerə qətlə yetirənlər əməllərinə son qoymaq üçün gecə-gündüz fəaliyyət göstərməlisiniz”.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Respublikası Prezidenti Cənab Ali Baş komandanın verdiyi əmr əsasında qəhrəman Azərbaycan əsgərlərinin cəsarəti, şücaəti, igidliyi nəticəsində Qarabağımızın xeyli hissəsi erməni vandallarından azad oldu. Buna görə Ali Baş komandana, qəhrəman Azərbaycan əsgərlərinə, qazilərə, onların valideynlərinı çox sağ ol deyərək və onların qarşısında baş əyirəm. 1988-ci ilə qədər Qarabağın Füzuli ərazisində Tuğda, Salakətində, Alxanlıda, Qarakolluda, İşiqlıda, Saracıqlıda, Horadizdə əbədiyyətə uyan məzarların daşları dil açıb deyirdi: “Bizim sümüklərimizi də əbədi, əzəli torpağımız olan Qarabağdan silmək üçün görürsüz necə viranə qoyublar. Xarabazarlığa çevrilmişik. Bu vəhşiliyə nə ad vermək olar, Əsədulla müəllim?!”. Dilim qurudu...
Son 33 ildə dağıdılmış evlərimiz, məscidlərimiz, alban kilsələri, məbədləri, kəsilmiş ağacların çürümüş kökləri dil açıb deyirdilər: “Bizim günahımız nə idi?”. Həmin nankorlar bizim başımızı, qəbirlərimiz, abidələrimizi virana qoymaqla heç də öyünməsinlər. Onlar 193-il bundan əvvəl yaşamaq üçün bizim torpaqlarda məskunlaşıblar. Biz onlara hər cür şəraiti yaratmışdıq, lakin nəticəsini görürsünüz. Bu bütün bəşəriyyətə mesaj olmalıdır. Bəşəriyyətin dinindən, cinsdən, irqindən asılı olmayaraq son 33 ildə erməni mafiyasının nəinki Azərbaycan və Anadolu türklərinə, eyni zamanda bütün bəşəriyyətə xəyanət edərək bizim arxeologiyamıza, tariximizə, etnoqrafiyamıza, fauna, floramıza, insanların yaşamağı üçün ərzaqlar yetişdirən müqəddəs torpağımıza xəyanət edib, viran qoydular Qarabağın həm dağlıq, həm də aran hissələrini. Ona görə də Cənab Ali Baş komandandan, Mehriban xanımdan Azərbaycanın savadlı alimlərindən xahişimiz budur ki, bütün bu viranə qalmışları da çəkib dünya xalqlarına göstərsinlər və bir daha bəşəriyyətdə bu cür fəlakətlər olmasın.
Biz inanırıq ki, bir neçə ildən sonra xaraba qalmış Qarabağın istər dağlıq, istərsə də aran hissələri bərpa ediləcək və Qarabağın həyatı, mədəniyyəti, musiqisi daha yüksək zirvələrə qalxacaqdır. Bəli şəhidlər, qazilər, Qarabağın torpağı da, gülləri də, çiçəkləri də haqlı idi. Onlar düzgün olaraq qeyd edirlər ki, tarixə baxıb ondan ibrət dərsi götürmək lazımdır. El məsələsi var: “Başqasına quyu qazan o quyuya özü düşər”.
17 mart 2021-ci il saat 07:35 dəqiqədə Füzuliyə daxil olduq. Səyahətimizi 2 gün bundan əvvəl Cənab Prezidentin və ailə üzvlərinin Füzuli-Hadrut yolunun bünövrəsi qoyulmuş hissədə dayanaraq tanrıya şükür etdik ki, Qarabağda quruculuq işlərinə artıq başlanılmışdır. Bir neçə km getdikdən sonra Füzuli, Şuşa- zəfər yolunun üzərində işləyən sürücülərin, zəhmətkeş insanların fəaliyyətini görüb heyran oldum. Füzulinin Tuğ yoluna paralel çəkilən və dünya şöhrətli Azıx və Tağlar düşərgələrinin qabağından keçən zəfər yolunda işləri gördüm heyran oldum...
