Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



PLOVDAĞ YAŞAYIŞ YERİNİN TƏDQİQATLARI BARƏDƏ YENİ KİTAB NƏŞR OLUNUB

  27.05.2021

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimlinin və “Tədris və beynəlxalq elmi əlaqələr” şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d. Elvin Əliyevin həmmüəllifləri olduqları “I Plovdağ yaşayış yeri və nekropolunda arxeoloji tədqiqatlar - 2020” (Bakı: “Xan”, 2021, 108 s.) adlı kitab nəşr olunmuşdur. Kitabda Cənubi Qafqazın unikal abidələrindən biri olan Plovdağda, yaşayış yeri və nekropolda 2020-ci ildə aparılmış arxeoloji tədqiqatlardan geniş şəkildə bəhs olunur.
COVİD-19 pandemiyasının yaratdığı problemlərə rəğmən qısa müddətdə Bəhlul İbrahimlinin rəhbəri olduğu Xaraba Gilan arxeoloji ekspedisiyası 2020-ci ildə 122 kv.m sahədə çöl-tədqiqat işləri aparmışdır. Tədqiqatların əsas məqsədi Plovdağ yaşayış yerinin xüsusiyyətlərini, mədəni qatları (abidənin bu hissəsinin stratiqrafiyasını) və xronoloji çərçivəni müəyyən etməkdən ibarət idi. Mədəni təbəqə yatımı göstərir ki, buradakı yaşayış evi e.ə. II minilliyin sonları-I minilliyin əvvəllərinə aiddir.
Məlumdur ki, bir abidədə Erkən Tunc dövrünə aid həm yaşayış yeri, həm də nekropolun aşkar olunmasına çox az hallarda təsadüf olunur. Maraqlıdır ki, Plovdağın ətəklərində yerləşən arxeoloji abidələr kompleksi iki yaşayış yerini, kult təyinatlı tikintini və üç nekropolu özündə birləşdirir. 2020-ci ildə I Plovdağ yaşayış yeri və nekropolunda aparılan arxeoloji tədqiqatlar nəticəsində abidənin son əsrlərini işıqlandırmağa imkan verən tamamilə yeni tapıntılar əldə olunmuşdur.
I Plovdağ nekropolunda indiyədək iki tip qəbir aşkar olunmuşdur: birinci tip, abidənin ən qədim dövrünə aid olan torpaq qəbirlərdir. İkinci tip, kurqanaltı daş qutu qəbirlərdir ki, bunlar torpaq qəbirlərdən üst qatda yerləşir. Amma son tədqiqatlar daha bir qəbir tipinin qədimlərdə mövcud olduğunu göstərdi - küp qəbirlər.
Plovdağ nekropollarının qəbirləri Gilan çay vadisində 2500-2800 il fasiləsiz yaşamış insanların nəinki dəfn adətlərini, dini dünyagörüşlərini, eyni zamanda onların sosial vəziyyətini, iqtisadi durumunu da öyrənməyə imkan verir. Əsərin müəlliflərinin qeyd etdiyi kimi, 2020-ci ildə I Plovdağ yaşayiş yeri və nekropolunda aparılmış arxeoloji tədqiqatların iki mühüm əhəmiyyəti oldu: 1) Son Tunc dövrünə aid Plovdağ nekropolları ilə ətrafındakı Erkən Dəmir dövrünə aid nekropollar arasında mədəni varislik bir daha təsdiq olundu; 2) İlk dəfə olaraq, Plovdağın Son Tunc-Erkən Dəmir dövrü təbəqəsində küp qəbir aşkar olundu. Plovdağ və ətrafındakı yaşayış yerləri və nekropolların tədqiqi Naxçıvanın Son Tunc və Erkən Dəmir dövrünü hərtərəfli öyrənməyə imkan verir.
Əsərdə aparılmış tədqiqatlar nəticəsində əldə edilmiş maddi mədəniyyət nümunələrini, qazıntı sahələrinin görüntülərini əks etdirən illüstrasiyalar, qrafik təsvirlər və coğrafi-topoqrafik xəritələr də yer almışdır. Əsərin ingilis və rus dillərində qısa məzmunu da kitabda əks olunub.
Əsərin elmi redaktoru AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, kitabın elmi rəyçiləri isə, tarix üzrə fəlsəfə doktorları Akif Quliyev və Emil İskəndərovdur.
Tədqiqat əsəri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının 3 mart 2021-ci il tarixli iclasının (protokol № 3) qərarı ilə nəşrə məsləhət görülmüşdür.
Kitab arxeoloqlar, tarixçilər, ali məktəb tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.