Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



DÜNYA ŞÖHRƏTLİ HƏMYERLİMİZ, ARXEOLOQ RAUF MUNÇAYEV ƏBƏDİYYƏTƏ QOVUŞDU

  06.07.2021

4 iyul 2021-ci il tarixində Moskvada həmyerlimiz, dünya şöhrətli arxeoloq Rauf Maqomedoviç Munçayev ömrünün 93-cü ilində vəfat etmişdir. Böyük alimin ölümü Rusiya, Azərbaycan və beynəlxalq elm üçün çox ağır itkidir.
Rauf Munçayev 1928-ci il sentyabrın 23-də Zaqatalada anadan olmuşdur. Onun uşaqlıq və yeniyetməlik illəri bu şəhərdə keçmişdir. Zaqatalada rus məktəbində orta təhsil almışdır. 1945-49-cu illərdə Dağıstan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsində, 1949-1953-cü illərdə Moskvada SSRİ EA Maddi Mədəniyyət İnstitutunun (indiki Arxeologiya İnstitutu) aspiranturasında arxeologiya ixtisası üzrə təhsil almışdır. 1953-cü ildə tarix elmləri namizədi, 1971-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir.
Ötən əsrin 60-cı illərində R.Munçayev ardıcıl olaraq Əfqanıstan, Bolqarıstan, Hindistan və Monqolustanda arxeoloji qazıntılarda iştirak edirdi. O, 1969-cu ildən 2010-cu ilədək qədim Mesopotamiya abidələrini tədqiq edən ilk Sovet-Rusiya arxeoloji ekspedisiyasının rəhbəri olmuşdur. Bu ekspedisiya 1985-ci ilə qədər İraqda, 1988-2010-cu illərdə isə Suriyada e.ə. VIII-III minilliklərə aid abidələrdə arxeoloji qazıntılar aparmışdır. Qeyd etmək lazımdır ki, ekspedisiyanın rəhbəri olan R.Munçayevin səyləri nəticəsində onun Azərbaycandan olan yaxın dostu və həmkarı İdeal Nərimanov da bu ekspedisiyanın tərkibinə daxil edilmişdir.
R.Munçayevin elmi yaradıcılığında Azərbaycan abidələrinə çox tez-tez müraciət edilmişdir. Naxçıvan, Qarabağ, Gəncə-Qazax, Muğan, Quba-Xaçmaz bölgələrində yayılmış neolit-tunc dövrü mədəniyyətləri R.Munçayevin əsərlərində dəfələrlə işıqlandırılmışdır. Hələ sovet dövründə nüfuzlu nəşr olan Böyük Sovet Ensiklopediyasında R.Munçayevin Azərbaycanın arxeoloji abidələri barədə məqalələri nəşr edilmişdir. O illərdə R.Munçayev tez-tez Azərbaycana elmi ezamiyyətlərə gəlir, burada aparılmış arxeoloji qazıntıların nəticələri ilə yaxından maraqlanır və Azərbaycandan olan həmkarları ilə birgə elmi məqalələr nəşr etdirirdi.
Doğma Vətəni Azərbaycanla sıx bağlı olan R.Munçayev yaşının az olmadığına baxmayaraq təkcə son illər 5 dəfə (2011, 2012, 2013-cü illərdə və 2016-cı ildə iki dəfə) Azərbaycana gəlmiş, burada keçirilən beynəlxalq konfranslarda və digər elmi tədbirlərdə iştirak etmiş, arxeoloji abidələrdə aparılan qazıntılarla yaxından tanış olmuşdur. Azərbaycanın arxeoloq kadrlarının yetişməsində də R.Munçayevin böyük xidmətləri vardır. O, hələ keçən əsrin 50-ci illərinin sonlarında özünün yaxın dostları olan İdeal Nərimanov, Cabbar Xəlilov və Teymur Bünyadovun Moskvada keçirilən namizədlik dissertasiyalarının müdafiələrinə təşkilati dəstək göstərməklə yanaşı onların elmi işlərinə opponentlik etmişdir. Sonralar bu alimlərin hər biri Azərbaycan arxeologiya və etnoqrafiya elmlərində məktəblər yaratmış görkəmli tədqiqatçılar oldular. 2016-cı ildə isə R.Munçayev bu sətirlərin müəllifinin doktorluq dissertasiyasına opponentlik etmiş, dəyərli elmi tövsiyələr vermişdir. Bundan əlavə, R.Munçayev bir neçə Azərbaycan aliminin dissertasiyalarının elmi rəhbəri olmuşdur.
R.Munçayev görkəmli alim olmaqla yanaşı, həm də çox bacarıqlı, yorulmaz elm təşkilatçısı olduğunu əməli fəaliyyəti ilə sübut etmişdir. O, 20 ildən artıq bir müddətdə (1968-1991) SSRİ kimi nəhəng bir ölkənin Elmlər Akademiyasının Arxeologiya İnstitutu direktorunun elmi işlər üzrə müavini vəzifəsində çalışmışdır. 1991-1994-cü illərdə artıq Rusiya EA-nın Arxeologiya İnstitutunun direktoru vəzifəsini icra etmiş, 1994-2003-cü illərdə isə həmin institutun direktoru vəzifəsində işləmişdir. R.Munçayev bu vəzifələrdə çalışdığı uzun illər ərzində Sovet-Rusiya arxeologiya elminin inkişafında, tədqiqatların genişlənməsində, elmi kadrların yetişməsində müstəsna xidmətlər göstərmişdir. Eyni zamanda, onu da qeyd etmək vacibdir ki, çox ağır dövrdə – keçən əsrin 90-cı illərində R.Munçayev bu institutun elmi potensialını qoruyub saxlamağı bacarmışdır.
Dünya şöhrətli arxeoloq R.Munçayev gərgin və məhsuldar elmi fəaliyyətinə görə Rusiya Federasiyasının bir sıra mükafatlarına layiq görülmüşdür. Bunlardan yalnız bəzilərini qeyd etmək yerinə düşər. Belə ki, o, 1998-ci ildə “Dostluq” ordeni, 2005-ci ildə “Kazanın 1000 illiyi xatirəsinə” medalı, 2009-cu ildə “Şərəf” ordeni ilə təltif edilmişdir. R.Munçayev 1982-ci ildə Dağıstan Respublikasının, 1989-cu ildə Rusiya Federasiyasının, 2008-ci ildə İnquşetiya Respublikasının Əməkdar elm xadimi fəxri adlarına layiq görülmüş, 2013-cü ildə isə Çeçenistan Respublikasının Elmlər Akademiyasının fəxri akademiki seçilmişdir. Görkəmli alim Qədim Mesopotamiyanın tədqiqində göstərdiyi xüsusi xidmətlərə görə 1999-cu ildə Rusiya Federasiyasının elm və texnika üzrə Dövlət Mükafatına layiq görülmüşdür. R.Munçayev 1985-ci ildən Almaniya Arxeologiya İnstitutunun müxbir üzvü, 1990-cı ildən isə İtaliyanın Afrika və Şərq İnstitutunun müxbir üzvü olmuşdur.
Görkəmli alim Rauf Munçayevin adı beynəlxalq arxeologiya elminin tarixində, xatirəsi onu sevənlərin qəlbində əbədi qalacaqdır.
Allah rəhmət eləsin.

Nəcəf Müseyibli,
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
elmi işlər üzrə direktor müavini,
tarix elmləri doktoru, professor



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.