Azərbaycan “Azərişıq” şirkətinin ucaltdığı elektrik xətlərini sağda, solda görərək sevincimin həddi 100 qat artdı. Buna görə qürur hissi keçirtdim. Günorta saat 13:27 dəqiqədə dünya şöhrətli Azıx paleolit düşərgəsinin önünə çatdıq. 1969-1987-ci illərin yay mövsümündə professor M.Hüseynov, D.Hacıyev, Ə.Məmmədov, N.Şirinov, V.Hacıyev, S.Əliyev və digər Azərbaycan alimləri ilə apardığı tədqiqatlar zamanı dünya şöhrətli Azıx paleolit düşərgəsinin I kvadrat metrliyindən başlayaraq 29-cu kvadrata qədər qazdığımız sahəsinin (2001-2009-cu illərdə) erməni mafiyasına xidmət edən bisavad alimlərin yırtıcılıq əlamətlərini gördüm. Ondan 20 metr aralıda internet saytlarında İngiltərə, İspaniya, və Ermənistanın bisavad alimlərinin əməllərinin abidələrin, Azıxın ürəyinə sancdığı xəncəri gördüm. Azıx dil açdı. Bütün arxeoloji mədəniyyətlərdən səda gəldi “Əsədulla müəllim 33 ildi harda idiz, sizin fəaliyyətinizə necə də vəhşicəsinə erməni mafiyasına xidmət edən qüvvələrin xain əməllərinin nəticəsində nə günə qalmışam”. 2,5 milyon il bundan əvvəldən 20-ci əsrin əvvəllərinə qədər düşərgədə daimi və müvəqqəti yaşamış insanlar dilə gələrək göz yaşı tökə-tökə mənə xoş gəldin dedilər.
Çox sarsıldım, fikrə getdim. Dedim düz deyirsiniz, lakin bu 3 dəqiqə çəkdi. Yenidən mənim göz yaşlarımı görərək Azıxda tonqal yandığını gördüm. Azıxın 9cu kvadrat metrində 2020-ci il noyabrın 9-da Azərbaycan əsgərinin ayaq izini gördüm. 13-cü kvadrat metrdə 30-35 yaşlı azıxantrop xanımı gördüm. Onların gülüşünü gördüm və beynimin kompüterinə yükləndi. Və nəhayət 2021-ci il martın 15-də Cənab Prezidentin tapşırığı əsasında Füzuli, Tağlar yolunun 17-ci kilometrində Azıxa rahat qalxmaq üçün 800-dən artıq pilləkanlarla qalxmağa başladım. 13 dəqiqədən sonra Azıxın 1-ci kvadrat metr sahəsinə qədəm basdım. Sol tərəfdə Cənab Prezidentin tapşırığı əsasında Azıx haqqında qısa arxeoloji mədəniyyətlərin xarakterik xüsusiyyətlərini təsvir etmək üçün 2 çərçivə lövhəni gördüm. Sevincimin həddi-hüdudu olmadı. 1969-87-ci illərdə mən və yuxarıda qeyd etdiyim müqəddəs alimlərlə birlikdə həmin məsafəni 33-45 dəqiqəyə qalxırdıq. Cənab prezidentin tapşırığı ilə bu pilləkənlərinin hazırlanması nəticəsində 10 dəfə ora qalxmaq rahatlanmışdı. Lakin 25-35 yaşlı jurnalistlərin operatorların məndən geri qaldıqlarını gördüm...
2021-ci il mart 17-də erməni vandallarından azad olunmuş Füzuli, Xocavənd, Hadrut və digər ərazilərdə Azərbaycan bayraqlarının viran qalmış ərazilərində dalğalandığını gördüm uçmağa başlayıb xəyalən Şuşanı, Cıdır düzünü gördüm. 1971-ci ildə kəşf etdiyim Şuşa mağarasına daxil oldum və yenidən saat axşam 18:17-ci dəqiqədə Hadrut qəsəbəsinin bayraq meydanında oldum. 1 saat 15-dəqiqədən sonra gecə saat 21:47-ci dəqiqədə azad olunmuş Qarabağın aran və dağlıq əraziləri ilə sağollaşıb “Arb24” şirkətinin yuxarıda qeyd etdiyim mənəvi övladlarım ilə Bakıya hərəkətə başladıq...
Qarabağda olduğum 19 saat ərzində beynimin kompüterinə və əl telefonuma 300-dən artıq fotoşəkil və 1000 səhifələrə sığmayan həkk olunmuş xatirələri əgər nəfəsim gələrsə çap edib Azərbaycan xalqına, bəşəriyyətə çatdırmağı özümə borc bilirəm. Mənə bu şəraiti yaratmış dövlət orqanlarına dərin minnətdarlığımı bildirir, onların qarşısında baş əyirəm və söz verirəm ki, 19 saat ərzində əldə etdiyim və gördüyüm faktları dəqiq, dürüst və savadlı şəkildə yazıb, çap edib bəşəriyyətə çatdıracam.

Əsədulla Cəfərov
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu
t.e.d., professor

19.03.2021-ci il
Saat 13:15



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.