Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi


XƏBƏRLƏR



SARIYOXUŞ DƏRƏSİ KURQANLARINDA APARILMIŞ QAZINTILAR

  26.07.2021

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə həyata keçirilən “Keşikçidağda elmi –arxeoloji qazıntılar və yay məktəbi “adlı lahiyə çərçivəsində arxeoloji tədqiqatlar yeni mərhələyə qədəm qoymuşdur. “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun (Keşikçidağ DTMQ) ərazisinə daxil Sarıyoxuş dərəsindəki 1 və 2 saylı daş örtüklü kurqanlarda AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Pərviz Qasımovun rəhbərliyi altında arxeoloji tədqiqatlar aparılmışdır.
Qeyd edək ki, bu kurqanlar Keşikçidağ DTMQ-nun ərazisində 2020 –ci ilin dekabrın sonundan 2021-ci ilin fevral ayına qədər aparılmış arxeoloji xilastmə işləri və arxeoloji kəşfiyyat müddətində qeydə alınmış, GPS koordinatları götürülmüşdür. Kurqanlar Candar gölünə yaxın hündür ərazidə yerləşmişlər.
Tarixən şimaldan və cənubdan iri miqrasiyaların daşıdığı mədəniyyətlər, dini-ideoloji baxışlar, innovativ sosial və texnoloji ideyalar Sarıyoxuş dərəsinin daxil olduğu nəhəng Ceyrançöl zolağı boyunca hərəkətdə olmuşdur. Tunc və İlk dəmir dövründə arealın otlaqlar üçün yararlığı, təbiətinin zənginliyi, su mənbələrinin yaxınlığı və xüsusilə də ticari karvan yollarının bu ərazidən keçməsi qədim tayfalar üçün konkret olaraq Sarıyoxuş, Karvan və Qaltan dərələrinin strateji əhəmiyyətini artırırdı.
Bu məkana sahiblənən Tunc dövrünün tayfaları bu ərazilərə öz sərhəd və mülkiyyət nişanını qoyurdu. Öz dövrü üçün ən funksional sərhəd və mülkiyyət markeri — kurqan tipli qəbir abidələri idi. Tayfaların hakim təbəqəsinə daxil nümayəndələrin kurqan tipli qəbir abidələrində dəfni ərazilərin kimin mülkiyyəti olmasını bildirirdi. Digər tərəfdən, kurqan —mümkün rəqiblərə kurqanlarda uyuyan əcdadlarının toxunulmazlığının təmin edilməsi üçün döyüşməyin bir şərəf məsələsi olması barədə ərazinin sahibi olan tayfa birliyinin xəbərdarlıq ismaricini daşıyırdı.
Hər iki kurqan Ağstafa-Poylu-Gürcüstan Respublikası avtomobil yolunun 39 km-də Keşikçidağ DTMQ-ə tərəf ayrılan hissəsinin 7 km-də yerləşmişdir. Şimal- cənub xətti boyu16 m, şərq-qərb boyu 14 m ölçülərə malik Sarıyoxuş dərəsi 1 saylı kurqanın tədqiqatları zamanı daş örtüyün altında Son Tunc - İlk Dəmir dövrünə aid zəngin dəfn aşkar edilmişdir. İlkin tədqiqatlar zamanı dəfn kamerasında Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti üçün xarakterik olan “o dünya üçün azuqə” kimi skeletin kəllə nahiyəsi tərəfində qara cilalı, üzəri naxışlı bir neçə küpə, kiçik buynuzlu ev heyvanlarının bişmiş tikələrinin sümük qalıqları, tuncdan qılınc, dəvə gözü daşından (obsidian) və çaxmaq daşından ox ucluqları, ülgüclər, geyimin tuncdan aksessuarları qeydə alınıb.
