Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN ƏMƏKDAŞI BEYNƏLXALQ KONFRANSDA MƏRUZƏ ETMİŞDİR

  26.04.2021

24 aprel 2021-ci ildə Qazaxıstan respublikasının paytaxtı Nur-Sultan şəhərində “Türk dünyası cəmiyyəti”, Qazaxıstanın “Gənc tarixçilər assosiasiyası”nın və “Məmləkət Tarixi İnstitutu”nun birgə təşkilatçılığı ilə “Qazaxıstan və Türk dünyası: ictimai elmlər müstəvisində aktual problemlər” mövzusunda Beynəlxalq onlayn konfrans keçirilmişdir. Konfransda Qazaxıstanla yanaşı Türkiyə, Azərbaycan, Özbəkistan, Qırğızıstan, Tatarıstan, Rusiya Federasiyanın digər muxtar respublikalarını təmsil edən tarixçi, arxeoloq, etnoqraf alimlər iştirak etmişlər.
Onlayn konfransın plenar iclasında Azərbaycanı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə təmsil etmişdir. İclasda “İlk tunc dövrü Komanı-Kürəkçi kurqanları” adlı məruzə ilə çıxış edən tədqiqatçı son illərdə Azərbaycanın cənub-şərq bölgəsində İlk Tunc dövrünə aid kurqanlarda aparılmış arxeoloji qazıntılardan və bu tədqiqatların nəticələrinin Cənubi Qafqaz arealında mühüm əhəmiyyətindən danışmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan ərazisində kurqanların dövrü və yayılma arealı haqqında zəngin elmi məlumat bazası mövcuddur.
“Kurqan” sözü və bu tip dəfnlərin etimologiya baxımından türk xalqlarına məxsusluğu danılmaz faktdır. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla dinlənilmiş və mövzu ətrafında diskussiya aparılmışdır.
Daha sonra konfrans digər bölmələrdə öz işini davam etdirmişdir. Sonda qeyd edilib ki, konfransın məruzələri onlayn formatda toplanaraq yayımlanmışdır.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.