Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN ELMİ ŞURASININ İCLASI KEÇİRİLDİ

  16.04.2021

2021-ci il 14 aprel tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının onlayn formatında növbəti iclası keçirilmişdir.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru, professor Nəcəf Müseyibli iclası açaraq Şura üzvlərini iclasın gündəliyi ilə tanış etdi. Təqdim edilmiş iclasın gündəliyinə münasibət bildirmək təklif olundu. İclasın gündəliyinə təklif və dəyişiliklər barədə fikirlər olmadığından Elmi Şura iclasın gündəliyində olan məsələlərin müzakirəsinə keçdi.
Elmi Şuranın gündəliyinin birinci məsələsi — Tarix elmləri doktoru, professor Məmmədəli Hüseynovun 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın keçirilməsi barədə idi. Birinci məsələ üzrə çıxış edən professor N.Müseyibli qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyev erməni işğalından azad edilmiş Azıx mağarasını ziyarəti zamanı işğal dövründə ermənilər və onların dəvət etdiyi digər əcnəbi ölkələrdən olan alimlərin qanunsuz qazıntılar apardığını diqqətə çatdırdı və Azıx mağarasında və azad edilmiş torpaqlarımızda bundan sonra Azərbaycan alimlərinin və Azərbaycan alimlərinin dəvət edəcəyi əcnəbi alimlərlə birgə qanuni elmi tədqiqatların aparılacağını bildirdi. “Cənab Prezident İlham Əliyev xüsusi olaraq arxeoloq Məmmədəli Hüseynovun adını çəkdi. Gələn il aprel ayının 3-də mərhum M.Hüseyovun 100 illiyinin beynəlxalq konfrans şəklində qeyd edilməsi məncə məqsədəuyğun bir təklifdir. Bunun üçün indidən təşkilati işlərə başlanılmalı, əcnəbi alimlərlə əlaqələr yaradılmalı və ilk olaraq AMEA Rəyasət Heyətinə müraciət edilməlidir. Bu günki Elmi Şuranın iclasının nəticəsi kimi AMEA RH-yə müraciət qəbul ediləcək ki, M.Hüseyovun 100 illiyinə həsr edilmiş beynəlxalq konfransın təşkilatçılığını İnstitutumuzla birgə gerçəkləşdirsin” -deyə professor N.Müseyibli vurğuladı.
Mövzu üzrə İnstitutun şöbə müdiri, t.e.d., professor Hidayət Cəfərov çıxış etdi. Çıxışında professor H.Cəfərov bildirdi ki, təklif bəyənilməlidir və vaxtında verilib. “Bu cür tədbirlər üçün əvvəlcədən işçi qrup, elmi-təşkilat komitəsi yaradılmalıdır, sözsüz ki, vəsait məsələsi var. İşlər indidən başlanmalıdır” - deyə professor H.Cəfərov qeyd etdi.
Tarix elmləri doktoru, professor Qafar Cəbiyev təklifi təqdirəlayiq hesab etdiyini bildirdi. Professor Q.Cəbiyev: “Azıx mağarası və Məmmədəli Hüseynov xüsusi qeyd edilməli mövzulardır. Bu abidənin əhəmiyyəti olduqca böyükdür. Gələcəkdə AMEA rəhbərliyinin müvafiq orqanlar qarşısında arxeoloq M.Hüseynova Bakıda abidənin qoyulması barədə məsələ qaldırması gözəl təşəbbüs olardı” - deyə fikrini bildirdi.
Digər çıxışlar olmadığından iclasın sədri professor N.Müseyibli bildirdi ki, Elmi Şuranın adından AMEA RH məsələ ilə bağlı müraciət olunacaq ki, beynəlxalq konfransın keçirilməsi ilə bağlı təşkilat qrupunun yaradılması və əlaqədar tədbirlərlə bağlı qərar qəbul edilsin. Təklif yekdilliklə qəbul edildikdən iclasın gündəliyinin ikinci məsələsinin müzakirəsinə başlanıldı.
