Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



ARXEOLOQ ALİMİN AZƏRBAYCANDA ERKƏN ŞƏHƏR SİVİLİZASİYASI BARƏDƏ MƏQALƏSİ BEYNƏLXALQ ELMİ JURNALDA DƏRC EDİLİB

  12.07.2021

Web of Science və SCOPUS kimi beynəlxalq elmi bazalarında təmsil olunmuş Rusiya EA Sibir Bölməsinin Arxeologiya və Etnoqrafiya İnstitutunun iki dilli impakt faktorlu “Avrasiyanın arxeologiyası, etnoqrafiyası və antropologiyası”) (“Archaeology, Ethnology and Anthropology of Eurasia”/“Археология, этнография и антропология Евразии”) elmi jurnalının bu ilki 49-cu cildinin 2-ci sayında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Humanitar fənlər kafedrasının professoru, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, arxeoloq Hidayət Cəfərovun rus və ingilis dillərində “Azərbaycanda erkən şəhər sivilizasiyasının yaranması və formalalşması (sinifli cəmiyyətə keçidin bir sıra aspektləri)” adlı elmi məqaləsi dərc edilmişdir.
Məqalədə erkən şəhər mədəniyyəti ilə bağlı muhum elmi əhəmiyyət kəsb edən aktual problemlərə toxunulub. Məsələnin mürəkkəbliyi erkən yazılı mənbələrin yoxluğu ilə əlaqədardır. Buna görə də mövzunun işıqlandırılmasına arxeoloji materiallar cəlb edilib. Şəhər tipli erkən məskənlərin rüşeymlərinin, yəni erkən şəhər mədəniyyətinin köklərinin yaranmasına xüsusi olaraq diqqət yetirilib. Müəllif qeyd edir ki, aşkar edilmiş faktlar erkən şəhər mərkəzlərinin — sinifli cəmiyyətlərin müjdəçisinin formalaşma səbəbləri və zəmini barədə hipotez irəli sürməyə imkan yaratdı. Erkən şəhər tipli məskənlərin əsas müqqəddəm-şərtləri təsnif edilib: onların tutduğu sahə və strukturu, müdafiə tikililərinin mövcudluğu, sosial-iqtisadi və mədəni inkişaf durumu, bütün hakimiyyəti öz əlində cəmləşdirmiş hökmdarın varlığı, məcburiyyət aparatının varlığı, əhalinin kəmiyyəti və sıxlığı. Bu məskənlərdə sənətkarlıq istehsalının səviyyəsi və s. aspektlər də müşahidə edilir. Bu sırada misal kimi tunc dövrünə aid Füzuli rayonundakı Qaraköpəktəpə, Naxçıvanda Ovçulartəpə, II Kültəpə, Oğlantəpə, Ağdamda Üzərliktəpə, Çinartəpə, Qaratəpə, Misir Qışlağı, Qobustandakı Dairə, Güney Azərbaycandakı Göytəpə və Yanıqtəpə kimi ilkin şəhər tipli yaşayış məskənləri göstərilmişdir. Qədim Şərqin qabaqcıl mərkəzlərinin mədəni dəyərlərinin Cənubi Qafqazın qədim əhalisi tərəfindən mənimsənilməsi barədə tezis ilk dəfə olaraq əsaslandırılmışdır.
Tədqiq edilən mövzunun çərçivəsində Qarabağın son tunc dövrünün möhtəşəm kurqan abidələri diqqətdən keçirilib. Müəllifə görə, elmi ədəbiyyatda ilk dəfə irəli sürülən, faktlarla əsaslandırılan elit dəfnlərin erkən şəhər mərkəzləri ilə əlaqəsi ideyası ona əsaslanır ki, yalnız iri tayfa ittifaqlarının və erkən sinifli cəmiyyətin başçıları məhz bu çeşiddən olan möhtəşəm dəfnlərə iddialı ola bilərdilər. Bu qəbildən e.ə. II minilliyin ikinci yarısına aid, Qarabağ ərazisindəki Sarıçoban (Ağdam), Borsunlu və Bəyimsarov (Tərtər) kimi möhtəşəm kurqan tipli abidələrin quruluşu və zəngin materialları barədə məlumat oxucuların diqqətinə çatdırılmışdır.



© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.