Göstərilmiş abidədən şimal-şərq istiqamətində təqribən 20 metr məsafədə, 7 metr hündürlükdə və ümumi diametri təqribən 18 m olan Sarıyoxuş dərəsi 2 saylı kurqan yerləşmişdir. Kurqanın daş örtüyü bütünlüklə götürüldükdən sonra uzunluğu təqribən 6 m, eni 2 m olan cənub-qərbdən, şimal-şərqə uzanan üzəri simmetrik olaraq iri daş plitələrlə örtülmüş dəfn kamerası aşkar edildi. Tədqiqatlar iri daş plitələrin altında, təqribən 2.6 m dərinlikdə dəfnin icra olunduğunu göstərdi. Qəbir kamerası təqribən ortadan iki hissəyə bölünmüşdür: cənub-qərb hissədə qara cilalı iri və orta ölçülü, üzərində şevron və “dırnaq” naxışları olan küpələrin və dopular, həmçinin, qurban gətirilmiş müxtəlif iri və xırda buynuzlu ev heyvanlarının qalıqlarının yerləşdirildiyi qurbangah qurulmuşdu. Qurbangahla əsas dəfnin arasında dağdağan ağacından arakəsmə var idi. Ehtimal ki, yüksək sosial statusa malik qədim tayfa nümayəndəsini (tayfa başçısını) dizlərdən bükülü, “dua pozasında” dəfn kamerasının şimal-şərq hissəsində ağacdan qurulmuş taxtın üzərində yerləşdirmişlər. Taxt dörd tərəfdən ağac kəsimləri ilə haşiyələnmişdir. Skeletləşmiş insan qalıqlarının yanında tuncdan qılınc, qılınc qınının tuncdan sonluğu, obsidian və çaxmaq daşından ox ucluqları, olduqca yaxşı qalmış qapaqlı küpə aşkar edilmişdir.
Hər iki dəfnə yerləşdirilmiş maddi mədəniyyət nümunələrinin tipoloji xüsusiyyətlərinə görə, Sarıyoxuş dərəsi 1 və 2 saylı kurqanlarını Son Tunc - İlk Dəmir dövründə mövcud olmuş Xocalı-Gədəbəy mədəniyyətinin e.ə. 13-10 əsrlərə aid mərhələsi ilə dövrləşməsini ehtimal etmək olar. Üzvü tapıntılardan götürülmüş nümunələrin radiokarbon analizləri abidələrin tarixlənməsini daha da konkretləşdirə bilər.
İlkin araşdırmalar zamanı Sarıyoxuş dərəsi 2 saylı kurqanın dəfn kamerasındakı skeletin boyun nahiyəsində aşkar edilmiş əqiqdən və saxsı pastadan boyunbağı muncuqları arasında, öz dövründə Qədim Şərqdə geniş istifadə olunan silindrik möhür xüsusi olaraq diqqəti çəkməkdədir. Möhürdən çıxarılmış həkk üzərindəki təsvirlər Ön Asiyadakı Mitanni (hurri) imperiyasının ən yüksək inkişaf dövrünün (e.ə. 15-13-cü əsrlərdəki) qliptika (oyma və yonma işi) üslubundadır. Silindrik möhürün aşkar edilməsi ilk növbədə burada dəfn olunmuş fərdin tayfa daxilində tutduğu yüksək sosial statusunu göstərməkdədir. Xüsusi sifarişlə hazırlanmış və Ön Asiya ərazisindən gətirilmiş bu möhürlə siyasi və iqtisadi sənədlər təsdiq edilir, əcnəbi tacirlərin tayfanın nəzarəti altında olan ərazilərində təhlükəsizliyi təmin edilirdi. Digər tərəfdən, silindrik möhür e.ə. II minilliyin ikinci yarısı və I minilliyin əvvəlində Şimali Azərbaycan ərazisində sinifli cəmiyyətlərin və dövrünə uyğun dövlət quruluşunun mövcudluğunun göstəricisidir.
Sarıyoxuş dərəsinin göstərilən kurqanlarında tədqiqatların son mərhələsində məlum oldu ki, 1 saylı kurqanda dəfn edilmiş Son Tunc dövrünün yerli tayfalarının hakim təbəqə nümayəndəsi tuncdan ucluğa malik oxla öldürülmüşdür. Belə ki, göstərilən kurqanda dəfn edilmiş insanın qalıqlarının tədqiq zamanı alt çənə sümüyünün sağ tərəfinin qanadvari qabarıqlıq hissəsi (tuberositas pterygoidea) üzərində saplaqlı tunc ox ucluğu aşkar edildi.
Həmçinin, ərazinin arxeoloji kəşfiyyat zamanı Sarıyoxuş və Karvan dərələrinin sərhədlərinin kəsişməsində “Ceyran çuxuru” adlanan ərazidə daha 3 daş örtüklü və 1 torpaq kurqan tipli qəbir abidələri qeydə alınmışdır.




© AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Bütün hüquqlar qorunur.