Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ARXEOLOQ ABUZƏR ƏLƏKBƏROV VƏFAT EDİB

  20.05.2021

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Azərbaycanda arxeoloji abidələrin toplusu” sektorunun rəhbəri, İnstitutun Həmkarlar təşkilatının sədri, Cənub-şərq bölgəsi üzrə arxeoloji ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Abuzər İbrahim oğlu Ələkbərov uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat edib.
Abuzər İbrahim oğlu Ələkbərov 25 iyun 1953-cü il tarixində Qərbi Azərbaycanın Keşişkənd bölgəsinin (müasir Ermənistanın Yeğeqnadzor rayonu) Amağu kəndində anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, iki il Sabirabad rayonunda tarix müəllimi işləmiş, sonra isə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun əyani aspiranturasına daxil olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra aspiranturada təhsilini davam etdirmiş, “Qədim Azərbaycanın gil heykəlləri” mövzusunda dissertasiya işini başa çatdıraraq Kiyev şəhərində müdafiə etmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti idi.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda sektor rəhbəri vəzifəsində çalışıb. Arxeologiya və Etnoqrafiya İnstitutu Müdafiə Şurasının və Elmi Şuranın üzvü olmuşdur. Bir monoqrafiya, əllidən artıq elmi məqalənin müəllifidir. Fransanın Sen-Jermen Milli Arxeoloji Muzeyində Azərbaycandan olan tapıntıların monitorinq qrupunda çalışıb. Azərbaycan arxeologiya elmini Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Türkiyə, İran, Fransa və başqa ölkələrdə keçirilən elmi konfranslarda təmsil etmişdir.
“Cənub-Şərqi Azərbaycanın Arxeoloji tədqiqi” və “Fransa-Azərbaycan Beynəlxalq arxeoloji ekspedisiyasına” rəhbərlik edib. “Cənub-Şərqi Azərbaycanın arxeoloji xəritəsi” və “Cənub-Şərqi Azərbaycanın orta əsr arxeoloji abidələri” monoqrafiyaları üzərində iş aparıb.
20 ildən artıq Arxeologiya və Etnoqrafiya İnstitutu Həmkarlar Təşkilatının sədri, AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin və Məclisinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası məclisinin üzvü olmuşdu. Yeni Azərbaycan Partiyasının üzvü idi.
AMEA-nın ictimai həyatında fəal iştirak edib. Uzun müddət AMEA Azad Həmkarlar İttifaqının Gənclər təşkilatı, idman, mənzil məişət komissiyalarına, İdman spartakiadalarının və digər mədəni kütləvi tədbirlərin həyata keçirilməsinə rəhbərlik etmişdi.
O, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Həmkarlar İttifaqı işində və kollektiv müqavilələrin bağlanmasında, onun yerinə yetirilməsində fəal iştirakınıı və ilk kollektiv müqavilənin 100 illiyini nəzərə alaraq 2004-cü ildə Fəxri Fərmanla təltif edilmişdi. O, eyni zamanda AMEA-nın ictimai həyatında fəal iştirakına görə müxtəlif vaxtlarda 3 dəfə AMEA Azad Həmkarlar İttifaqının Fəxri fərmanı ilə təltif olunmuşdu.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 21 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Həmkarlar Hərəkatının inkişafında xidmətlərinə görə, Abuzər Ələkbərov “Tərəqqi” medalı ilə təltif edilib.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi mərhum arxeoloq Abuzər Ələkbərovun ailə üzvlərinə və əzizlərinə dərin hüznlə başsağlığı verir, görkəmli alim və səmimi insan Abuzər Ələkbərovun əziz xatirəsinin onu tanıyanların qəlbində daim yaşayacağını bildirir.
Allah rəhmət eləsin!



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.