Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



“QARABAĞIN ARXEOLOJİ VƏ ETNOMƏDƏNİ İRSİ: TARİX VƏ GƏLƏCƏYƏ BAXIŞ” MÖVZUSUNDA ONLAYN KONFRANS KEÇİRİLİB

  24.05.2021

2021-ci il mayın 21-də AMEA-da “Qarabağın arxeoloji və etnomədəni irsi: tarix və gələcəyə baxış” mövzusunda onlayn konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə qəhrəman Milli Ordumuzun qazandığı möhtəşəm qələbə nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağda arxeoloji və etnoqrafik tədqiqatların bərpasını vəzifə kimi Arxeologiya və Etnoqrafiya İnstitutunun qarşısında durduğunu xüsusi olaraq göstərdi.
Akademik İsa Həbibəyli bildirdi: - Bu gün keçirilən konfrans Dövlət Rəhbərimiz, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin qarşımızda qoyduğu Qarabağa Böyük Qayıdış kimi strateji vəzifənin müddəalarına tam uyğundur. Bu tədbir AMEA-nın azad edilmiş torpaqlarımızla bağlı tədbirlər planının gerçəkləşməsini göstərir”.
Çıxışının sonunda akademik İ.Həbibbəyli konfransın işinə uğurlar arzuladı. Daha sonra AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova “Qarabağın arxeoloji irsinin tədqiqində yeni mərhələ”, İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli “Qarabağda kəşf edilmiş arxeoloji mədəniyyətlər”, “Eneolit və ilk tunc dövrü arxeologiyası” şöbəsinin müdiri, t.e.d., professor Hidayət Cəfərov “Qarabağda arxeoloji tədqiqatlar tarixindən”, Daş dövrü arxeologiyası” şöbəsinin müdiri, t.e.d., professor Əsədulla Cəfərov “Qarabağın paleolit düşərgələri: elmi nailiyyətlər, qarşıda duran problemlər”, Antropologiya Mərkəzinin rəhbəri, antropologiya elmləri doktoru, professor Əliağa Məmmədli “Qarabağda etnoloji və antropoloji tədqiqatların perspektivləri haqqında”, AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Qarabağın arxeoloji irsinin Yaxın Şərq mədəniyyətlərinin öyrənilməsi üçün əhəmiyyəti”, ukraynalı arxeoloq və bərpaçı Tatyana Krupa “Girzan kəndi qəbiristanlığındakı (Tovuz rayonu) sinə daşlarının qorunması problemi” mövzusunda çıxış etdilər.
Daha sonra İnstitutun sektor müdiri, t.ü.f.d. Təvəkkül Əliev (“Aşağı Qarabağın son neolit dövrü sakinlərinin mədəni-təsərrüfat həyatına dair”), t.ü.f.d. Mənsur Mənsurov (“Zar paleolit mağara düşərgəsində aparılan yoxlama qazıntısının ilkin nəticələri”), t.e.d. Fəzail Vəliyev (“Orta əsrlərdə Bərdə şəhəri Qarabağ geyim mədəniyyətinin mərkəzi kimi”), t.ü.f.d. Ülviyyə Hacıyeva (“Kəlbəcər rayonunda Alban tarixi sitayiş irsi”), t.ü.f.d. Bəhmən Əliyev (“Qarabağ at cinsinin Azərbaycanın atçılıq təsərrüfatında yeri”), t.ü.f.d. Pərviz Qasımov (“Arxeogenetik araşdırmaların aktuallığı: Qarabağda aparılacaq arxeoloji tədqiqatlar üzrə”) və d. arxeoloqlar, etnoqraflar və numizmatlar öz məruzələrini iştirakçıların diqqətinə çatdırdılar.
Konfransa təqdim edilmiş 60-a yaxın məruzələrdə azad edilmiş Qarabağda aparılacaq arxeoloji və sosial antropoloji tədqiqatların prioritet istiqamətləri öz əksini tapmışdır.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.