Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



AZƏRBAYCANLI ALİM 35 ÖLKƏNİN QOŞULDUĞU BEYNƏLXALQ ARXEOLOJİ KONQRESDƏ VİDEOTƏQDİMATLA ÇIXIŞ EDİB

  31.05.2021

25-29 may tarixində Portuqaliyanın Evora və Lissabon Universitetlərinin təşkil etdiyi onlayn “Avrasiyada kurqanlar və meqalitlər” (“Tumuli and Megaliths in Eurasia”) adlı beynəlxalq arxeoloji konqresi keçirildi. Avrasiyada meqalit (təbii və ya insanların yaratdığı inanc ənənələrini ehtiva edən daş abidələr) və kurqan tipli qəbir abidələrinin müasir elmi tədqiqat metodlarının mübadiləsi, oxşarlıqların və yerli fərqlərin təyini beynəlxalq arxeoloji konqresin əsas mövzusu idi. Həmçinin, konqresdə kurqan və meqalitlərin qorunması üzrə beynəlxalq əməkdaşlığın istiqamətləri müzakirə edilib. Tədbirin təşkilatçıları dünyanın 35 dövlətini (İngiltərə, İsrail, Çin Xalq Respublikası, ABŞ, Rusiya, Yaponiya, Braziliya və d.) təmsil edən arxeoloqların 46 videotəqdimatını Youtube videopaylaşma sistemindəki konqresin “Tumuli Eurasia” kanalında yerləşdiriblər.
Möhtəşəm beynəlxalq konqresdə Azərbaycanı, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, arxeoloq, tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımov təmsil edib. P.Qasımovun ingilis dilində olan “Orta tunc dövrünün sonundan İskit dövrünədək Avrasiya kurqanlarında qeyd edilmiş iki oxşarlıq barədə” (About two analogies fixed in the kurgans of Eurasia from the end of Middle Bronze to Scythian epoch) videotəqdimatı maraqla qarşılanıb. Təqdimatda Azərbaycanın Tovuz bölgəsindəki tunc dövrünə aid Topdağdağan kurqanlarında qeyd edilmiş iki ənənənin Avrasiyadakı paralelləri barədə faktlar konqres iştirakçılarının diqqətinə çatdırılıb.
Videotəqdimatda göstərilib ki, istifadədən çıxmış obsidian qaşovların, qüsura malik zoomorfik daş fiqurların, sınmış dən daşlarının və d. zədəli əşyaların bilərəkdən kurqanın daş örtüyünə yerləşdirilməsi adəti Topdağdağan kurqanlarında rast gəlinib. Eyni adət həm də Mərkəzi Asiyanın sak kurqanlarında izlənilib. Həmçinin, qəbir kamerasının üzərini dövrələyən dairəvi sədd həm Topdağdağan, həm də Cənubi Volqanın Srubnaya arxeoloji mədəniyyətinin və Cənubi Uralın erkən iskit kurqanlarında inşa edilirdi. Bu oxşarlıqların mənşəyi, bir elmi problem kimi videotəqdimatda alimlər qarşısında qaldırılıb.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.