Elmi Şuranın gündəliyinin ikinci məsələsi - “Qarabağın arxeoloji və etnomədəni irsi: tarix və gələcəyə baxış” mövzusunda elmi konfransın keçirilməsi barədə idi. İkinci məsələ üzrə çıxış edən professor N.Müseyibli bildirdi ki, planlaşdırılan konfrans bu ilin may ayının sonunadək keçirilə bilər. “Bildiyiniz kimi, ötən il 44 günlük Vətən müharibəsində düşmən işğalında olan torpaqlarımız azad edildi. Artıq bizim bir neçə əməkdaşımız oraya səfər ediblər. Əməkdaşlarımız erməni işğalçılarının abidələrimizə qarşı vandallıqlarının şahidi olublar. İşğalçılar həmin ərazilərdə qanunsuz qazıntılar aparıb, abidələrimiz dağıdılıb və ya mənimsənilməyə məruz qalıblar. Təklif edirəm ki, bu mövzuda konfrans cari ilin may ayının sonuna qədər keçirilsin.” - deyə professor N.Müseyibli bildirdi.
Mövzu üzrə professor H.Cəfərov çıxış edərək bildirdi ki, təklif təqdirəlayiqdir. “İmkan olsa, respublika səviyyəli bu konfransın ərəfəsində işğaldan azad olunmuş ərazilərimizdəki bəzi abidələrə səfər də təşkil etmək olar. Mən Ağdamda oldum, Üzərliktəpə abidəsi ətrafında hərbi məqsədlə sığınacaqlar və s. inşa edilsə də, abidə böyük ziyan çəkməmişdir” - professor H.Cəfərov iclas işitrakçılarının diqqətinə çatdırdı.
Professor N.Müseyibli söz alaraq qeyd etdi ki, məlum səbəblərdən hələ də azad olunmuş ərazilərdə, yəni Qarabağdakı abidələrdə tədqiqatlar aparmaq mümkün deyil, amma bundan sonra hər il İnstitutun təşəbbüsü və təşkilatçılığı ilə Qarabağdakı abidələr, həmçinin, bölgənin tarixi-etnoqrafik tədqiqatları mövzusunda konfranslar aparılacaq.
Təklif yekdilliklə qəbul edildi, digər çıxışlar olmadığından iclasın gündəliyinin üçüncü məsələsinin müzakirəsinə başlanıldı.
Elmi Şuranın gündəliyinin üçüncü məsələsi — hazır işlərin çap üçün müzakirəsi idi. Müzakirəyə çıxarılmış hazır işlər sırasında ilk olaraq Fəzail Vəliyevin müəllifi olduğu “Azərbaycanın maddi mədəniyyəti aşıq yaradıcılığında (XV-XX yüzilliklər)” monoqrafiyası idi. İnstitutun Elmi katibi t.ü.f.d. Sevil Ağamalıyeva bildirdi ki, əsər müvafiq şöbədə müzakirə edilib və iclasın protokolundan çıxarış var. Professor N.Müseyibli bildirdi ki, tədqiqat işi İnstitutun Antropologiya Mərkəzindən daxil olub. Antropologiya Mərkəzinin rəhbəri professor Əliağa Məmmədli bildirdi ki, əsər ənənəvi etnoqrafiya tələblərənə cavab verən maraqlı bir tədqiqatdır və müəllifin böyük zəhməti hesabına ərsəyə gəlib.
Təklif, irad və etirazlar olmadığından yekdil müsbət rəylə Elmi Şura tərəfindən elmi iş çapa məsləhət görüldü.
Müzakirəyə çıxarılmış ikinci hazır elmi iş — Şöhrət İbadovun “Lənkəran şəhəri XIX-XX əsrin əvvəllərində (tarixi-etnoqrfaik tədqiqat)” monoqrafiyası idi. İnstitutun Elmi katibi t.ü.f.d. S.Ağamalıyeva bildirdi ki, əsər müvafiq şöbədə müzakirə edilib, rəylər və iclasın protokolundan çıxarış var.
Təklif, irad və etirazlar olmadığından yekdil müsbət rəylə Elmi Şura tərəfindən elmi iş çapa məsləhət görüldü.
Müzakirəyə çıxarılmış üçüncü hazır elmi iş — Elmira Cəfərovanın “Şirvanın orta əsr şəhər mədəniyyətinə dair (IX-XVI əsrlər)” məqaləsi idi. Elmi rəy t.e.d. Tarix Dostiyev tərəfindən verilib. İnstitutun Elmi katibi t.ü.f.d. S.Ağamalıyeva bildirdi ki, əsər müvafiq şöbədə müzakirə edilib və iclasın protokolundan çıxarış var.
Təklif, irad və etirazlar olmadığından yekdil müsbət rəylə Elmi Şura tərəfindən elmi iş çapa məsləhət görüldü.
