Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



TOVUZUN VAHİDLİ KƏNDİNDƏ ARXEOLOJİ QAZINTILAR ZAMANI ORTA ƏSRLƏRƏ AİD YAŞAYIŞ EVİ AŞKAR EDİLİB

  29.05.2021

Mədəniyyət Nazirliyi və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ölkədə arxeoloji abidələrin mühafizəsi üçün qeydiyyatı və onların gələcək tədqiqatları ilə bağlı yeni layihə hazırlayır. Bu qəbildən Tovuzda da arxeoloji abidələrin yenidən tədqiqinə başlanılıb. Arxeoloji qazıntı işləri zamanı rayonun Vahidli kəndi ərazisində orta əsrlər mədəniyyətinə aid ev qalıqları aşkarlanıb. İlkin tədqiqatlara görə islam mədəniyyətinə aid olan tikililər ticarət yolunun üzərində inşa edilib. Hazırda ərazidə arxeoloji qazıntı işləri davam edir.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Ekspedisiya Qrupu Vahidli kəndində “Qaladüzü” adlanan ərazidə arxeoloji qazıntı işlərini davam etdirir. Burada XV əsrə aid olan Sultan Körpüsünün olması onu deməyə əsas verir ki, aşkar edilən orta əsrlərə aid evlər ticarət yolunun üzərində inşa edilib.
“Burada orta əsrlər dövrünü əks etdirən bir yaşayış yeri olmuşdur. İnsanlar burda sıx şəkildə, çox təşkil olunmuş vəziyyətdə, yaxşı yaşamışlar. Və bunu sübut edən qazıntı zamanı iki otaqlı evin tapılmasıdır. Burada qazıntılar zamanı məhz o dövrü əks etdirən materiallar, məişətdə istifadə edilən saxsı parçaları orta əsrə aid tikinti materialları və evin özünün konstruksiyası girişi damının və tavanının olmasını göstərən fraqmentlər hamısı orta əsrə aid olunub. Ev 16-17 əsrə aid yaşayış yeri olub. Hesab edirəm ki, çox sayda belə tikililər var”,- deyə AMEA-nın şöbə müdiri, ekspedisiyanın rəhbəri Fərhad Quliyev bildirib.
Qazıntılar zamanı tapılan evin təməli 60 sm enində, 80 sm dərinliyindədir. Burada arakəsmələr üçün taxta materialdan istifadə edilib. Evin dam örtüyünün kərpicdən olması da tapılan qalıqlardan müəyyən edilir. Ekspedisiya rəhbərinin sözlərinə görə bu yaşayış yerinin şəhər, yaxud, sadəcə kənd tipli olmasını gələcək tədqiqatlar zamanı müəyyən etmək mümkün olacaq. Ərazidən tapılan maddi mədəniyyət nümunələri isə AMEA-ya göndərilir. Ekspedisiyanın əsas rəyi odur ki, bu ərazi mütləq şəkildə mühafizə edilməlidir ki, gələcəkdə də elmi araşdırmalar, tədqiqat işləri aparılsın.




© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.