Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



DAŞ DÖVRÜ ARXEOLOGİYASI ŞÖBƏSİNİN 50 İLLİK YUBİLEYİ QEYD EDİLİB

  08.04.2021

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Daş dövrü arxeologiyası şöbəsinin 50 illik yubileyi qeyd edilib.
Daş dövrü arxeologiyası şöbəsində təşkil olunmuş tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov, Mədəniyyət Nazirliyinin məsul işçisi Arif Əliyev, Gənclər və İdman Nazirliyinin əməkdaşı Cəmil Tuğlu, professor Məmmədəli Hüseynovun nəvəsi Nərgiz xanım və şöbə əməkdaşları iştirak ediblər.
Tədbiri akademik İsa Həbibbəyli açaraq Azərbaycan arxeoloqlarının qazandığı nailiyyətlərdən danışıb. Son 50 ildə Daş dövrü arxeologiyası şöbəsinin fəaliyyətindən bəhs edən akademik İsa Həbibbəyli şöbənin arxeologiya elmində xidmətlərinə toxunub. Həmçinin Daş dövrü arxeologiyası şöbəsinin ilk müdiri, tarix elmləri doktoru, professor Məmmədəli Hüseynovun yaradıcılığından danışıb, onun bu sahədəki elmi xidmətlərinə və beynəlxalq aləmdə səs salan nadir tapıntılarına yüksək qiymət verib.
Akademik İsa Həbibbəyli şöbənin əməkdaşlarının tapılmasında və tədqiqində yaxından iştirak etdiyi mühüm tarixi və arxeoloji abidələr olan Azıx, Tağlar, Qazma, Daşsalahlı, Damcılı, Zar, Şuşa, Buzeyr və Zuvandçay paleolit düşərgələri haqqında da ətraflı məlumat verib. O, tarix elmləri doktoru, professor Əsədulla Cəfərovun 27 illik şöbə müdiri kimi fəaliyyətini yüksək qiymətləndirib, onun Azərbaycan tarixinə, arxeologiya elminə mühüm töhfələr verdiyini söyləyib. Qeyd edib ki, hələ 2002-ci ildə beynəlxalq “İNTAS-2000” proqramı çərçivəsində dünya arxeologiyasının ən tanınmış professorlarından olan Anri dö Lümleyin rəhbərliyi altında 25 avropalı alim ölkəmizə gələrək Azərbaycan arxeologiyası, paleolit abidələrinə baxıb və dünyaca məşhur Azıx, Tağlar mağaralarında tapılmış maddi mədəniyyət nümunələri ilə yerində tanış olublar: “Xarici ölkə alimləri Azıx və Tağlar mağaralarında tapılmış maddi mədəniyyət nümunələrinin çox zəngin olduğunu qeyd ediblər. Bu hadisənin özü Daş dövrü arxeologiyası şöbəsinin nüfuzu və onun Azərbaycan arxeologiya elminə dair yaratdığı müsbət rəyin bariz nümunələrindən biridir”.
Akademik İsa Həbibbəyli daha sonra şöbənin 50 illik yubileyi münasibətilə əməkdaşları təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb.
Tədbirdə Daş dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əsədulla Cəfərov çıxış edərək şöbənin 50 illik fəaliyyəti və ötən müddət ərzində görülən işlər barədə məlumat verib. Qeyd edib ki, Daş dövrü arxeologiyası şöbəsinin ən böyük uğuru 1960-cı ildə Məmmədəli Hüseynovun kəşf etdiyi Azıx mağarası olub: “Azıx mağarası ona görə ən böyük uğur hesab olunur ki, orada aparılan arxeoloji qazıntılar zamanı tapılmış maddi mədəniyyət nümunələri dünya arxeologiyasına öz töhfələrini verib. Belə ki, mağarada aparılan kompleks tədqiqatlar nəticəsində 10 arxeoloji təbəqə aşkarlanıb. Azıx mağarasını dünyaca məşhurlaşdıran isə V təbəqəsində aparılan arxeoloji qazıntı zamanı 30-35 yaşa aid olan qadının alt çənə sümüyünün tapılması olub ki, bu çənənin sahibi 400-450 min il bundan əvvəl yaşamış Azıx sakinidir. Buna görə də bu çənə “Azıxantrop” adlandırılıb”.
Professor Əsədulla Cəfərov qeyd edib ki, Azıx mağarasının VII, VIII, IX və X təbəqələrində aparılan qazıntılar zamanı isə əvvəlki təbəqələrdən fərqli olaraq kobud əmək alətləri aşkarlanıb: “Bu əmək alətləri çox kobud və sadə formada idi. Dünyanın heç bir paleolit abidəsində belə alətlər tapılmadığına görə tədqiqatçılar Azıxın bu təbəqələrindən tapılmış əmək alətlərinin yeni bir mədəniyyətə aid olduğunu qeyd edərək bunu Quruçay mədəniyyəti adlandırıblar. Azıx mağarası V təbəqədən tapılmış Azıxantrop və VII-X təbəqələrdə qeydə alınmış Quruçay mədəniyyəti ilə dünya arxeologiyasında məşhurlaşıb. Azıxdan tapılmış maddi mədəniyyət qalıqları vasitəsilə ibtidai insanların meydana gəlməsi, ayrı-ayrı inkişaf mərhələləri öyrənilib, həmçinin miqrasiya elminin tədqiqinə öz töhfəsini verib. Maraqlıdır ki, Azıxda qeydə alınmış bütün arxeoloji mədəniyyətlərdə varislik ənənələri müşahidə olunur. Məhz buna görə də Azıx paleolit düşərgəsi dünyada hələlik yeganə arxeoloji mənbə hesab olunur”.
Əsədulla Cəfərov diqqətə çatdırıb ki, hazırda “Azıx dünya arxeologiyasında” adlı monoqrafiya üzərində çalışır.
Sonda şöbənin yarım əsrlik fəaliyyətini əks etdirən kitab sərgisi nümayiş olunub.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.