Elmi Şuranın gündəliyinin üçüncü məsələsi — 2021-ci ildə qəbul olunan doktorant və dissertantların mövzularının müzakirəsi oldu. Mövzu üzrə İnstitutun şöbə müdiri, t.ü.f.d. Səfər Aşurov çıxış edərək bildirdi ki, 2020-2021-ci il AMEA-nın tədris planına uyğun olaraq fəlsəfə doktoru (8 yer) və elmlər doktoru (5 yer) elmi dərəcə üzrə dissertanturaya və doktoranturaya sənəd qəbulu elan olunmuşdu. “Fəlsəfə doktoru üzrə müvafiq imtahanlardan 3 nəfər uğurla keçmişdir. Elmlər doktorluğuna yalnız 1 nəfər sənəd verib. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 1 nəfər arxeologiya, 1 nəfər etnoqrafiya-etnologiya istiqaməti üzrə sənəd veriblər. “Etnoqrafiya-etnologiya istiqaməti üzrə Ülfət Səmədzadə “Müasir Azərbaycan gənclərinin həyat strategiyalarında etno-mədəni xüsusiyyətlər” adlı dissertasiya mövzusu Arxeologiya Mərkəzi tərəfindən verilib.” - S.Aşurov məlumat verdi.
Təklif, irad və etirazlar olmadığından yekdil müsbət rəylə göstərilən mövzu təsdiq edildi.
S.Aşurov məlumat verdi ki, arxeologiya istiqaməti üzrə digər doktorant Günay Bayramovadır. “Gilançay vadisi arxeoloji abidələrinin bəzək əşyaları (Son Tunc Erkən-Dəmir dövrü)” adlı mövzu G.Bayramovanın çalışdığı “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsindən verilib.
Professor N.Müseyibli və t.ü.f.d. S.Aşurov qeyd edilən şöbənin rəhbəri t.ü.f.d. Bəhlul İbrahimlinin məlum səbəblərdən iclasda iştirak etmədiyinə təəssüflərini bildirməklə yanaşı mövzunun aktuallığını və mövzu üzrə yetərincə materialın olduğunu bildirdilər.
Təklif, irad və etirazlar olmadığından yekdil müsbət rəylə göstərilən mövzu təsdiq edildi.
S.Aşurov məlumat verdi ki, arxeologiya istiqaməti üzrə dissertanturaya Pəri Ağayeva qəbul edilib. Ona “Azərbaycanlıların müasir dini təcrübələri və ənənəvi inamlar və ayinlər” adlı dissertasiya mövzusu Arxeologiya Mərkəzi tərəfindən verilib. Mövzunun adına və mahiyyətinə aydınlıq gətirərək professor Ə.Məmmədli bildirdi ki, antropologiyada bu mövzu geniş yayılıb, müasir dünya xalqlarında dini aiynlərin gündəlik, həftəlik, aylıq və illik icrası təcrübəsi geniş tədqiq edilməkdədir.
Təklif, irad və etirazlar olmadığından yekdil müsbət rəylə göstərilən mövzu təsdiq edildi.
Daha sonra S.Aşurov məlumat verdi ki, elmlər doktoru üzrə etnologiya və etnoqrafiya sahəsindən 1 nəfər sənədlərini təqdim edib. Əsgərli Kənan Sənan oğluna tərtib edilmiş mövzular siyahısından “Orta Asiya və Qazaxıstan azərbaycanlıları XX əsr (tarixi-etnoqrafik tədqiqat)” adlı mövzu verildi. Professor Ə.Məmmədli bildirdi ki, göstərilən regionda yaşayan soydaşlarımız öz etnoqrafik dəyərlərini saxlamışlar, buna görə də mövzu çox aktualdır. İnstitutun şöbə müdiri, t.ü.f.d. Fərhad Quliyevin doktorant barədə məlumat sorğusunu cavablındıraraq İnstitutun Elmi katibi t.ü.f.d. S.Ağamalıyeva bildirdi ki, K.Əsgərli t.ü.f.d. dissertasiyasını İnstitutda müdafiə edib və hal-hazırda Bakıda Ali təhsil müəssisəsində çalışır.
Təklif, irad və etirazlar olmadığından yekdil müsbət rəylə göstərilən mövzu təsdiq edildi.
Daha sonra Elmi Şura cari məsələləri müzakirə etdi.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.