Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ÇOVDAR NEKROPOLU İLƏ BAĞLI ELMİ TƏDQİQATLARIN İKİNCİ MƏRHƏLƏSİNƏ BAŞLANIB

  07.05.2021

Heydər Əliyev Fondu və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu Çovdar nekropolunda aşkar edilmiş tapıntılar üzərində elmi tədqiqatların ikinci mərhələsinə başlayıb.
“AzerGold” QSC və Arxeologiya və Etnoqrafiya İnstitutu arasında 2021-ci ildə imzalanmış müqaviləyə əsasən, Son tunc - Erkən dəmir dövrünün (e.ə.II min.sonu - I min. əvvəli) Xocalı-Gədəbəy mədəniyyətinə aid Çovdar nekropolunda aşkar edilmiş artefaktların kameral tədqiqi həyata keçirilir. Layihənin əsas məqsədi qədim mədəni irsimizi daha dərindən tədqiq və təbliğ etmək, onları konservasiya edərək gələcək nəsillərə ərməğan etməkdir.
Qeyd edək ki, layihə çərçivəsində arxeologiya sahəsində zəngin təcrübəyə malik xarici ekspertlər də elmi tədqiqatlara cəlb ediləcək, nüfuzlu beynəlxalq laboratoriyalarda insan qalıqları əsasında onların cinsi, yaşı, xəstəlikləri, ölüm səbəbləri, qohumluq əlaqələri və qida rasionu kimi məlumatların əldə edilməsini təmin edən C14, karbon (13C) və azot (14N) izotopları üzrə analizlər aparılacaq. Bundan başqa, Daşkəsən rayonunun Çovdar kəndi və ətraf ərazilərin poleoekoloji şəraiti, landşaftı, topoqrafiyası və tədqiq olunan dövrdə ərazidə məskunlaşma sıxlığının öyrənilməsi planlaşdırılıb. Həmçinin görülən işlər və onların nəticələrinin beyləxalq səviyyədə təbliği məqsədi ilə beynəlxalq nüfuzlu elmi dərgilərdə silsilə məqalələrin dərci, o cümlədən elmi hesabat və xüsusi nəşrin hazırlanması nəzərdə tutulub.
Xatırladaq ki, 2019-cu ilin fevral ayında “AzerGold” QSC-nin Daşkəsən rayonunda yerləşən “Çovdar” Filiz Emalı Sahəsində aparılan tikinti işləri zamanı qədim məzar nümunələri aşkar edilib. Ərazidə tikinti işləri dərhal dayandırılıb, aidiyyəti üzrə çöl-tədqiqat işlərinin həyata keçirilməsi üçün Arxeologiya və Etnoqrafiya İnstitutuna müraciət edilib. Nəticədə institutun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktorları Səfər Aşurov və Bəxtiyar Cəlilovun rəhbərliyi altında “Daşkəsən” arxeoloji ekspedisiyası təşkil edilib. 5 ay müddətində davam edən arxeoloji qazıntı işləri zamanı aşkarlanan qəbirlərin sayı 156-ya çatıb. Qəbirlərdən 6000-dən çox eksponat çıxarılıb.




© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.